Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Artıq Ağdamın işğal gününü qeyd etmirik
Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonu uzun illər Ermənistanın işğalı altında qalıb. 1993-cü il iyulun 23-də Ağdam şəhəri də daxil olmaqla rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Bu gün həmin ağrılı-acılı hadisələrdən 33 il ötür...
XVIII əsrdə təməli atılan şəhər...
Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir. Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. Onlardan XIX əsrdə tikilmiş türbəni, Xanoğlu türbəsini, Pənah xanın türbəsini və imarətini, iki sandığabənzər abidəni və XV əsrə aid Sərdabəni qeyd etmək olar.
33 il öncə Ermənistan tərəfindən rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri işğal edildi. Ermənilər qadın, uşaq və yaşlılara fərq qoymadan dinc insanları vəhşicəsinə qətlə yetirərək insanlığa qarşı cinayətlər törətdilər. Rayonun müdafiəsi uğrunda erməni işğalçılarına qarşı 5 ildən artıq gedən döyüşlərdə 5 min 897 nəfər şəhid olub, 3 min 531 nəfər yaralanıb. İşğal dövründə rayona 13 milyard 135 milyon dollar məbləğində ziyan dəyib.
Rayonun inzibati ərazisinə 1 şəhər, 14 qəsəbə, 123 kənd daxildir. Rayon mərkəzi Qarqar çayından 3 kilometr məsafədə - Qarabağ düzünün cənub-şərqində yerləşir. İşğaldan əvvəl Ağdamın 143 min nəfər əhalisi olub. Rayonun işğal edilmiş ərazisində 38 kolxoz və sovxoz, 24 tikinti təşkilatı, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 99 klub olub. Qədim tarixə malik Qarağacı qəbiristanlığı, Xocalı soyqırımı qurbanlarının da dəfn edildiyi I və II Şəhidlər xiyabanları erməni vəhşiliyinə məruz qalıb.
Ağdam Bakıdan sonra ölkəmizdə ən çox qalereyaya, sərgi salonlarına və muzey eksponatlarına malik ikinci şəhər olub. Rayon ərazisində qeydiyyatda olan 134 tarix mədəniyyət abidəsi, 4 dünya, 2 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə olub. Həmin abidələrin 75-i işğal zonasında qalmışdı. İşğaldan əvvəl rayon ərazisində 3 min 6 hektar meşə sahəsi mövcud idi. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, həmçinin 44,708 min tonluq Boyəhmədli və 25, 197 min tonluq Şorbulaq gil yataqları işğal altında qalmışdı.
Ağdamlılar doğma yurda qayıdacaqlarına inanırdılar...
İşğal dövründə ağdamlı məcburi köçkünlərin sosial təminatı və mənzil şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin sentyabrında imzaladığı fərmanla Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Ergi ərazilərində 500 mənzillik yaşayış qəsəbələri salındı. Bu məhəllələrdə bütün lazımi kommunal xidmətlər təşkil olundu, məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər infrastruktur obyektləri istifadəyə verildi. 2004-cü il fevralın 4-də isə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, çadır şəhərciklərində və yük vaqonlarında məskunlaşmış 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi rayonlarında yeni yaşayış məntəqələri salındı. Bu ailələrə maliyyə yardımı göstərildi, torpaq sahələri ayrıldı və məşğulluqlarının təmin olunması üçün zəruri tədbirlər həyata keçirildi.
Məcburi köçkünlük həyatı yaşasalar da, ağdamlılar daim inanırdılar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətlənən dövlətimizin üçrəngli bayrağı yenidən Ağdamda və digər işğal olunmuş torpaqlarda dalğalanacaq. Nəhayət, həmin gün gəldi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əzəli torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsi zamanı kəndbəkənd, qarışbaqarış torpaqlar azad olundu.
Nəticədə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusunun gücü qarşısında müqavimət göstərməyin mümkünsüz olduğunu anlayaraq, 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana döyüşsüz qaytarıldı. Beləliklə, 27 il işğal altında olan Ağdam rayonu qan tökülmədən azad edildi və Azərbaycan Ordusu həmin gün rayona daxil oldu. Ermənistanın işğalçı ordusunun işğalı altında olduğu 27 ildən artıq dövrdə rayon ərazisində daş üstündə daş qalmamışdı. Bir vaxtlar gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Qarabağın baş qapısı sayılan Ağdam ölü şəhəri xatırladırdı. Təsadüfi deyil ki, bir sıra xarici KİV-lərdə onu obrazlı olaraq “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırmışdılar.
Yeniləşən Ağdam!
2020-ci il noyabrın 23-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı şəhərdə Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Ötən 5 ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub.
Bundan əlavə, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Artıq bir neçə ildir ki, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Ağdama da insanların dönüşü başlayıb. Belə ki, ilk olaraq rayonun bir neçə kəndinə Böyük Qayıdış reallaşıb. 2025-ci ilin dekabrında isə Ağdam şəhərinə ilk köç baş tutub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Beləliklə, yenidən qurulan müasir şəhər illərdən bəri doğma yurda qayıtmaq arzusu ilə yaşayan sakinlərə öz qapısını açıb. Rayonda gedən tikinti-quruculuq işləri isə getdikcə yeni vüsət alır - sosial obyektlər, binalar və mənzillər tikilir, abad küçə və prospektlər salınır. Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış Ağdamda sıralanan evlərin ağ damları onun yenə də abad, müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.
Nardar BAYRAMLI