Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Hər il oktyabrın 31-də dünyada Beynəlxalq Əmanət Günü qeyd olunur. Bu günün məqsədi əhali arasında qənaətcillik mədəniyyətini təşviq etmək, maliyyə savadlılığını artırmaq və əmanətlərin əhəmiyyəti barədə ictimai məlumatlılığı gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əmanət Günü 1924-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində 29 ölkənin iştirak etdiyi Beynəlxalq Əmanət Banklarının Birinci Konqresində təsis edilib. Həmin vaxtdan etibarən bu gün insanların gəlirlərinin bir hissəsini gələcək ehtiyacları üçün qoruyub saxlamağa təşviq edən əlamətdar tarix kimi qeyd olunur. Ölkəmizdə isə ilk dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü ilə 2012-ci ildə qeyd edilib.
Əmanətlərin formalaşdırılması şəxsi maliyyə təhlükəsizliyinin təmin edilməsində, gözlənilməz xərclərə hazırlıqlı olmaqda və uzunmüddətli maliyyə məqsədlərinə nail olmaqda mühüm rol oynayır. Eyni zamanda, əmanətlər bank sektorunun inkişafına və ölkə iqtisadiyyatında maliyyə resurslarının artmasına töhfə verir.
Yığım maliyyə təhlükəsizliyinin və rifahının əsas sütunlarından biridir. Müntəzəm yığım vərdişi fərdlərə gözlənilməz vəziyyətlərə hazır olmaq, maliyyə məqsədlərinə daha rahat çatmaq və gələcəklərini daha inamla planlaşdırmaq imkanı yaradır. Məbləğin böyük və ya kiçik olmasından asılı olmayaraq vacib olan yığıma başlamaq və bu vərdişi davamlı etməkdir.
Beynəlxalq Əmanət Günü hər kəsi maliyyə vəsaitlərindən səmərəli istifadə etməyə, qənaətcillik vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirməyə çağırır. Hər kəsi maliyyə gələcəyini düşünməli və yığım vərdişlərini inkişaf etdirməlidir.