33 ölkədən vətəndaşlarına çağırış “Evdə ərzaq ehtiyatı yaradın!”

05.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada artan müharibə təhlükəsi, təbii fəlakətlər və kiberhücumlar bir sıra ölkələri ehtiyat tədbirləri görməyə vadar edib. ABŞ, İngiltərə və Avropa İttifaqına üzv dövlətlərin də daxil olduğu 33 ölkə vətəndaşlarına fövqəladə hallar üçün ərzaq, su və digər vacib vasitələrdən ibarət ehtiyat hazırlamağı tövsiyə edib.

“Yeni Sabah” xəbər verir ki, hökumətlər mümkün böhranlar zamanı əhalinin hazırlıqlı olması üçün yeni tədbirlər həyata keçirirlər. Fransada baş verən kiberhücumlar və müxtəlif bölgələrdə davam edən münaqişələr təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Bu səbəbdən bir çox ölkə vətəndaşlarına ən azı bir neçə günlük ehtiyat yaratmaq çağırışı edib.

Avropa Komissiyası vətəndaşlara ən azı 72 saat kifayət edəcək ərzaq, içməli su, fənər, radio və dərman ehtiyatı saxlamağı tövsiyə edib. İngiltərə “Be Ready” (“Hazır ol”) adlı maarifləndirmə kampaniyası başladaraq əhaliyə 3 günlük ərzaq və nağd pul ehtiyatı yaratmağı məsləhət görüb. Almaniyanın Federal Mülki Müdafiə İdarəsi isə mümkün hücumlar və xidmətlərin dayanması hallarına qarşı hər nəfər üçün gündəlik 1,5 litr su və konserv məhsulları saxlamağı tövsiyə edib. Sezar pizza

Avropa Komissiyasının açıqlamasında bildirilib ki, qitə getdikcə daha mürəkkəb böhranlarla üzləşir. Buna görə də Avropanın belə vəziyyətlərə davamlılığını artırmaq üçün konkret tədbirlər görülür. Avropa Komissiyasının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə üzvü Hadja Lahbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda vətəndaşlar üçün hazırlanmış yeni təlimatı təqdim edib. Təlimatda qeyd olunur ki, dövlət qurumlarının köməyi çatana qədər ilk 3 gün ərzində insanlar əsas ehtiyaclarını özləri qarşılaya bilməlidirlər.

Fransada təxminən 40 marketin soyutma sistemlərinin kiberhücuma məruz qalması və nəticədə tonlarla ərzağın məhv edilməsi qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. “Newsweek” jurnalının üz qabığında da yer alan bu hadisə bir daha göstərib ki, hibrid müharibələr, kəskin hava hadisələri və vacib infrastruktura qarşı kiberhücumlar dövlətlərin ehtiyat tədbirlərini gücləndirməsinin əsas səbəblərindəndir.

Vətəndaşlarına üç gündən iki həftəyədək ərzaq və digər vacib vasitələrdən ibarət ehtiyat hazırlamağı tövsiyə edən ölkələr bunlardır:

Avropa: Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Avstriya, İsveçrə və Xorvatiya.

Şimali Amerika: Kanada, Meksika və ABŞ.

Cənubi Amerika: Çili, Kolumbiya, Argentina və Braziliya.

Afrika: Cənubi Afrika Respublikası.

Asiya: Yaponiya, Tayvan, İsrail, Hindistan, Filippin və Sinqapur.

Avstraliya və Okeaniya: Avstraliya və Yeni Zelandiya.

“Guardian” qəzetinin məlumatına görə, ölkələrin fövqəladə hallar üçün tövsiyələri bir-birindən fərqlənir. Böyük Britaniya: “Be Ready” proqramı çərçivəsində vətəndaşlara üç gün üçün kifayət edəcək 9 litr su, uzun müddət xarab olmayan ərzaq, dərman və əl fənəri saxlamaq tövsiyə olunub.

Yaponiya: Təbii fəlakətlərə qarşı ən azı üç günlük ərzaq ehtiyatı yaradılması istənilib. Ölkədə yeni Fəlakətlərin İdarə Edilməsi Agentliyinin fəaliyyətə başlaması da nəzərdə tutulub.

Fransa: Vətəndaşlara üç günlük ehtiyatla yanaşı, içərisində nağd pul, vacib sənədlərin surətləri, ev və avtomobil açarlarının ehtiyat nüsxələri olan fövqəladə vəziyyət çantası hazırlamaq tövsiyə edilib.

Almaniya: Əhaliyə 10 gün kifayət edəcək konserv məhsulları ehtiyatı saxlamaq məsləhət görülüb.

ABŞ: 2003-cü ildə yayımlanan fövqəladə hallar üzrə tövsiyələr yenilənib. Vətəndaşlardan üç günlük ərzaq ehtiyatı ilə yanaşı, hər nəfər üçün 3,8 litr su, fit və əl fənəri saxlamaq istənilib.

Norveç: Ərzaq, içməli su və dərmanlarla yanaşı, yuxu kisəsi və şam da ehtiyatda saxlanılmalıdır.

Danimarka: Əhaliyə üç günlük qida planı təqdim edilib. Siyahıya 500 qram xırtıldayan çörək, 300 qram pomidor sousunda konservləşdirilmiş skumbriya balığı, 300 qram noxud və lobya, 500 qram makaron, 500 qram yarma və ya digər dənli məhsul, 1,5 kiloqram konservləşdirilmiş tərəvəz, 100 qram quru meyvə və çərəz, həmçinin bitki yağı daxildir.

Hindistan: Fövqəladə vəziyyət çantasında batareya ilə işləyən fənər, suyu təmizləmək üçün xlor həbləri, ilk yardım kitabçası və möhkəm kəndir olması tövsiyə edilib. Həmçinin insanlara susuzluq yaratdığı üçün çox duzlu və ədviyyatlı yeməklərdən uzaq durmaq məsləhət görülüb.

Niderland: Əhaliyə ərzaq, su və dərmanlarla yanaşı, nağd pul da saxlamaq tövsiyə olunub.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью