Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 2026-cı il üçün 300 manat müəyyən edilib.
Məlumat üçün bildirək ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma hesab olunur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır.
Azərbaycanda hökumət yaşayış minimumunu demək olar ki, hər il müəyyən səviyyədə, mərhələli şəkildə artırır. Məsələn, 2017-ci ildə 155 manat olan bu göstərici 2018-ci ildə 173, 2019-cu ildə 180, 2020-ci ildə 190, 2021-ci ildə 196, 2022-ci ildə 210, 2023-cü ildə 246, 2024-cü ildə 270, 2025-ci ildə 285 manat olub.
Lakin ölkədə ərzaq və gündəlik istehlak məhsullarının qiymətlərindəki artım fonunda bu məbləğin vətəndaşların real minimum xərclərini nə dərəcədə qarşıladığı sual doğurur. Çünki ölkədəki inflyasiya fonunda artan ərzaq, kommunal xidmətlər, nəqliyyat, geyim və digər zəruri ehtiyacların qiyməti nəzərə alındıqda, bu gün aztəminatlı ailələrin aylıq büdcəsinə düşən yük də artıb.
İqtisadçı Xalid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, yaşayış minimumunun məbləğinin kifayət edib-etmədiyini konkret hesablamalar aparmadan söyləmək çətindir.
Xalid Kərimli bildirib ki, yaşayış minimumunun hesablanması üçün Nazirlər Kabinetinin müvafiq qərarları və müəyyən edilmiş istehlak səbətinin tərkibi əsas götürülür. Bu səbətə ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər daxildir.
İqtisadçının sözlərinə görə, həmin tərkib üzrə bir nəfər üçün illik istehlak normaları müəyyən edilir: "Məsələn, il ərzində nə qədər ət, yumurta və digər ərzaq məhsullarının istehlak edilməli olduğu nəzərə alınır. Daha sonra bu normalar məhsulların orta qiymətlərinə vurularaq yaşayış minimumunun məbləği hesablanır. Orada bir insanın illik normativləri var. Nə qədər yumurta yeməlidir, nə qədər ət yeməlidir və sair. Bu, minimumdur. Onu da orta qiymətə vururlar, qiymət dəyişikliklərini nəzərə alıb təqdim edirlər".
İqtisadçı qeyd edib ki, 2027-ci il üçün yaşayış minimumu da eyni metodologiya əsasında yenidən hesablanacaq və qiymət dəyişiklikləri nəzərə alınacaq.
Maraqlıdır ümumi qəbul edilən 300 manatlıq minimum yaşam norması real yaşayış xərclərini nə qədər əks etdirir və ya bir nəfərin aylıq minimum yaşam xərcinin dəyəri bu günkü qiymətlər neçə manat edir?
Nazirlər Kabinetinin 2014-cü ildə təsdiqlədiyi istehlak səbətindəki normalara əsasən hesablama apardıq:
Məhsul-xidmətlər Minimum illik norma Vahid qiymət Aylıq qiymət - Çörək və çörək məmulatları 136.8 kq 1.04 23.92 - Kartof 54.8 kq 1.5 6.85 - Tərəvəz və bostan məhsulları 97.2 kq 1.85 15 - Meyvə və giləmeyvə 38.0 kq 4.13 13 - Ət və ət məmulatları 32.9 kq 13.05 35 - Süd və süd məhsulları 223.6 kq 10.53 54 - Balıq və balıq məhsulları 7.7 kq 7.72 4.95 - Yumurta 150 ədəd 0.182 2.27 - Şəkər və qənnadı məmulatları 16.9 kq 5.33 7.50 - Bitki yağı, marqarin 10.9 kq 8.59 7.80 - Kərə yağı 7.0 kq 23.7 13.8 - Digər məmulatlar 4.7 kq 7.96 3 Geyim və ayaqqabı: - Palto tipli üst geyimləri 3 ədəd / 8 il 140.8 4.40 - Kostyum tipli üst geyimləri 9 ədəd / 4.2 il 32.0 5.72 - Alt geyimləri 9 ədəd / 2.5il 20.0 6 - Corab məmulatları 7 cüt / 1.5il 2.0 2 - Baş geyimləri və xırdavat 4 ədəd / 5il 15.0 1 - Ayaqqabı 6 cüt /3.5il 40.0 5.72 Məişət və digər xidmətlər: - Məktəb-yazı ləvazimatları 3 ədəd/1il 2.46 0.6 - Yataq ləvazimatları 11 ədəd/7.1il 62.0 0.5 - Mədəni-məişət və təsərrüfat mallar 14ədəd/10.2il 15 - İlkin təlabat / sanitar əşyalar (illikxərclərin10%i) 20 Kommunal xidmətlər: - Su təchizatı 5m³/ay 0.7 3.50 - Kanalizasiya 5m³/ay 0.3 1.5 - Qaz təchizatı 21m³/ay 12.5 2.60 - Elektrik təchizatı 50 kVt/s/ay 8.4 4.20 Nəqliyyat 692 gediş/il 0.60 34 - Rabitə — — 8.57 - İnternet xidmətləri — — 13.7
Qeyd edək ki, bir nəfər üçün müəyyən edilmiş illik istehlak normaları və məhsulların hazırkı vahid qiymətləri əsasında hesablandıqda, yalnız ərzaq xərcləri ayda 187,09 manat təşkil edir. Geyim və ayaqqabı xərcləri aylıq orta hesabla 24,84 manat, məişət və digər zəruri xərclər 36,10 manat, su, kanalizasiya, qaz və elektrik xərcləri isə 11,80 manat təşkil edir. Bununla yanaşı, nəqliyyata ayda 34 manat, rabitəyə 8,57 manat, internetə isə 13,70 manat minimum xərc tələb olunur.
Beləliklə, bir nəfərin sadalanan əsas ehtiyacları üzrə aylıq minimum xərci 316,10 manat təşkil edir.
Ancaq qanunvericiliyə görə, digər xidmətlər üçün (səhiyyə, təhsil, istirahət və s.) bütün xidmətlərə xərclənən aylıq vəsatin 15 %-i bu sahəyə yönəldilməlidir.
Yəni, 15 faiz ehtiyat payı da əlavə edildikdə aylıq minimum yaşam xərci əslində 363,52 manata yüksəlir.
Elvin Bəyməmmədli
"AzPolitika.info"