33 minlik fırıldaq: Beş uşaq anası...

05.10.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərədə yaşayan beş uşaq anası, pərəstişkarı olduğu Hollivud ulduzu Bredli Kuper olduğuna inandığı şəxs tərəfindən evlilik vədi ilə aldadılıb.

“Cebheinfo.az” xəbər verir ki, 49 yaşlı Lorraine Moorhouse 51 yaşlı aktyor Bredli Kuper olduğunu düşündüyü fırıldaqçıya 33 min funt sterlinq verib.

2017-ci ildə boşanan və məktəbdə çalışan qadının başına gələn hadisə Bredli Kuperin fan səhifələrindən birində “Çox yaraşıqlıdır” şərhini yazması ilə başlayıb.

Bundan sonra özünü Kuper kimi təqdim edən şəxs ona “Facebook” vasitəsilə mesaj göndərib. Fırıldaqçı əvvəlcə Lorraine ilə Parisdə görüşəcəyini vəd edib.

Daha sonra görüş üçün nəzərdə tutulan “paketin” qiymətinin 4 min 500 funt sterlinq olduğunu deyərək qadından pul alıb. Lakin görüş son anda “xəstəlik” bəhanəsi ilə ləğv edilib.

Bundan sonra onlar daha iki il ərzində hər gün yazışıblar. Fırıldaqçı Lorraineni inandırmaq üçün ona saxta pasport və bank sənədləri də göndərib.

O, qadınla evlənmək, övlad sahibi olmaq və birlikdə ev almaq istədiyini bildirib.

Daha sonra hesablarının dondurulduğunu iddia edən fırıldaqçı Lorrainedən mütəmadi olaraq pul istəyib.

Qadın hətta Milad bayramından əvvəl Bredli Kuperlə görüşəcəyini və birlikdə tətil keçirəcəyini düşünərək uşaqları ilə birlikdə əvvəlcədən razılaşdırılmış ünvana gedib.

Lakin orada heç kim olmayıb. Lorraine həmin gecə aldadıldığını anlayıb.

Pulunu geri ala bilməyən qadın maddi çətinliklə üzləşib və dolanışığını təmin etmək üçün avtomobilini satıb.

O, hadisənin ictimailəşməsindən qorxduğu üçün polisə yalnız iki il sonra müraciət edə bildiyini bildirib. Çünki fırıldaqçı bu müddət ərzində də onunla əlaqə saxlayaraq sevdiyini iddia edib.

Lorraine açıqlamasında, “Bredlinin bu hadisədə günahı yoxdur. Mən onu hələ də sevirəm. İnsanların diqqətli olması üçün hekayəmi danışmaq istədim”, - deyə qeyd edib. 

Qeyd edək ki, 2024-cü ildə Fransada da buna bənzər hadisə baş vermişdi. Anne adlı qadın süni intellektlə hazırlanmış saxta xəstəxana görüntülərindən istifadə edən və özünü Hollivud aktyoru Bred Pitt kimi təqdim edən fırıldaqçıya inanaraq təxminən 830 min avro itirmişdi.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью