430 kilometrlik Zəfər marafonu

04.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qarabağ qazisi Firuz Əlizadə yayın qorabişirənində bu qədər yolu piyada qət edib

Dövlət Neft Şirkətinin mühəndisi, Birinci Qarabağ müharibəsi veteranı Firuz Əlizadə uzun illər ürəyində yaşatdığı arzunu bugünlərdə gerçəkləşdirib. Bakıdakı Şəhidlər xiyabanından mədəniyyət paytaxtımız Şuşaya qədər 430 kilometrlik məsafəni 9 gün 4 saata piyada qət edib.

Firuz Əlizadə söhbət zamanı Şuşa yürüşünə Şəhidlər xiyabanından başlamasının təsadüfi olmadığını, bu müqəddəs məkanın Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğunu, burada uyuyan şəhidlərin ölkəmizin müstəqilliyi və azadlığı uğrunda mübarizə rəmzinə çevrildiyini dedi. O, Qarabağ yürüşünün Şuşada başa çatmasını isə bu qala şəhərin düşmən əsarətindən xilas edilməsi ilə Vətən tariximizin qəhrəmanlıq salnaməsinə daha parlaq bir səhifə yazılması və qədim yurd yerimizin azadlığı uğrunda 30 illik ölüm-dirim mübarizəsinin son akkordu olması ilə əlaqələndirdi.

Bildirdi ki, Birinci Qarabağ müharibəsində onunla döyüşənlərin, şəhid olanların və sağlamlığını itirən qazilərin arzusu – düşmən işğalında saxlanılan qədim yurd yerlərimizin işğalçıdan geri alınması 2020-ci ildə müzəffər Ordumuzun parlaq qələbəsi ilə gerçəkləşdi. Azərbaycanın gənc nəsli 44 günlük bu savaşda misilsiz qəhrəmanlıq və şücaət göstərərək tarixi Zəfərin qazanılmasında əsas hərəkətverici qüvvə kimi diqqət çəkdi.

Müharibə veteranı yol boyu gördüklərindən də ətraflı danışdı. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin Azərbaycanın gələcəyinə, sabitliyə və dayanıqlı inkişafa yönələn strateji xəttin bir hissəsi olduğunu vurğuladı. O, bu torpaqların artıq yalnız xatirələrin deyil, həm də yeni imkanların, innovasiyaların, sosial və iqtisadi dirçəlişin məkanı olduğunu, qurulan hər bir infrastrukturun və icra edilən hər bir sosial layihənin əsasında böyük bir ideyanın – bütün xalqın gücünü və birliyini əks etdirən dirçəliş ruhunun dayandığını, milli kimliyimizin, tarixi ədalətin və dövlətimizin suverenliyinin möhtəşəm təntənəsi, gələcəyə inamın, əzmin və ümummilli birliyin parlaq ifadəsi olduğunu söylədi.

Firuz Əlizadə sonda Şuşa təəssüratını XQ-yə belə açıqladı:

– Əzəli-əbədi yurd yerimiz olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Amma bu, Şuşanı sındırmayıb, əyməyib. Dövlətimizin başçısının vurğuladığı kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirməyə gücü çatmayıb.

Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndi bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Bu qala şəhəri həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi isə onun tarixi- mənəvi dəyərlərindən qaynaqlanır.

V.BİNYATOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью