Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Rusiyada böyük seçki kampaniyalarının təşkilində mühüm rol oynayan yüksək vəzifəli məmur Aleksandr Xariçev və ailəsinin sərvəti barədə yeni araşdırma yayımlanıb. Araşdırma müəllifləri ailənin bahalı daşınmaz əmlakı ilə yanaşı, dövlət tərəfindən maliyyələşdirilən layihələrlə əlaqələrinə də diqqət çəkirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasına görə, Xariçev ailəsi Moskvadakı elit “Anqlijski kvartal” yaşayış kompleksində ümumi sahəsi təxminən 370 kvadratmetr olan üç mənzilə sahibdir.
FBK onların ümumi dəyərini təxminən 300 milyon rubl qiymətləndirir. Araşdırma müəlliflərinin hesablamasına görə, bu məbləğ Xariçevin dövlət qulluğunda 20 il ərzində əldə etdiyi rəsmi gəlirdən çoxdur.
Xariçev Rusiyada sosial proseslərin monitorinqi və təhlili ilə məşğul olan idarəyə rəhbərlik edir və FBK onu 2018-ci ildən bəri ölkədə keçirilən iri seçki kampaniyalarının əsas kuratorlarından biri kimi təqdim edir.
Araşdırmada məmurun həyat yoldaşının sahib olduğu şirkətə də xüsusi diqqət ayrılıb. FBK-nın iddiasına görə, şirkət bir tərəfdən regionlarda tikinti biznesi ilə məşğul olur, digər tərəfdən isə Rusiya Mədəniyyət Nazirliyi və Kino Fondundan maliyyə alan filmlərin istehsalında iştirak edir.
Xariçevin qızı həmin filmlərin bir qisminin rejissoru və prodüseri kimi göstərilir.
Araşdırmanın ən diqqətçəkən detallarından biri isə məmurun həyat yoldaşının Wildberries-də art-direktor işləməsi və ayda 10 milyon rubldan çox maaş alması barədə iddiadır.
FBK bildirir ki, o, bu vəzifəyə 2024-cü ilin sonunda, Wildberries ətrafında mülkiyyət və idarəçilik mübahisələrinin yaşandığı dövrdə təyin olunub. Araşdırma müəllifləri həmin proseslərlə dövlət strukturlarının fəaliyyəti arasında əlaqə olduğunu iddia edirlər.
Beləliklə, FBK araşdırmasında Xariçev ailəsinin yüz milyonlarla rublluq daşınmaz əmlakı, dövlət maliyyəsi alan kino layihələri və həyat yoldaşının yüksək maaşlı vəzifəsi arasında mümkün maraqlar əlaqəsinin olub-olmadığı sualı qaldırılır.