Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
2020-ci il fevralın 4-də BMT-nin rəsmi əlamətdar günləri siyahısına daxil edilmiş Beynəlxalq İnsan Qardaşlığı Günü bütün dünyada geniş şəkildə qeyd olunur. "Səs" qəzeti xəbər verir ki, bu əlamətdar gün 2019-cu il fevralın 4-də Roma Papası Fransisk və Əl-Əzhər Böyük İmamı Şeyx Əhməd Əl-Tayibin Əbu-Dabidə imzaladıqları “Dünyada Sülh və Birgəyaşayış naminə Bəşəriyyətin Qardaşlığı” Bəyannaməsinin ildönümünə həsr olunub. 2020-ci il dekabrın 21-də BMT Baş Assambleyası Birləşmiş Ərəb Əmirlikləri və Misirin birgə təşəbbüsü ilə 4 fevral tarixini Beynəlxalq İnsan Qardaşlığı Günü elan edib.
Əbu-Dabidə keçirilən görüşün məqsədi dünya dinləri arasında dialoqu inkişaf etdirmək, dinlərarası ziddiyyətləri aradan qaldırmaq, bu zəmində düşmənçiliyin katalizatora çevrildiyi, barışmazlığa və acılığa səbəb olduğu dinlərarası çəkişmə və münaqişələrin qarşısının alınması yollarını müzakirə etmək idi. Dini liderlər öz sənədlərində vurğulayıblar ki, əsl iman həm insan ailəsinin daxilində, həm də xaricində harmoniyanı təşviq edir, habelə düşmənçiliyə, nifrətə və xüsusən də zorakılığa səbəb olmaqdansa, yaxınlaşmaya gətirib çıxarır.
Yeni əlamətdar günü təsis edən BMT Baş Assambleyası bütün üzv dövlətləri, eləcə də qlobal birliyi, dini liderləri, dini icmaların üzvlərini və müxtəlif dinlərin nümayəndələrini əsl iman təlimlərini - tolerantlığı, sevgini, şəfqəti və qarşılıqlı yardımı xatırlamağa çağırıb. BMT-nin qənaətinə görə, bunlar olmadan, heç bir gələcək qurula bilməz. Dinlərarası və mədəniyyətlərarası dialoqa əsaslanan insan qardaşlığı prinsipləri bəşəriyyətin davamlı inkişafına töhfə verir, düşmənçilik, münaqişələr və müharibələr isə bu prosesə mane olur.
BMT vurğulayır: “Tolerantlıq, plüralizm, qarşılıqlı hörmət, dinlərin və inancların müxtəlifliyi insan qardaşlığını inkişaf etdirir. Buna görə də sülhü və sosial sabitliyi, müxtəlifliyə qarşılıqlı hörməti gücləndirmək, qlobal, regional, milli və yerli səviyyələrdə sülhə və anlaşmaya əlverişli bir atmosfer yaratmaq üçün dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etmək lazımdır”.
Təşkilat, həmçinin fevralın ilk həftəsində bütün dinləri, inancları və etiqadları əhatə edən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirir. Yalnız beynəlxalq səviyyədə əldə edilən insan qardaşlığı prinsipləri bəşəriyyətə qlobal sosial, iqtisadi, siyasi və mədəni çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər. BMT Baş Assambleyası vurğuladığı kimi, sülh sadəcə müharibənin olmaması deyil, qarşılıqlı əlaqə və münasibətlərin qurulması, dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma yolu ilə ziddiyyətlərin aradan qaldırılması yolu ilə inkişaf prosesidir.