3,6 milyard dollardan çox...

19.09.2026

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşları artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmində artım dinamikası müşahidə edilməkdədir. 2026-cı ilin birinci yarısında ölkə  iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 3 milyard 666 milyon 873 min dollara bərabər olub. Mərkəzi Bankın (MB) Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, sərmayə yatıran ölkələrin ilk beşliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Kipr, Rusiya, İran İslam Respublikası yer alıb. Qeyd edilən dövrdə Azərbaycanın özü də potensial sərmayədar ölkə kimi maliyyə imkanlarını artırıb və xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 5 milyard 360 min dollar təşkil edib. Azərbaycanın ən çox kapital yönəltdiyi ölkələrin sırasında İtaliya, Türkiyə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan qərarlaşıb.

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasında ən mühüm amillərdən biri ölkədə təmin edilmiş sağlam və münbit investisiya mühitidir. Bu istiqamətdə respublikamızda həyata keçirilən hüquqi və institusional islahatlar mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu ssenariyə uyğun olaraq biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər görülüb ki, bu da xarici sahibkarların fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub.

Son 22 ildə 180 milyard dollar həcmində xarici investisiya

İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.

Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq etməkdədir. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.

Beləliklə, qeyd edilən təşviqedici tədbirlər, dövlətin xarici investorlara olan dəstəyi biznes sektorunun və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan investisiya marağını yüksəldir. Ümumilikdə, 2003-2024-cü illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi təxminən 340 milyard dollar təşkil edib ki, onun 180 milyard dolları xarici investisiyalardır.

Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib

Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbediciliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.

Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.

Azad ərazilərdə sərmayəçilər üçün güzəştlər

Azərbaycanın müasir inkişaf gündəliyində əsas investisiya sahələri kimi süni intellekt və “yaşıl enerji”yə investisiya cəlb olunması əsas strateji xətt kimi müəyyən edilib. Resurs zənginliyi ilə diqqəti cəlb edən işğaldan azad edilmiş ərazilərə xarici investorların marağı böyük olduğundan çoxsaylı iqtisadi stimullar, güzəştlər tətbiq olunmaqdadır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью