4 boksçumuz 1/4 finalda

18.08.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Serbiyanın Loznitsa şəhərində oğlan boksçular arasında U-19 Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını 1/4 finala yazdırıb.

55 kiloqram çəki dərəcəsində təmsilçimiz Nihat Qasımov ikinci döyüşündə Doryan Kropoqu (Çexiya) sınağa çəkib. Qasımov üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. O, 1/4 finalda Ruben Hujmannla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.

Əli Baxışov (60 kq) da növbəti qələbəsini qazanıb. Boksçumuz bu dəfə Petar Krpanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0. O, yarımfinala gedən yolda Kristian Haraşiklə (Slovakiya) döyüşəcək.

Şahin Aslanov (65 kq) da komanda yoldaşlarının uğurunu davam etdirib. Millimizin üzvü Muhammad Ali Seferbekovdan (Rusiya) güclü olub – 3:2. Aslanov 1/4 finalda Yaşua Flemminqlə (İngiltərə) üz-üzə gələcək.

Bununla da oğlan boksçuların yarışında 1/4 finala vəsiqə qazanan təmsilçilərimizin sayı 4-ə yüksəlib. Daha öncə Əli Əliyev (50 kq) də bu hüquqa yiyələnib.

Qeyd edək ki, dünən qız boksçuların mübarizəsində bir idmançımız 1/8, ikisi 1/4 final döyüşünə çıxıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью