Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bilmirəm, nə vaxt, kim “kəşf” edib filmə popkorn yeməklə, tum çırtlamaqla baxmağı, lakin bildiyim odur ki, film seyr edərkən hər hansı başqa bir işlə məşğul olmaq fikri dağıdır və nəticədə filmə baxmış deyil, sadəcə vaxt itirmiş olursan.
Tez-tez qarşılaşırıq, kinoteatrlarda filmə baxmağa əlində popkornla gələnlərə. Bəlkə də elə mövzuda filmlər olar ki, bu popkorn sevdası orada bir işə yarayar. Lakin Azərbaycanın 44 günlük Zəfərindən bəhs edən “44” filminə baxmağa ikinci dəfə gedərkən buraya popkornla gələnləri görəndə, inanın, sözün bitdiyi ana düşdüm. Bəlkə də birinci dəfə də filmə baxmağa gedəndə bu mənzərə var idi. Lakin mən o filmə elə həyəcanla, ürək döyüntüsü ilə baxmağa getmişdim ki, ətrafımda olanları əsla görməmişəm. Və film başlayandan sonra mən hiss edirdim ki, saniyələrlə nəfəs almıram. Bir-birini əvəz edən döyüş səhnələri, vətənpərvərliyin ən yüksək həddində dayanan, 2020-ci ilin 44 gününün hər dəqiqəsini, saatını yaşadan anlar insanı 2026-cı ildən birbaşa 6 il əvvələ aparır. Mən də özünü ancaq 44 gündə hiss edirdim. Göz yaşımın bir-birini əvəz edən qürur, kədər, sevinc üçün axdığı anlarda ətrafda təbii ki, olanları görə bilməzdim.
Lakin ikinci dəfə görə bildim. Gördüm ki, “44” filminə baxmağa popkornla gələn çoxsaylı insan da varmış. Bir anlığa düşündüm, görəsən bunlar baxacağı filmin adını biləndə bu popkornu necə ala biliblər? Bəlkə də yazını oxuyub yenə məni qınayanlar olacaq, lakin mənim fikrimdə olan yüzlərlə insan olar ki, hər filmə baxmağa popkornla getmək olmaz. O da ola bizim Zəfərimizdən bəhs edən filmə.
İnsanlar film seyr edərkən, həyəcanın birindən o birinə keçid edərkən, göz yaşı töküb, filmin qəhrəmanlarının fonunda 6 il bundan əvvəlki ağır müharibə zamanı itirdiyimiz minlərlə şəhidimizi, sağlamlığını qurban verən qazimizi xatırlayarkən, kiminsə ağzını marçıldada-marçıldada popkorn yeməsi sayğısızlıqdan başqa nə ola bilər?
Onların özlərinə bəlkə də elə gəlir ki, ağızlarının marçıldısı eşidilmir, lakin biz ətrafdakılar o ağızlardan çıxan səsləri yaxşı eşidirdik. Və eşitdikcə də qəlbimizdə ikrah hiss baş qaldırırdı: insanın özünə necə sayğı hissi olmaz? İnsan necə hər anı hiss-həyəcanla, bir saniyə sonra nə olacaq sualları bitməyən filmə baxa-baxa popkorn yeyə bilər? Bu hadisələr fonunda popkorn boğazdan necə keçə bilər?
Bütün bunlar qalsın bir yana, yəqin boğazlarından rahatlıqla keçirdi ki, yeyə bilirdilər. Lakin başqa bir məsələ də var axı. Tarixinə, Vətəninə, şəhidinə, qazisinə, insanına hörmət hissi. Bunlar mənəvi dəyərləri formalaşdırır. Bu dəyərlərlə biz övlad yetişdirir, Vətənə insan hazırlayırıq. Bəs Vətən torpaqlarının azadlığından, suverenliyi uğrunda mübarizədən bəhs edən, gözlərimiz önündə minlərlə insan taleyinin birləşdiyi bir filmə baxa-baxa popkorn yemək nə dərəcədə doğrudur?
Bəlkə mən səhv düşünürəm, yanaşıram. Belə isə siz deyin: “44” filminə popkornla gəlmək, camaatın filmi seyr etdiyi anlara ağız marçıldısını qatmaq doğru hərəkətdirmi? Bəlkə çox belə hadisələrə görməzdən gələrək insanlara harada necə davranmaları mövzusunda sərbəstlik vermişik.
Yazılan və yazılmayan qanunlar var. Yazılı qanunlara riayət etmək hər bir vətəndaşın borcu olduğu kimi, yazılmayan-yəni, özümüzün müəyyənləşdirdiyi qanunlara da hər kəs əməl etməyə borcludur. Bunu unutmayaq, unutmağımız mənəvi dəyərlərimizdən vaz keçmişik, deməkdir.
Mətanət Məmmədova