Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avstraliya 1712-ci ildə ölkə sahillərində batan “Zuytdorp” gəmisindən oğurlanaraq xaricə aparılan 23 tarixi sikkəni geri qaytarıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, oğurlanmış daha bir neçə onlarla sikkə isə ölkə ərazisində aşkarlanıb.
Niderlandın Ost-Hind şirkətinə məxsus “Zuytdorp” gəmisi 1712-ci ildə Qərbi Avstraliya sahillərində batıb. Gəmi indiki Cakarta şəhərinə gümüş sikkələr daşıyırmış. 1972-ci ildə Niderland həmin sahillərdə batmış gəmilər və onların yükləri üzərində mülkiyyət hüququnu Avstraliyaya verib.
Avstraliyanın iqlim dəyişikliyi və energetika məsələləri üzrə nazirinin köməkçisi Coş Uilson bildirib ki, sikkələrin əsl dəyəri onların dənizçilik tarixi ilə bağlılığındadır.
Oğurluqla bağlı istintaq sikkələrin 2019–2021-ci illərdə hərraclarda kütləvi şəkildə satışa çıxarılmasından sonra başlayıb. Sikkələrdən ikisi Amsterdamda keçirilən hərracda müsadirə edilib, digərləri isə ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən Kaliforniyada aşkarlanıb.
Avstraliya hökumətinin məlumatına görə, bu, ölkədən qanunsuz çıxarılmış sualtı mədəni irs nümunələrinin cinayət istintaqı nəticəsində geri qaytarıldığı ilk hadisədir.
Sikkələr Frimantl şəhərində yerləşən Qərbi Avstraliya Gəmi Qəzaları Muzeyinə təhvil veriləcək.
Digər sikkələr isə Avstraliyanın qərbində yerləşən Ceraldton bölgəsində aparılan axtarışlar zamanı tapılıb. Yerli sakinlərdən biri sualtı mədəni irsin qorunması haqqında qanunu dörd epizod üzrə pozduğunu etiraf edib. Onun barəsində hökmün 2027-ci ilin əvvəlində çıxarılması gözlənilir.