Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
28 yanvar təqvimdə sıradan bir gündür. Amma bu tarix mənə adi gəlmir. Çünki bu gün bir insanın yox, bir yolun, bir seçimin, bir vicdanın doğulduğu gündür. Bu gün Səidin 36 yaşı tamam olur. Amma onun yaşı illərlə ölçülmür. Səidin yaşı azad edilən kəndlərin sayı, ucalan bayraqların kölgəsi və rahat yatdığımız gecələrin səssizliyi ilə ölçülür. Bu sükutda onun nəfəsi və bu azadlıqda onun izi var.
Bu gün dünyaya gələn çox sayda adamın ad günü qeyd olunur, sevinc bölüşülür. Sənin ad günün isə bir anlıq sükut, dərin ehtiramdır, qəlbimizdə bir dua kimi oxunur. Çünki sənin həyatın səs-küylə deyil, sakit qürurla xatırlanır. Çünki Səid Vətəni sözlə sevmədi. O, Vətəni gündəlik seçimləri ilə sevdi. Rahatlıqla məsuliyyət arasında qalanda məsuliyyəti seçdi. Kənarda qalmaqla irəli çıxmaq arasında qalanda irəli çıxdı. “Mən də başqaları kimi yaşaya bilərəm” demədi, “başqaları rahat yaşasın deyə mən nə etməliyəm?” deyə düşündü. Səid fərqli deyildi, sadəcə vicdanını yarımçıq qoymayan adamlardan idi. Vicdanla yaşanan ömür isə heç vaxt yarımçıq olmur.
Onun həyatı düzxətli, nümayişkaranə qəhrəmanlıq hekayəsi deyildi. Bu, sakit, amma möhkəm bir yol idi. Uşaqlıqdan başlayıb hərbi məktəbdə bərkiyən, orduda formalaşan, Aprel döyüşlərində sınanan bir yol. O döyüşlərdən sonra bir müddət kənarda qalsa da, Səid əslində heç vaxt ordudan ayrılmamışdı. Onun kimi insanlar üçün forma çıxarıla bilər, amma and çıxarıla bilməz. Çünki and ürəyə geyinilir.
Polad Həşimovun şəhid xəbəri onun daxilində illərdir susan bir səsi oyatdı. Bu səs ona rahat oturmağa imkan vermədi. Bu səs dedi: “İndi sənin yerin buradır.” Və Səid dinlədi. Könüllü getdi. Çağırılmadı, məcbur edilmədi. Getdi, çünki çağırışı torpaq edirdi. Torpaq çağıranda, Səidlər susa bilməzdi.
Səid müharibəni sevmirdi, amma Vətəni hər şeydən çox sevirdi. Onun döyüş yoldaşları deyir ki, Səid “mən” deyən komandir deyildi. Həmişə “biz” deyirdi. Döyüşdə öndəydi, təhlükədə birinci idi, uğurda hamını önə çəkirdi. Komandir idi, əmr edən yox, inandıran komandir. Yanında olanlar onun arxasınca qorxmadan gedirdilər, çünki bilirdilər, Səid onları heç vaxt tək buraxmaz. O, döyüşçülərinə arxa yox, dayaq idi.
Hadrut…
Bu ad indi azadlıq deməkdir. Amma o günlərdə bu ad ölümün, atəşin, ağır sınağın adı idi. Səid orada bir yüksəklikdə dayanıb düşmən bayrağına baxanda bu, sadəcə bir an deyildi. Bu, illərlə içində daşıdığı bir qərarın son nöqtəsi idi. O an Səid təkcə bir mövqeni yox, bir tarixi dəyişməyə gedirdi. Bu, qələbəyə gedən yolun ən ağır addımlarından biri idi.
Bayrağı sinəsindən çıxarıb öpəndə, o, sadəcə bir parça öpmürdü. O, atasının, anasının, müəlliminin, dostlarının, bu torpaqda yarımçıq qalan bütün arzuların üzünə baxırdı. O bilirdi ki, bu addımın geri dönüşü yoxdur. Amma bəzən geri dönüşü olmayan yol, insanı əbədi edən yoldur. Səid də o yolu seçənlərdən oldu.
Snayper gülləsi Səidi dayandırdı, yolunu dayandıra bilmədi. O diz çökdü, yıxılmadı. Bayrağı yerə salmadı, özü torpağa qarışdı. Bu bir təsadüf deyildi. Bu, onun bütün ömrü boyu yaşadığı düşüncənin son hərəkətə çevrilməsi idi: Bayraq məndən yuxarıda olmalıdır.
Səid Rəşidzadə bayrağı ən yüksək zirvəyə qaldırdı, özü isə şəhidliyin əlçatmaz ucalığına yüksəldi. O, artıq tək bir zirvənin deyil, bütün zirvələrin Səidi oldu. Ucaltdığın bayraq bu xalq üçün əbədi qürur, gələcək nəsillər üçün yol işığıdır. O bayraq dalğalandıqca, Səidin adı da yaşayacaq.
Bu gün biz azad Füzulidən, azad Xocavənddən, azad Hadrutdan danışırıqsa, bu sözlərin içində Səidin də adı var. Medallar, ordenlər onun sinəsinə taxılmadı, amma tarix onun adını sinəsinə yazdı. Çünki bəzi mükafatlar kağızla verilir, bəziləri isə xalqın yaddaşı ilə. Səid yaddaşımızın ən uca yerindədir.
Səid 36 yaşında olardı. Bəlkə ailə qurardı… Amma o, başqa bir gələcəyi seçdi, hamımız üçün gələcək olan bir gələcəyi. Onun ömrü yarımçıq qaldı deyirik, amma əslində onun ömrü tamamlandı. Çünki hər insanın ömrü uzun olmaq üçün yox, mənalı olmaq üçün verilir. Səidin ömrü mənası ilə ölçüldü.
Bu gün biz sənin ad gününü qeyd etmirik, Səid. Biz sənin yolunu xatırlayırıq. Biz özümüzdən soruşuruq: biz bu torpağa sənin qədər dürüst yanaşa bilirikmi? Çünki şəhidlərin xatirəsi təkcə ağlamaq üçün deyil, düz yaşamaq üçündür.
36 yaşın mübarək, Səid.
Sən bu torpağın susmayan vicdanısan.
Sən azadlığın səssiz səbəblərindən birisən.
Sən varsan - biz rahat nəfəs alırıq.
Samir ƏSƏDLİ