Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyada gənclik yaşının yuxarı həddinin 35-dən 40-a qaldırılması məsələsi müzakirə olunur. Bu təşəbbüs insanların həyat tərzinin dəyişməsi, ailə qurmaq, karyera qurmaq və müstəqil həyata başlamaq planlarının daha gec yaşlara təxirə salınması ilə əlaqələndirilir. Bəs Azərbaycanda gənclik yaşının yuxarı həddi necə müəyyənləşdirilir? Müasir dövrün reallıqları nəzərə alınaraq gənclik yaşının 40-dək artırılmasına ehtiyac varmı?
Mövzunu "Azpolitika"ya şərh edən sosioloq Nail Cəlil bildirib ki, gənclik yaşı ilə onun yuxarı həddə qaldırılması insanın təbii inkişaf xüsusiyyətləri ilə müəyyənləşdirilir:
"Normal inkişaf xüsusiyyətlərinə görə insanın gənclik yaşı 18-25 arasıdır. Bundan sonra 25-29 yaşa qədər nisbi sabitlik dönəmi hesab olunur. 30 yaşdan sonra isə insanın fiziki göstəricilərinin geriləməsi, tədricən yaşlanma və qocalması baş verir. Burada müəyyən istisnalar ola bilər. Bu, hardasa əhalinin 10-15 faizini əhatə edir. Amma ümumilikdə gənclik yaşının 35 və ya 40-a qaldırılmasının heç bir mənası yoxdur. Azərbaycanda hərbi çağırış yaşı da 35-ə qaldırılmışdı və gənclik yaşı hesab olunurdu. Amma insanın özünü gənc hesab etməsi onun yaşca gənc olması demək deyil. Bu, sağlamlıq vəziyyətinin göstəricisidir. İnsan 60-70 yaşında da cavan görünə bilər. Amma bu, onun yaş keyfiyyətlərini, xüsusiyyətlərini dəyişmir və azaltmır. Odur ki, Rusiyada belə bir qərarın qəbul edilməsi Azərbaycanda məsələyə münasibəti dəyişməməlidir".
Sosioloqun sözlərinə görə, Azərbaycanda gənclik yaşının hər hansı bir formada dəyişməsinə ehtiyac yoxdur:
"Bu təsnifat psixoloji, sosial-bioloji və genetik amillərlə müəyyən edilir. Yəni təqvim yaşı ilə müəyyənləşdirilən bir struktur mövcuddur. Bu da insanın yaşını müəyyənləşdirən əsas əlamətlər sırasındadır. Təbii ki, sosial, psixoloji və bioloji yaş bir-birindən fərqlənə bilər. Ən optimalı bu yaş göstəricilərinin sabit olması, dəyişməməsi və bir-birinə yaxın qalmasıdır. Yəni insan 80 yaşında özünü gənc hiss edirsə, bu, yaxşıdır. Amma digər tərəfdən də, bu faktları düzgün tənzimləmək lazımdır".
Müşviq Tofiqoğlu
Azpolitika.info