Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Brüssel Bakının geosiyasi mövqeyini və iqtisadi imkanlarını yenidən dəyərləndirir
Brüssel ilə Bakı arasındakı strateji əlaqələr ticarətlə məhdudlaşmayaraq logistika, yüksək texnologiyalar, təhsil və hava nəqliyyatı sahələrində yeni inkişaf mərhələsinə qədəm qoyur. Qərbi Avropanın aparıcı dövlətlərinin xarici siyasət paradiqmasında respublikamıza yönəlik analitik dönüş yaşanır. Ötən illərdə, xüsusən İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə Qərbin bəzi dairələrində, o cümlədən Fransa və Belçika parlamentlərində rəsmi Bakıya qarşı səslənən tənqidi bəyanatlar hazırda qarşılıqlı maraqlara söykənən real tərəfdaşlıq formulu ilə əvəzlənir.
Avropa bazarının karbohidrogen resurslarına artan tələbatının ödənilməsində rəsmi Bakının tutduğu strateji mövqe regional sabitlik baxımından əhəmiyyət kəsb edir. Lakin dövlətlərarası əlaqələrin müasir dinamikası yalnız enerji təchizatı məsələləri ilə məhdudlaşmır. Azərbaycan qitə üçün etibarlı, eyni zamanda, uzunmüddətli tərəfdaşa çevrilir. Belçika Krallığı ilə dərinləşən kooperasiya formatı qeyd edilən perspektivli münasibətlərin aydın indikatoru qismində çıxış edir. Tərəflər arasında güclənən iqtisadi inteqrasiya ümumavropa arxitekturasında dövlətimizin iqtisadi-siyasi çəkisinin mütəmadi artdığını bariz şəkildə sübuta yetirir. İntensiv diplomatik təmaslar nəticəsində formalaşan qarşılıqlı etimad mühiti qlobal sərmayə axınının respublikaya cəlb olunmasına şərait yaradır. İki paytaxt arasında müşahidə edilən kooperasiya bütövlükdə Avropa-Azərbaycan əlaqələrinin mütərəqqi fazaya keçidinin göstəricisi sayılır.
İkitərəfli siyasi əlaqələrin tarixi xronologiyasında möhkəm və davamlı sarsılmaz əsaslar durur. 2027-ci ildə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında rəsmi diplomatik əlaqələrin qurulmasının 35 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək. Həmin il, həmçinin Belçika səfirliyinin Bakı şəhərində fəaliyyətə başlamasının 20 ili tamamlanacaq. 2007-ci ildən etibarən fasiləsiz fəaliyyət göstərən diplomatik nümayəndəlik hökumətlər, parlamentlər və biznes strukturları arasında mükəmməl əlaqələndirici funksiyanı icra edir. Hökumətlərarası müntəzəm işgüzar təmaslar konstruktiv dialoq proseslərini daha intensivləşdirir.
Avropa İttifaqının tərkibində söz sahibi olan Brüssel rəsmi qərarları vasitəsilə qitənin digər ölkələrinin regional məsələlərə baxışını əhəmiyyətli dərəcədə yönləndirir. Qərbin nümayiş etdirdiyi praqmatik dövlətçilik xətti bütün ittifaq ölkələrinin respublikamıza münasibətində analitik transformasiya dalğası yaradır. Vaxtilə qəbul edilən qərəzli parlament qətnamələrinin dövlətimizin milli maraqlarına təsir imkanı sıfıra bərabərdir. Mövcud hərbi-siyasi reallığı qəbul edən güc mərkəzləri subyektiv rəyləri kənara qoyaraq iqtisadi dayanıqlılığı hədəfləyən əməkdaşlığa üstünlük verirlər. Belə mütərəqqi rasional reaksiyalar daxili inkişaf parametrlərini yüksəldir, qitələrarası təhlükəsizlik bağlarını sarsılmaz şəkildə gücləndirir. Diplomatların, habelə şirkət rəhbərlərinin mütəmadi xarakter alan intensiv təmasları yaranmış diplomatik intibahın aşkar sübutudur. İqtisadi gəlirlərin bərabər bölüşdürüldüyü şəraitdə xarici qüvvələrin regiondakı destablizasiya planları məntiqi süquta uğrayır.
Qərbi Avropanın aparıcı sənaye dövlətlərindən sayılan Belçika Krallığı ixracyönümlü və tam açıq iqtisadi modelə malik ölkədir. Xarici ticarət ehtiyatlarından mövcud asılılıq rəsmi Brüsseli daim fərqli beynəlxalq bazarlar axtarışına sövq edir. Azərbaycan bazarı qlobal geoiqtisadi xaos şəraitində Avropa investorları üçün olduqca cəlbedici, tam təhlükəsiz, hüquqi cəhətdən qorunan kommersiya platforması rolunu oynayır. Rəsmi makroiqtisadi statistika yaranan reallığı rəqəmlərin qətiyyətli dili ilə təsdiqləyir. 2026-cı ilin birinci rübündə Belçika şirkətlərindən Azərbaycana yönələn ixrac əməliyyatlarının həcmi 40 faiz artıb. Qeydə alınan rəqəm sıçrayışı davamlı planlaşdırılmış ticari strategiyanın məntiqi nəticəsidir. Son 5-6 il ərzində iki ölkə arasındakı mal dövriyyəsində yalnız sabit yüksəliş dinamikası qorunur.
Xarici korporasiyaların respublikamızın sənaye parklarında aktivləşməsi, eləcə də azad iqtisadi zonalarda kapital qoyuluşuna başlaması qabaqcıl qlobal tələblərə cavab verən şəffaf investisiya iqliminin bəhrəsidir. Qərb şirkətlərinin yerli istehsalat sferasında təmsil olunması əməkdaşlıq çərçivəsində təşviq edilən mühüm prioritetlərdəndir. Müasir iqtisadiyyatın inkişaf drayveri sayılan təmiz enerji konsepsiyası Bakı ilə Brüssel arasındakı layihələrin tam mərkəzində qərarlaşır. Dövlətimiz alternativ bərpa olunan ehtiyatlardan maksimum dərəcədə yararlanaraq qlobal ekoloji standartlara uyğun sənaye infrastrukturu qurur. Qərb sahibkarları dəniz sularında külək turbinlərinin inşası və yaşıl hidrogen istehsalı sahələrində ən mükəmməl innovativ texnologiyalara sahibdir.
Belçikanın müxtəlif müəssisələri respublikamızda icra edilən alternativ enerji layihələrində yaxından iştirak edir. Hasil edilən ekoloji təmiz enerjinin Xəzər dənizi və ardınca Qara dənizin dibi vasitəsilə Avropa qitəsinə ixrac planı olduqca mürəkkəb texnoloji yanaşmalar tələb edir. Sualtı gərginlikli, optik kabellərin çəkilməsində mütərəqqi mühəndis nailiyyətlərinin tətbiqi kollektiv səylərin artırılmasını zərurətə çevirir. Müştərək ekoloji strategiya yalnız maliyyə mənfəətinin artırılmasına xidmət etmir, həmçinin ümumavropa məkanının dayanıqlı enerji təhlükəsizliyini sarsılmaz zəmanət altına alır. Regional böhranlar fonunda Avropanın etibarlı mənbələrə olan həyati tələbatı rəsmi Bakının təşəbbüsləri sayəsində etibarlı formada qarşılanır.
İkitərəfli tərəfdaşlığın mühüm istiqamətlərindən biri multimodal logistika və Orta Dəhliz üzrə əməkdaşlıqdır. Asiyadan Avropaya uzanan bu marşrut tranzit vaxtını qısaldır, Bakı Limanı ilə Antverpen-Brügge Limanı arasında əməkdaşlıq isə logistikanın rəqəmsallaşdırılması və yaşıl liman konsepsiyasının inkişafına töhfə verir. Paralel olaraq, yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və akademik mübadilə sahələrində əlaqələrin genişlənməsi tərəfdaşlığın innovasiya və elm istiqamətində yeni perspektivlərini açır.İnnovativ sənaye kadrlarının hazırlanması elmi qurumların ardıcıl koordinasiyasını vacib şərtə çevirir.
Mövcud mütərəqqi fəaliyyət tendensiyaları sübut edir ki, rəsmi Bakı geniş Avrasiya coğrafiyasında tam müstəqil, çoxvektorlu milli inkişaf siyasəti yürüdən suveren ölkədir. İkitərəfli əlaqələrin geoiqtisadi mənzərəsi heç vaxt sadə enerji ticarəti ətrafında formalaşmış bəsit çərçivə xarakteri daşımayıb. İmzalanan strateji müqavilələr elm, təhsil, aviasiya, yüksək dəqiqlikli texnologiyalar və yaşıl sənaye sferalarını tam əhatə edərək iqtisadiyyatın bütün seqmentlərinə müsbət sirayət edir. İki paytaxt arasında yaxınlaşan yubiley tarixləri, sadəcə, formal təqvim rəqəmləri hüdudlarında qalmır. Həmin rəqəmlər dövlətlərarası qırılmaz əlaqələrin, qarşılıqlı hörmətin və nəhəng ortaq layihələrin keçdiyi şanlı mərhələni qürurla təcəssüm etdirir. Yaradılan sarsılmaz diplomatik, elmi və iqtisadi ittifaq müasir beynəlxalq münasibətlər sistemində ideal tərəfdaşlıq xəttini nümayiş etdirir. Diplomatiyanın açdığı yeni yollar gələcəyin rifah içərisində yaşayan, sülhə söykənən vahid və təhlükəsiz qitələrarası birliyini müasir texnoloji imkanlar hesabına inamla qurur.
Yusif ŞƏRİFZADƏ
XQ