Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“KollektA” ASC nizamnamə kapitalını kəskin artırmaq məqsədilə 205 min manatlıq səhm emissiyası həyata keçirməyə hazırlaşır.
Marja.az şirkətin emissiya prospektinə istinadən xəbər verir ki, “KollektA” hər birinin nominal və satış qiyməti 410 manat olan 500 ədəd yeni adi, adlı, sənədsiz səhm buraxacaq. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 410 manat olan cəmi 10 səhmi mövcuddur.
Şirkətin hazırkı nizamnamə kapitalı 4 min 100 manatdır. Emissiya tam yerləşdirilərsə, kapital 205 min manat artırılaraq 209 min 100 manata çatacaq. Beləliklə, “KollektA”nın nizamnamə kapitalı 51 dəfə böyüyəcək və ya 5000% artacaq.
Səhmlərin kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilməsi nəzərdə tutulur. Anderrayter “Troni İnvestisiya Şirkəti” QSC olacaq. Bir səhmin satış qiyməti 410 manat müəyyən edilib.
Emissiyadan ümumilikdə 205 min manat cəlb edilməsi nəzərdə tutulsa da, xərclər çıxıldıqdan sonra şirkətin əldə edəcəyi xalis vəsaitin 194 min 97,5 manat olacağı gözlənilir. Prospektə əsasən, bu vəsait “KollektA”nın dövriyyə kapitalının artırılmasına yönəldiləcək.
Şirkətin səhmdarları kimlərdir?
Hazırda “KollektA”nın üç səhmdarı var. Mədəd Rüstəmov və Camal Aydınovun hər biri şirkətin 40%-nə, Rəşad Səlimov isə 20%-nə sahibdir.
Mövcud səhmdarlar yeni buraxılan səhmləri öz paylarına mütənasib şəkildə almaqda üstünlük hüququna malikdirlər Əgər bu hüquqdan tam istifadə etsələr, emissiyadan sonra Mədəd Rüstəmov və Camal Aydınovun hər birinin 204 səhmi və 40%-lik payı, Rəşad Səlimovun isə 102 səhmi və 20%-lik payı olacaq.
Əgər mövcud səhmdarlar yeni səhmləri almasa və bütün emissiya digər investorlar tərəfindən yerləşdirilsə, onların payları kəskin azalacaq: Rüstəmov və Aydınovun hər birinin payı 0,7843%-ə, Səlimovun payı isə 0,3922%-ə düşəcək.
Prospektdə isə mövcud səhmdarların yeni səhmlərin alınmasında üstünlük hüququna malik olduğu və onların səhmləri əldə etməsinin nəzərdə tutulduğu qeyd edilir.
“KollektA” 2025-ci ildə 2,9 milyon manat mənfəət əldə edib
Emissiya prospektində şirkətin maliyyə göstəriciləri də açıqlanıb.
2025-ci ildə “KollektA”nın cəmi gəlirləri 7 milyon 698 min manat təşkil edib. Bunun 6 milyon 962 min manatı faiz gəlirlərinin, 735,6 min manatı isə digər əməliyyat gəlirlərinin payına düşüb.
Şirkətin vergidən əvvəlki mənfəəti 3 milyon 689 min manat, xalis mənfəəti isə 2 milyon 907 min 819 manat olub. Ümumi və inzibati xərclər 3 milyon 443 min manat, faiz xərcləri isə 566 min manata yaxın təşkil edib.
2025-ci ilin sonunda şirkətin aktivləri 9 milyon 659,8 min manat, öhdəlikləri 6 milyon 743,5 min manat, kapitalı isə 2 milyon 916,3 min manat olub.
Aktivlərin tərkibində alınmış problemli kredit portfeli 4 milyon 836,4 min manat, verilmiş borclar 2 milyon 722,1 min manat, pul vəsaitləri isə 1 milyon 60,4 min manat təşkil edib.
Şirkət 9 oktyabr 2024-cü ildə qeydiyyatdan keçdiyi üçün 2024-cü ilin nəticələri tam maliyyə ilini deyil, yalnız fəaliyyətə başladığı tarixdən ilin sonunadək olan dövrü əhatə edir. Buna görə 2025-ci ilin göstəricilərini 2024-cü illə birbaşa illik artım faizi kimi müqayisə etmək düzgün olmaz.
“KollektA” nə iş görür?
“KollektA” maliyyə və kollektor – borcların yığılması – sektorunda fəaliyyət göstərir. Şirkət banklardan və digər maliyyə institutlarından problemli kredit portfelləri üzrə tələb hüquqlarını alır, həmin borcların yığılmasını həyata keçirir və üçüncü tərəflərə debitor borcların yığılması xidmətləri göstərir.
2025-ci ildə şirkətin satın aldığı problemli kredit portfelinin balans dəyəri 4 milyon 836 min manata çatıb. Şirkətin işçi sayı isə 187 nəfər olub.