Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Finlandiya millisinin sabiq hücumçusu Teemu Pukki peşəkar futbolçu karyerasını başa vuracaq.
QOL.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçunun son iki mövsümdə çıxış etdiyi HİK klubunun mətbuat xidməti məlumat yayıb.
“Bu il peşəkar futbolla vidalaşmağın vaxtı çatıb. Karyeramda daha dörd oyunum qalıb və həmin matçlarda qələbə qazanmaq istəyirəm”, - deyə Pukki bildirib.
Finlandiyalı hücumçu karyerasının son oyununu noyabrın 8-də Finlandiya çempionatının son turunda “Oulu”ya qarşı keçirəcək.
Qeyd edək ki, Pukki Finlandiya millisinin tarixində 43 qolla ən yaxşı bombardirdir. O, karyerası ərzində Finlandiyanın “KooTeePee”, İspaniyanın “Sevilya Atletiko”, Almaniyanın “Şalke”, Şotlandiyanın “Seltik”, Danimarkanın “Bröndbü”, İngiltərənin “Norviç Siti” və ABŞ-nin “Minnesota Yunayted” klublarında da çıxış edib.