Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib
Azərbaycan dövləti və xalqı İslam dünyasının bir hissəsi olması ilə qürur duyur. Bu bağlılığın təzahürü olaraq Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlar çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşılıqlı etimadın güclənməsinin nəticəsi olaraq indiyədək Azərbaycanla İslam coğrafiyasında yer alan ayrı-ayrı dövlətlər arasında sıx siyasi təmaslar qurulub, enerji, nəqliyyat, humanitar və digər istiqamətlərdə çoxsaylı layihələr reallaşdırılıb.
Azərbaycan İslam ölkələri arasında çoxsaylı əlaqələrin inkişafına mühüm töhfələr verir
Elə dövlətlər var ki, üzv olduğu beynəlxalq təşkilatlarla və yaxud ayrı-ayrı ölkələrlə münasibətlərini sırf öz maraqları çərçivəsində qurmağa çalışır. Belə dövlətlər adətən məhdud imkanlara malik olurlar və daim öz problemlərini başqalarından yardım almaqla həll etməyə çalışırlar. Respublikamız bu qəbildən olan dövlətlər sırasında yer almır. Güclü potensiala malik Azərbaycan bir qayda olaraq öz imkanlarını təqdim etməklə yaranan qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin güclənməsinə çalışır, üzv olduğu təşkilatların funksionallığının artmasına müsbət təsir göstərir. Bunu biz həmçinin respublikamızın İslam ölkələri və onları bir araya gətirən təşkilatlarla əməkdaşlığında da müşahidə edirik. O cümlədən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində fəal iştirak edərək İslam həmrəyliyinin, parlamentlərarası əməkdaşlığın və üzv dövlətlər arasında çoxşaxəli əlaqələrin inkişafına mühüm töhfə verir.
Eyni zamanda, respublikamızın İslam dünyasına münasibətdə daim xoş məramdan çıxış etməsi bu geniş coğrafiyada yerləşən dövlətlərdə və onları birləşdirən təşkilatlarda Azərbaycana qarşı böyük etimad formalaşdırıb. Bu günlərdə Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının keçirilməsi də bu etimadın növbəti təzahürüdür. Qeyd edək ki, sözügedən təsisat İslam dünyasıında böyük nüfuza malikdir. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı məktubunda qurumun önəminə diqqət çəkərək vurğulayıb: “Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir”.
Öz növbəsində, məsuliyyətli dövlət olan Azərbaycan tədbirin uğurla keçməsi üçün yüksək səviyyədə hazırlıqlar görüb və bu, iştirakçılar tərəfindən də xüsusi qeyd edilib. İttifaqın baş katibi Muhammed Xurayçi Niyass İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Baş katib vurğulayıb ki, bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir.
Vurğulandığı kimi, tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub. Beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Belə bir şəraitdə Azərbaycan İslam dünyasının mühüm tədbirinə ev sahibliyinin məsuliyyətini öz üzərinə götürməklə həmrəylik mühiti yaratmaq missiyasını növbəti dəfə nümayiş etdirib. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamənin mətnini Milli Məclisin deputatı Ceyhun Məmmədov oxuyub. Sənəddə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib. Eyni zamanda, dövlətlərimizin qarşılaşdığı çoxsaylı mürəkkəb çağırışları və dəyişən təhlükələri, o cümlədən kiberhücumları, terrorizmi və islamofobiyanın artan təzahürlərini nəzərə alaraq, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin dünya üzrə müsəlman icmalarının dinc yanaşı yaşamasına və sosial həmrəyliyinə mənfi təsirindən dərin narahatlıq ifadə edilib.
Bütövlükdə, tədbirin gündəliyi kifayət qədər geniş olub və aktual müzakirələr aparılıb. O cümlədən Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub. 400-dən artıq nümayəndənin iştirak etdiyi tədbir dünən yekunlaşıb.
Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, iyunun 24-də baş tutan açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. Şübhə yoxdur ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyini böyük uğurla həyata keçirəcək.
İƏT ölkəmizin suverenliyi və ərazi bütövlüyünə daim dəstək göstərib
Azərbaycan 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında İƏT-a tamhüquqlu üzv qəbul edilib. Həmin vaxtdan etibarən respublikamız qurumla əməkdaşlığı yüksək fəallıq şəraitində davam etdirir. Bu əməkdaşlıq bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ölkəmiz İƏT və onun qurumlarının tədbirlərinə məmnuniyyətlə ev sahibliyi edir. “Bu il Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Şübhə yoxdur ki, Azərbaycan-İƏT əməkdaşlığı gələcəkdə də möhkəm təmələ əsaslanmaqla daha da genişlənəcək. 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də sədrliyi öz üzərinə götürəcək.
Eyni zamanda, Azərbaycan da hər zaman haqq mübarizəsində İslam dünyasının ölkəmizlə həmrəyliyini hiss edib. İƏT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim dəstək göstərib, Ermənistanın işğalçılıq siyasətini qınayıb, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul edib. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Xalqımız qardaş ölkələrin bu münasibətini yüksək dəyərləndirir.
30 illik işğal dövründə İslam dininə aid irs nümunələri ciddi dağıntılara məruz qalıb
Ermənistanın Azərbaycana qarşı 30 il ərzində davam etdirdiyi işğalçılıq siyasətinin fəsadları çox ağırdır. Təəssüf doğuran haldır ki, işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalan şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılıb və talan olunub. O cümlədən 67 məsciddən 65-i məhv edilib, bir sıra dini abidələrimiz isə təhqirlərə məruz qalıb.
Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər tikilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.
Prezident İlham Əliyev torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətləri islamofobiyanın açıq-aydın təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. Dərin təəssüf doğuran məqam həm də ondan ibarətdir ki, bir sıra Qərb təsisatları, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumlar da İslamı ekstremizm və terrorizmlə eyniləşdirməyə yönəlmiş qərəzli yanaşmalar sərgiləyirlər. Azərbaycan islamofobiyanı qlobal təhlükə kimi dəyərləndirir və İslam dəyərlərinə və müsəlmanlara qarşı ayrı-seçkiliyin, nifrət çağırışlarının, dini təhqirlərin qəbuledilməz olduğunu vurğulayır. Ölkəmiz bu problemlə mübarizəyə beynəlxalq diqqətin artırılmasına davamlı çağırışlar edir. “İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV