Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Ərazi bütövlüyünü və suverenliyi bərpa edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu və digər amillər ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
Azərbaycanın dünya üçün önəmi artır
Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Eyni zamanda, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər.
Bu baxımdan, xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda Azərbaycan adından keçirdiyi görüşlər və müzakirələr, imzaladığı sənədlər xüsusi vurğulanmalıdır. Güclü diplomatik gündəm Azərbaycanın xarici siyasət prioritetlərini irəli aparmaq, ikitərəfli tərəfdaşlığı gücləndirmək üçün mühüm fürsət yaradıb. Müzakirələr Azərbaycanın çoxtərəfli gündəliyə aktiv töhfəsini bir daha təsdiqləyib. Azərbaycan sülhün, sabitliyin, əlaqənin və qarşılıqlı faydalı əməkdaşlığın təşviqində beynəlxalq tərəfdaşlarla fəal şəkildə əlaqə saxlamağa davam edəcək.
Ceyhun Bayramovun Nyu-Yorka uğurlu səfəri...
Azərbaycanın xarici işlər Nyu-Yorkda həmkarları, beynəlxalq təşkilatların rəhbərləri və dövlət rəsmiləri ilə 37 ikitərəfli görüş keçirib, 17 ikitərəfli sənəd imzalayıb. BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatı, G-77 və Çin, Qlobal İnkişaf Təşəbbüsü, İƏT, Türk Dövlətləri Təşkilatı, Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr, Cammu və Kəşmir üzrə İƏT Əlaqə Qrupu, Transxəzər və TRIPP Marşrutu Sessiyası, Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının Dəyirmi Masası və Ümumdünya Ticarət Təşkilatının Dünya İqtisadi Liderlərinin Naharı daxil olmaqla, 11 yüksəksəviyyəli tədbirdə çıxış edib. Keçirilən görüş və tədbirlər ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi və çoxtərəfli diplomatik gündəliyin inkişaf etdirilməsi baxımından mühüm platforma olub.
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında isə beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə və daxili işlərə qarışmamaq prinsipinə ciddi riayətə əsaslanan çoxtərəfli sistemin yenilənməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının, inkişaf etməkdə olan ölkələrin daha ədalətli təmsilçiliyinin təmin edilməsinin zəruriliyini qeyd edib. Azərbaycan-Ermənistan münasibətlərinə toxunan nazir Vaşinqton Sülh Sammitindən sonra iki ölkə arasında de-fakto sülhün əldə olunduğunu bildirib. O, sülh gündəliyinin iqtisadi dividendlər yaratdığını, o cümlədən Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını və müəyyən sahələrdə ikitərəfli ticarətin başladığını qeyd edib, bununla belə sülh sazişinin imzalanması qarşısında qalan maneələrin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
Postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışan C.Bayramov bildirib ki, 90 mindən çox vətəndaş Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə geri qayıdıb. Çıxışda mina təhlükəsinə də xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, 2020-ci ildən etibarən minalar nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb, son 30 ildə isə bu rəqəm 3 500-ə çatıb. Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib. Nazir, həmçinin itkin düşmüş 4 minə yaxın şəxsin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq dəstəyə çağırış edib. Onun sözlərinə görə, bu məsələnin həlli postmünaqişə barışığı və hesabatlılığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan 140-dan çox ölkəyə yardım edib
Azərbaycanın regional nəqliyyat və logistika imkanlarına toxunan nazir Orta Dəhliz üzrə yükdaşımaların Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 90 faiz artdığını bildirib. C.Bayramov Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantının yaradılması baxımından TRIPP təşəbbüsünün irəlilədilməsinin vacibliyini də qeyd edib. O, Trans-Xəzər Rəqəmsal İpək Yolu fiber-optik şəbəkəsi vasitəsilə Azərbaycanın regional rəqəmsal bağlantının genişləndirilməsi istiqamətində həyata keçirdiyi işlərdən də danışıb.
İqtisadi inkişafla bağlı göstəriciləri diqqətə çatdıran nazir Azərbaycanın ÜDM-nin üç dəfə artdığını, yoxsulluq səviyyəsinin isə 49 faizdən 5 faizə endiyini bildirib. Azərbaycanın enerji siyasətinə gəlincə, C.Bayramov ölkəmizin 16 ölkəyə etibarlı təbii qaz təchizatçısı olduğunu vurğulayıb. O, həmçinin 2030-cu ilədək 6 QVt gücündə Günəş və külək enerjisi layihələrinin reallaşdırılması və elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının 40 faizə çatdırılmasının planlaşdırıldığını bildirib.
C.Bayramov Azərbaycanın COP29 çərçivəsində iqlim gündəliyinə töhfələrini də qeyd edərək deyib ki, tədbir zamanı qlobal iqlim maliyyəsi hədəflərinin üç dəfə artırılması, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının fəaliyyətə başlaması və İtkilər və Zərərlər Fondunun irəlilədilməsi ilə bağlı mühüm addımlar atılıb. Həmçinin UNFCCC İqlim Həftəsinin keçirilməsi vurğulanıb. Azərbaycanın qlobal şəhərsalma gündəliyinə töhfəsi çərçivəsində Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi də çıxışda diqqətə çatdırılıb. Nazir Xəzər dənizində su səviyyəsinin azalmasını ciddi ekoloji problem kimi qiymətləndirərək, sahilyanı ölkələrin bu istiqamətdə kollektiv və davamlı tədbirlər görməsinə çağırış edib.
Çıxışda Azərbaycanın ASAN və DOST modelləri vasitəsilə institusional innovasiyalar sahəsində təcrübəsinin digər ölkələrlə paylaşılması da qeyd olunub. Bildirilib ki, bu təcrübə 100-dən çox dövlətin həmmüəllifliyi ilə BMT İnsan Hüquqları Şurasının qətnaməsinin qəbuluna ilham verib.
C.Bayramov Azərbaycanın 2020-ci ildən etibarən 140-dan çox ölkəyə 400 milyon dollardan artıq humanitar, iqtisadi və texniki yardım göstərdiyini bildirib. Yardımlarda xüsusilə Kiçik Ada Dövlətlərinə və Afrikadakı tərəfdaş ölkələrə üstünlük verildiyi qeyd olunub.
Nardar BAYRAMLI