37 həftəliklərin günü: erkən doğuş kimin günahıdır?..

17.11.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il dünyada milyonlarla körpə gözlənilən vaxtdan əvvəl dünyaya göz açır. Onların bəziləri həyatın ilk günlərindən ciddi tibbi yardıma ehtiyac duyur, bəziləri isə uzun müddət həkim nəzarətində qalmalı olur. Vaxtından əvvəl doğulan körpələrin mübarizəsi əslində onların dünyaya gəldiyi ilk andan başlayır. Bəs bu körpələrin vaxtından əvvəl doğulmasına nə səbəb olur? Kimdir günahkar – ana, ətraf mühit, müasir həyat tərzi, yoxsa heç kimin qarşısını ala bilmədiyi tibbi amillər?

Prematüre körpə kimdir?

Tibbdə hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş, yaxud prematüre körpələr adlandırılır. Normal hamiləlik müddəti təxminən 40 həftə hesab olunur. Bu müddət ərzində körpənin orqanları, xüsusilə ağciyərləri, beyni, həzm və immun sistemi inkişaf edir. Hamiləliyin vaxtından əvvəl başa çatması isə bu inkişaf prosesinin tam tamamlanmaması deməkdir.

Vaxtından əvvəl doğuşlar hamiləliyin müddətinə görə bir neçə qrupa bölünür:

-gec prematüre doğuş: 34–36-cı həftələr arasında baş verən doğuş;

-orta prematüre doğuş: 32–33-cü həftələr arasında baş verən doğuş;

-çox erkən doğuş: 28–31-ci həftələr arasında baş verən doğuş;

-ekstremal erkən doğuş: 28-ci həftədən əvvəl baş verən doğuş.

Körpə nə qədər erkən dünyaya gəlirsə, onun orqanizminin xarici mühitə uyğunlaşması bir o qədər çətinləşə və tibbi yardıma ehtiyacı arta bilər.

Vaxtından əvvəl doğulan körpələri nə fərqləndirir?

Prematüre körpələrin görünüşü və fizioloji xüsusiyyətləri onların neçə həftəlik doğulmasından asılı olaraq dəyişir. Bu körpələrdə aşağıdakı xüsusiyyətlər müşahidə oluna bilər: bədən ölçülərinin kiçik, başın isə bədənə nisbətən böyük görünməsi, dərinin altında piy qatının az olması, dərinin nazik və həssas olması, bədənin müxtəlif nahiyələrində lanugo adlanan incə tüklərin görünməsi, bədən temperaturunun qorunmasında çətinlik, nəfəsalma problemləri, əmmə və udma reflekslərinin kifayət qədər inkişaf etməməsi.

Belə körpələrin əksəriyyəti xüsusi tibbi nəzarətə ehtiyac duyur. Onlar vəziyyətlərindən asılı olaraq yenidoğulmuşların intensiv terapiya şöbəsinə yerləşdirilir, inkubatorda saxlanılır və mütəxəssislər tərəfindən mütəmadi izlənilir. Bəzən körpənin qidalanması, nəfəs alması və bədən temperaturunun qorunması üçün əlavə dəstək tələb olunur. Bu mərhələdə neonatoloqların, tibb bacılarının və digər mütəxəssislərin rolu olduqca böyükdür.

Bəs vaxtından əvvəl doğuşun səbəbi nədir?

Ən mühüm suallardan biri də budur. Əslində, vaxtından əvvəl doğuşun konkret səbəbini hər zaman müəyyənləşdirmək mümkün olmur. Lakin tibbdə bu riski artıran bir sıra amillər məlumdur: ananın əvvəlki hamiləliyində vaxtından əvvəl doğuşun baş verməsi, əkiz, üçəm və digər çoxdöllü hamiləliklər, hamiləliklər arasında çox qısa müddətin olması, süni mayalanma yolu ilə hamiləlik, uşaqlıq, uşaqlıq boynu və plasenta ilə bağlı problemlər, hamiləlik dövründə siqaret və digər zərərli maddələrdən istifadə, müəyyən infeksiyalar, yüksək arterial təzyiq və şəkərli diabet kimi xroniki xəstəliklər, hamiləlikdən əvvəl ciddi çəki azlığı və ya artıq çəki, əvvəllər uşaqlıq boynunda aparılmış bəzi cərrahi müdaxilələr, güclü psixoloji stress və ağır həyat hadisələri, fiziki travmalar və bəzi digər tibbi problemlər. Bununla belə, vacib məqamı unutmaq olmaz: vaxtından əvvəl doğuş baş verən qadınların heç də hamısında sadalanan risk amilləri mövcud olmur. Bəzən heç bir aşkar səbəb olmadan da erkən doğuş baş verə bilər.

Ananın məsuliyyəti...

Hamiləlik dövründə ananın sağlamlığı, qidalanması, həyat tərzi, siqaret və digər zərərli vərdişlərdən uzaq olması mühüm əhəmiyyət daşıyır. Hamilə qadının üzərinə düşən əsas vəzifələrdən biri mütəmadi tibbi müayinələrdən keçmək, həkimin tövsiyələrinə əməl etmək və sağlamlığı ilə bağlı dəyişiklikləri vaxtında mütəxəssisə bildirməkdir.

Digər tərəfdən, cəmiyyət də bu məsələyə daha həssas yanaşmalıdır. Bəzən vaxtından əvvəl doğuş keçirən qadına təzyiq göstərilməsinin, onun ittiham edilməsinion şahidi oluruq. Lakin bunun əvəzinə doğuşun erkən baş verməməsi üçün lazım olanları həyata keçirmək lazımdır. Bütün hallarda erkən doğuşun qarşısını almaq mümkün olmasa da, müəyyən tədbirlər riskin azaldılmasına kömək edə bilər. Hamiləlikdən əvvəl və hamiləlik dövründə sağlamlıq vəziyyəti qiymətləndirilməlidir, xroniki xəstəliklər həkim nəzarətində saxlanılmalıdır. Ana olacaq qadın siqaret və digər zərərli maddələrdən uzaq durmalıdır.

Müayinə ona görə vacibdir ki, infeksiyalar vaxtında aşkar edilsin və müalicə olunsun. Digər tərəfdən hamiləliklər arasında uyğun müddətin saxlanmasına diqqət yetirilməlidir. Risk qrupunda olan qadınlarda uşaqlıq boynunun uzunluğu ultrasəs müayinəsi ilə qiymətləndirilməlidir.

Prematüre körpələri hansı təhlükələr gözləyir?

Vaxtından əvvəl doğulan körpələrdə müxtəlif sağlamlıq problemləri yarana bilər. Bunların riski doğuşun nə qədər erkən baş verməsindən və körpənin doğum çəkisindən asılıdır. İlk günlərdə və həftələrdə belə uşaqlarda tənəffüs sisteminin yetərincə inkişaf etməməsi, ürək-damar sisteminin fəaliyyətində çətinliklər, beyindaxili qanaxmalar, bədən temperaturunun tənzimlənməsində problemlər, həzm sisteminin zəif inkişafı, qanazlığı və sarılıq, qanda şəkərin səviyyəsinin aşağı düşməsi, immunitetin zəif olması və infeksiyalara həssaslıq müşahidə edilə bilər.

Bəzi problemlər isə körpənin sonrakı inkişaf mərhələlərində üzə çıxa bilər. Bunlara serebral iflic, görmə və eşitmə problemləri, öyrənmə çətinlikləri, dişlərin inkişafında pozuntular, bəzi davranış və inkişaf xüsusiyyətləri daxildir. Lakin bir məqam xüsusi vurğulanmalıdır ki, prematüre doğulmaq mütləq şəkildə bu problemlərin hamısının yaranacağı demək deyil. Vaxtında və düzgün tibbi yardım, davamlı müşahidə və erkən inkişaf dəstəyi bir çox körpənin sağlam böyüməsinə imkan verir.

Belə uşaqlar daim nəzarətdə saxlanmalıdır. Yaxşı olar ki, xəstəıxana rejimində xüsusi tibbi nəzarətə götürülsünlər. Onların ürək döyüntüləri, nəfəsalma tezliyi, qan təzyiqi, bədən temperaturu və qidalanması daim izlənməlidir. Təbii ki, zərurət yarandıqda müxtəlif müayinələr də aparılır.

Kimdir günahkar?

37 həftə tamamlanmadan dünyaya gələn hər körpənin arxasında fərqli bir hekayə dayanır. Bəzən bu, ananın sağlamlığı ilə bağlı tibbi problemdir, bəzən infeksiya, bəzən plasenta və uşaqlıq boynu ilə əlaqəli pozuntular, bəzən isə səbəbi müəyyənləşdirilməyən bir prosesdir. Ona görə də vaxtından əvvəl doğulan körpələrin taleyini yalnız ananın məsuliyyəti ilə əlaqələndirmək doğru olmaz. Burada səhiyyə xidmətlərinin əlçatanlığı, hamiləlik dövründə tibbi müşahidənin keyfiyyəti, maarifləndirmə və erkən diaqnostika da mühüm rol oynayır. Ən vacibi isə odur ki, prematüre körpələrə və onların valideynlərinə xüsusi diqqət göstərilsin. Çünki bu uşaqların həyata sağlam addım atması üçün bəzən doğuşdan sonra aylarla davam edən tibbi və sosial dəstəyə ehtiyac yaranır.

Bəs 37 həftə tamamlanmadan dünyaya gələn körpələrin günahı nədir? Onların heç bir günahı yoxdur. Onlar sadəcə , özlərindən asılı olmayaraq həyata bir qədər tez başlayırlar. Müasir tibbin borcu isə bu başlanğıcı mümkün qədər sağlam, təhlükəsiz və ümidli etməkdir.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью