Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Son illərdə Azərbaycanda premium smartfonlara, xüsusilə də “iPhone” modellərinə maraq diqqətçəkəcək dərəcədə artıb.
Bazar iştirakçılarının açıqladığı məlumatlara görə, satılan “iPhone” telefonlarının təxminən 49 faizi kredit hesabına əldə olunur. Halbuki bu cihazların qiyməti model və yaddaş həcmindən asılı olaraq təxminən 1 700 manatdan başlayır, ən yeni Pro və Pro Max modellərində isə 4 min manatı ötür.
Buna baxmayaraq, bir çox insan uzunmüddətli kredit öhdəliyi götürərək bu telefonlara sahib olmağa üstünlük verir. Mütəxəssislər hesab edirlər ki, istehlakçı davranışı hər zaman yalnız maddi imkanlarla müəyyənləşmir.
Bəzən insanların seçimlərinə sosial mühit, ətrafın təsiri, özünü təsdiq etmək istəyi və prestij hissi də ciddi təsir göstərir. Xüsusilə sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə bahalı telefonlara sahib olmaq bəziləri üçün sadəcə rabitə vasitəsi deyil, həm də müəyyən sosial statusun göstəricisi kimi qəbul edilir.
Bəs maddi imkanları məhdud olan insanların bahalı “iPhone” telefonlarını kreditlə almağa üstünlük verməsinin arxasında hansı psixoloji səbəblər dayanır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, bahalı telefonları kreditlə almaq çox vaxt ehtiyacdan yox, daxili boşluqdan və özünü sübut etmək istəyindən qaynaqlanır:
“İnsan bəzən telefon almır, özünə dəyər hissi almağa çalışır. Maddi gücü çatmadığı halda belə bahalı cihaz seçən biri əslində başqalarına “mən də sizin kimiyəm” mesajı vermək istəyir. Çünki bu cəmiyyətdə bir çox insan öz varlığını xarakteri, biliyi və bacarığı ilə deyil, əlində tutduğu əşya ilə göstərməyə başlayıb.
İnsan olmaq yerinə görünməyə çalışır, dəyərli olmaq yerinə dəyərli görünmək istəyir. Xüsusilə gənclər arasında bu vəziyyət sosial müqayisə və natamamlıq kompleksinin nəticəsidir. İnsan başqasının həyatına baxıb öz həyatını kiçik görür və həmin hissi bahalı əşyalarla örtməyə çalışır.
Halbuki ən bahalı telefon belə özünə inamsızlığı, qəbul edilmək ehtiyacını və daxili narahatlığı aradan qaldıra bilmir. Başqalarının fikri ilə yaşayan insan heç vaxt həqiqətən azad olmur.
Çünki onun qərarlarını öz istəkləri deyil, cəmiyyətin gözləntiləri idarə edir. Bəzi insanlar bir neçə il borc içində yaşayıb, bir neçə dəqiqəlik heyranlıq qazanmağa çalışırlar. Gələcəyi satıb, bu günün görüntüsünü satın alırlar”.
Psixoloq qeyd edir ki, status yarışı insanı özündən uzaqlaşdırır. Daha çox qazanmaq, inkişaf etmək və güclənmək əvəzinə, sadəcə başqalarına sübut etməyə çalışır:
“İnsanların bir hissəsi var olmaq üçün deyil, varlı görünmək üçün yaşayır. İnsan hər zaman həqiqəti unudur. İnsanın dəyərini cibindəki telefon yox, beynindəki düşüncə və içindəki xarakter müəyyən edir”.
Aişə Abdulova
“Cebheinfo.az”
Açar sözlər: “iPhone” Rövşən Nəcəfov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin