35 illik müstəqillik: Azərbaycan nələr qazandı?

18.10.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür.

1991-ci il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə müstəqilliyini yenidən qazanan Azərbaycan ötən müddət ərzində mürəkkəb tarixi sınaqlardan keçib, dövlətçiliyini möhkəmləndirmək, beynəlxalq aləmdə mövqeyini gücləndirmək və milli maraqlarını qorumaq istiqamətində mühüm mərhələlər qət edib.

Müstəqillik yalnız dövlət sərhədlərinin və suverenliyin qorunması deyil, həm də iqtisadi inkişaf, milli kimliyin yaşadılması, hüquqi dövlət quruculuğu və gələcək nəsillərin azad cəmiyyətdə yaşamaq imkanının təmin edilməsidir. 

35 il ərzində Azərbaycan hansı əsas nailiyyətlərə imza atıb, qarşıda hansı hədəflər dayanır və müstəqilliyin davamlılığını təmin etmək üçün hansı dəyərlər qorunmalıdır? 

Deputat Vüqar Bayramov “Cebheinfo.az” - a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı son 30 ildə Azərbaycanın üzləşdiyi çətinliklərə və əldə etdiyi uğurlara xüsusi diqqət ayırıb: 

“Azərbaycan son 30 ildə praktik olaraq regionun ən güclü dövlətlərindən birinə çevrilib. MDB məkanında münaqişələrlə üzləşmiş ölkələr arasında Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətdir. Nəzərə alsaq ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdə Azərbaycanda ciddi böhran yaşanırdı. AXCP-Müsavat qrupunun yarıtmaz hakimiyyəti, praktik olaraq, Azərbaycanda idarəetmənin itirilməsinə gətirib çıxarmışdı.

Sözsüz ki, həmin dövrdə Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışı əvvəlcə sabitləşmə, sonra isə inkişaf dövrünün başlamasına imkan yaratdı. İqtisadiyyatın inkişafı ilə bağlı tədbirlər, eyni zamanda, ölkənin iqtisadi və siyasi gücünün artırılması istiqamətində həyata keçirilən siyasət Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da möhkəmləndi.

Son 30 ildə Azərbaycan iqtisadiyyatı xeyli böyüyüb. Regionda Azərbaycan iqtisadiyyatı ən sürətlə inkişaf edən və böyüyən iqtisadiyyatlar sırasındadır.

Xüsusilə ölkənin iqtisadi təhlükəsizliyi baxımından vacib olan valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk onluqdadır. Hazırda xarici valyutanın ÜDM-də payı 5,6 faizdir. 

Bütün bunlar onu göstərir ki, müstəqilliyimizin bərpasından ötən müddətdə Azərbaycan iqtisadiyyatının təhlükəsizlik yastığı ciddi şəkildə möhkəmlənib”. 

Deputat qeyd edib ki, iqtisadiyyatın inkişafı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması regionda yeni düzənin yaranmasına gətirib çıxarır və bu düzənin formalaşmasında müstəqilliyinin bərpasını bu gün qeyd edən Azərbaycan dövləti mühüm rol oynayır. 

Aişə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью