Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Kino tarixində elə mövzular var ki, onların ekrana gətirilməsi təkcə yaradıcı təxəyyül və peşəkarlıq deyil, həm də böyük məsuliyyət tələb edir. Müharibə mövzusu belə mövzulardandır. Çünki müharibə haqqında film çəkən rejissor yalnız baş vermiş hadisələri canlandırmır, həm də milyonlarla insanın yaddaşında yaşayan ağrılara, qürura, itkilərə və qələbə duyğusuna toxunur. Burada ən çətin məsələ tarixi hadisənin miqyasını göstərmək deyil, onun insan həyatında buraxdığı izləri bədii həqiqətə çevirməkdir.
Bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman olan “44” filminin əhəmiyyəti də, ilk növbədə, bu çətin vəzifəyə iddialı bir kino layihəsi kimi yanaşmadadır. İkinci Qarabağ müharibəsinin 44 gün ərzində yaşanan hadisələrini geniş ekran təhkiyəsinə çevirmək, döyüşlərin coğrafiyasını, hərbi əməliyyatların gərginliyini, xalqın mənəvi səfərbərliyini və ayrı-ayrı insanların talelərini vahid dramaturji məcrada birləşdirmək asan məsələ deyil. Film bu baxımdan Azərbaycan kinosunun qarşısında yeni miqyas və məsuliyyət qoyan ekran əsəridir.
Kinoteatrın nümayiş zallarına addım atarkən ilk diqqəti çəkən şey sadəcə, anşlaq və biletlərin tükənməsi deyil, o ecazkar aura və həyəcan olur. Zala daxil olanda tamamilə dolu olduğunu gördüm: gənclər, veteranlar, analar, uşaqlar - hər kəs nəfəsini çəkmədən filmin başlanmasını gözləyirdi. Mətbuatdan oxuduğuma görə “44” filminin seanslarında daimi anşlaq olur. Bu fasiləsiz anşlaqlar yalnız reklam kampaniyasının nəticəsi deyil, bu, cəmiyyətin uzun müddət daxilində daşıdığı emosional yükün, haqq səsinin ekranda təcəssüm tapmasına olan ehtiyacın təbii reaksiyasıdır. Film boyu zalda yalnız kadrların dinamik ritmi və pıçıltılı hıçqırıqlar eşidilir. Bu, sadəcə, bir filmə baxmaq deyil - bu, milli yaddaşın və kollektiv duyğuların böyük bir sənət vasitəsilə yenidən yaşanması və insan mənəviyyatının arınmasıdır.
“44”ü yalnız istehsal göstəriciləri və döyüş səhnələrinin miqyası ilə dəyərləndirmək onun bədii mahiyyətini tam açmazdı. Fikrimcə, əsərin əsl məzmunu daha çox bu sualda gizlənir: Tarixi Zəfərimiz kino dilində necə insaniləşdirilir, ümummilli hadisə ayrı-ayrı qəhrəmanların şəxsi talelərində necə görünür? Çünki kino tənqidçilərinin dili ilə desək, “böyük müharibə filmləri “bürünc qəhrəmanları” yox, “müharibəyə olan sevgilərindən deyil, Vətənə, həyata və yaxınlarına olan sevgilərindən ötrü şücaət göstərən adi insanları” qəhrəman kimi göstərir”. “44” bədii filminin əsas qayəsi də budur.
Filmin dramaturji quruluşunda bir kursantın baxış bucağından çıxış edilərək fərdi talelərdən ümumxalq fədakarlığına keçən polifonik bir struktur qurulub. Əsas diqqətin xüsusi təyinatlı zabit Rəşad Xəlilovun, türk həkim Zeynəb Özdəmirin və polkovnik Ramazan Kərimovun obrazları ətrafında cəmləşməsi təsadüfi deyil. Bu seçim müharibəni yalnız hərbi əməliyyatların ardıcıllığı kimi təqdim etməkdən uzaqlaşmağa imkan verir. Ekranda döyüşçü, komandir, həkim, sevgili, ata və övlad kimi fərqli insan taleləri eyni tarixi zamanın içərisində qarşılaşır.
Beləliklə, müharibə bir tərəfdən dövlətin və xalqın taleyini müəyyənləşdirən hadisə, digər tərəfdən isə insanın şəxsi həyatını dəyişdirən sınaq kimi təqdim olunur. Rəşad obrazının inandırıcılığı da buradan qaynaqlanır. O, yalnız qəhrəmanlıq nümayiş etdirmək üçün yaradılmış mücərrəd bir personaj təsiri bağışlamır. Onun insani münasibətləri, sevgisi, silahdaşları ilə davranışı, gündəlik həyatın adi məqamları obrazı canlı saxlayır. İbrahim Çingizin ifasında Rəşadın xarakterində süni qəhrəmanlıq nümayişinə və artıq pafosa meyilin olmaması mühüm aktyor uğurudur. Tamaşaçı onun qəhrəmanlığına əvvəlcədən elan edilmiş bir keyfiyyət kimi deyil, davranışlarından və seçimlərindən doğan mənəvi xüsusiyyət kimi inanır.
Özge Gürelin canlandırdığı türkiyəli həkim-ortoped Zeynəb Özdəmir obrazı isə müharibə süjetinə fərqli emosional qat gətirir. Rəşad cəbhənin alovlu nöqtələrində torpağın hər qarışı üçün vuruşarkən, Zeynəb arxa cəbhədə - Ermənistanın dinc əhaliyə qarşı törətdiyi raket hücumlarının fəlakət zonası olan Gəncədə insan həyatı uğrunda amansız bir döyüş aparır. Rejissorlar müharibənin iki üzünü – cəbhənin hərbi strategiyasını və arxa cəbhənin humanitar faciəsini paralel montaj texnikası ilə elə ustalıqla birləşdiriblər ki, tamaşaçı bir an belə tempdən düşmür. Onların münasibəti filmdə, sadəcə, romantik xətt yaratmaq məqsədi daşımır, bu sevgi həm iki qardaş millətin eyni ağrını və ümidi bölüşən ruhunun simvoluna çevrilir, həm də müharibənin təhlükə altına qoyduğu adi insan həyatının rəmzini ifadə edir. İnsan sevir, ailə qurmaq, yaşamaq, gələcək haqqında düşünmək istəyir. Müharibə isə bütün bu arzuların qarşısına gözlənilməz və acı bir həqiqət çıxarır.
Polkovnik Ramazan Kərimovun (İlqar Musayev) təmkinli, strateji və komandanlıq nüfuzu gənc döyüşçülər üçün mənəvi dayaq rolunu oynayaraq Rəşadın alovlu fədakarlığı ilə mükəmməl balans yaradır. Məhz bu səbəbdən filmdə şəxsi münasibətlərə və ailə bağlarına yer ayrılması onun dramaturji məzmununu genişləndirir. Müharibə yalnız səngərdəki əsgərin yaşadığı hadisə deyil. Əsgəri arxa cəbhədə gözləyən ana, ata, həyat yoldaşı, nişanlı, övlad da həmin müharibənin iştirakçısına çevrilir. Onlar silah daşımasalar da, döyüşün mənəvi yükünü çiyinlərinə alıb aparırlar. Filmin bu həqiqətə toxunması onun emosional təsirini artıran cəhətlərdəndir.
Ekran əsərinin diqqətəlayiq xüsusiyyətlərindən biri sənədli xronika ilə bədii təsvirin qarşılıqlı əlaqəsidir. Müharibə günlərinin real görüntüləri ilə bədii səhnələrin bir-birini tamamlaması tamaşaçıda hadisələrin yalnız təsvir edilmədiyi, həm də yenidən yaşandığı təəssüratını yaradır. Bəzi kadrların illər əvvəl mətbuatda, sərgilərdə və elektron resurslarda gördüyümüz fotoşəkilləri xatırlatması bu baxımdan əlamətdardır. Hərəkətsiz foto yaddaşda müəyyən bir anı qoruyub saxlayır. Kino isə həmin anın ətrafında həyatın davam etdiyini, insanların danışdığını, hərəkət etdiyini, gözlədiyini və mübarizə apardığını göstərir. Bu, filmin tarixi həqiqətə yaxınlığını gücləndirən bədii yanaşmadır. Çünki tamaşaçı ekranda gördüyü hadisələrin hansısa uzaq və mücərrəd keçmişə deyil, özünün yaşadığı, şahidi olduğu yaxın tarixə aid olduğunu hiss edir.
Gəncədə mülki əhaliyə qarşı raket hücumunun nəticələrinin göstərilməsi, xüsusilə uşağın taleyi ilə bağlı epizod filmin emosional məzmununda ayrıca yer tutur. Aydın obrazının tamaşaçıya tanış olan müharibə fotoşəkillərindən birini xatırlatması təsadüfi assosiasiya deyil. Bu epizod müharibənin əsl mahiyyətini açan mühüm bədii işarədir. Döyüş meydanından uzaqda yaşayan, silahı olmayan, müharibə haqqında qərar verməyən insanlar da onun ağır nəticələri ilə üzləşirlər. Uşağın simasında müharibənin günahsız qurbanlarının taleyi görünür. Belə səhnələr filmin qəhrəmanlıq məzmununu daha geniş mənəvi müstəviyə keçirir.
Filmdə coğrafiyanın seçimi də diqqətəlayiqdir. Bakı və İçərişəhərin qədim şəhər mühiti, Lerikin dağ mənzərələri, Qarabağın dağıdılmış yaşayış məntəqələri, Şuşanın sıldırım qayaları, müxtəlif bölgələrdən təqdim olunan insan obrazları vahid, möhtəşəm Azərbaycan mənzərəsi yaradır.
Rəşadın İçərişəhərlə bağlılığı onun obrazına şəhər mədəniyyətinin və tarixi yaddaşın müəyyən çalarını gətirir. Lerikdən olan döyüşçünün hekayəsi, eləcə də Qırmızı Qəsəbədən olan yəhudiəsilli əsgərin filmdə yer alması Azərbaycanın müxtəlif etnik və mədəni mühitlərdən ibarət ictimai quruluşunun müharibə zamanı vahid vətənpərvərlik düşüncəsi ətrafında birləşməsini uğurla ifadə edir. Vətən anlayışı burada konkret coğrafiya, doğma ev, ata ocağı, şəhər küçəsi, dağ kəndi və insan münasibətləri ilə tamamlanır.
Qurban İsmayılovun yaratdığı ata və Mehriban Zəkinin canlandırdığı ana obrazları filmin bədii baxımdan ən yaddaqalan tapıntılarındandır. Mehriban Zəkinin yaratdığı ana obrazı danışmadan belə bütün bir xalqın dərdini, göz yaşını və məğrurluğunu ifadə edir.
Qurban İsmayılovun oynadığı ata obrazının gücü də çox danışmasında deyil, susduğu məqamlarda üzə çıxır. Azad edilən yaşayış məntəqələrini xəritədə işarələyən atanın hərəkətləri əvvəlcə döyüş uğurlarına sevinən bir insanın davranışıdır. Sonra isə həmin xəritə onun üçün daha ağır məna kəsb etməyə başlayır, o, artıq şəhid atasının gözü ilə baxır. Şuşanın yerini qırmızı düymə ilə işarələməsi zahirən sadə bir hərəkətdir. Ancaq bu hərəkətdə həm qürur, həm itki, həm də şəxsi taleyin ümummilli tarixlə qovuşması var. Döyüşlərin gurultusu, hərbi texnikanın hərəkəti və böyük kütləvi səhnələr arasında kiçik bir insan davranışının bu qədər yadda qalması filmin bədii imkanlarının mühüm göstəricisidir.
Hikmət Rəhimovun yaratdığı erməni snayperi obrazı isə filmdə qarşı tərəfin psixoloji portretinə münasibətin mürəkkəbliyini ortaya qoyur. Obrazın zahiri görünüşündə xüsusi iblisləşdirmə əlamətləri axtarılmır. O, öz ideyasına fanatik bağlılığı, döyüş bacarığı və sərt davranışı ilə təqdim olunur. Bu yanaşmanın üstünlüyü ondadır ki, düşmən obrazı yalnız zahiri nifrət vasitəsilə qurulmur, onun davranışlarının arxasında dayanan ideoloji fanatizm və sərtlik göstərilir. Aktyorun işi də obrazın bu daxili ziddiyyətini ifadə etmək baxımından diqqət çəkir.
Filmin döyüş səhnələri, xüsusilə Hadrut və Şuşa uğrunda əməliyyatların ekranlaşdırılması ayrıca təhlilə layiqdir. Şuşaya doğru hərəkət edən xüsusi təyinatlıların sıldırım qayalara qalxması, şəhərə daxil olması və ağır döyüşlərə qatılması filmin vizual dramaturgiyasının zirvə nöqtələrindəndir. Quruluşçu operator Oleksandr Pozdnyakovun kamerası burada sadəcə baş verənləri qeydə alan mexaniki göz deyil, hadisələrin içinə nüfuz edən canlı şahiddir.
Cəbhə xəttindəki dinamik və əldən çəkilmiş kadrlar müharibənin xaosunu və gözlənilməzliyini ötürərkən, Gəncə dağıntıları fonundakı statik və ağır kompozisiyalar faciənin dərinliyini, dondurulmuş sükutunu qabardır. Səngərlərdəki soyuq, polad kimi göyümtül tonlarla xatirə səhnələrindəki isti işıq keçidlərinin kontrastı, xüsusilə də qar yağan havada Şuşanın tərk edilmiş zavodunun beton karkaslarında lentə alınan final döyüşünün vizual estetikası kadrı tablo səviyyəsinə qaldırır. Ağ qarın saflığı, sökülmüş betonun tünd tonları və odlu partlayışların yaratdığı kontrast rejissor təxəyyülü ilə birləşərək haqq mübarizəsinin təmizliyini tək bir kadrlıq simvola çevirir.
Burada rejissorların qarşısında duran əsas məsələ hərbi əməliyyatın miqyasını nümayiş etdirməklə yanaşı, onun insan üzərindəki təsirini də qorumaqdır. Filmin döyüşçüləri yalnız əmrləri yerinə yetirən, daim qəhrəmanlıq nümayiş etdirən obrazlar deyillər. Onlar dostluq edir, zarafatlaşır, bir-birinə dayaq olur, silahdaşlarını itirməkdən qorxurlar. Bu insani cizgilər döyüş səhnələrinin emosional inandırıcılığını artırır. Çünki tamaşaçı qəhrəmanların yalnız nə etdiklərini deyil, nələr hiss etdiklərini də görür.
Məşhur amerikalı yazıçı və sənətşünas-tənqidçi Syüzen Zontaq müharibənin vizual obrazlarının tamaşaçıya təsirini təhlil edərkən yazır: “Müharibə kinoatraksiona çevriləndə, biz başqalarının ağrı-acısını reallıq kimi qəbul etməyi dayandırır, onu operator və montajçının işi kimi qiymətləndirməyə başlayırıq”. Amma əsl sənət əsəri silahların qələbəsinə deyil, münaqişənin həm qurbanların, həm də şahidlərin yaşadığı faciələrə diqqət yetirir.
Bütün bunlarla yanaşı, belə miqyaslı filmlərdə mühüm bir bədii təhlükə də mövcuddur: vizual zənginlik və hadisələrin geniş coğrafiyası bəzən ayrı-ayrı süjet xətlərinin daxili inkişafını kölgədə qoya bilər. “44”ün 2 saat 38 dəqiqəlik ekran müddəti, geniş personajlar sistemi və çoxsaylı hərbi-sənədli epizodları dramaturji tarazlıq məsələsini xüsusilə vacib edir. Filmin güclü döyüş səhnələri, tarixi xronika və şəxsi münasibətlər xətti arasında keçidlər nə qədər məqsədyönlü qurulursa, əsərin ümumi təsiri də bir o qədər bütövləşir.
“44”ün istehsal göstəriciləri isə Azərbaycan kino sənayesinin imkanları baxımından ayrıca əhəmiyyət daşıyır. Beş il davam edən hazırlıq və istehsal prosesi, 455 nəfərlik daimi yaradıcı, aktyor və inzibati heyət, çəkilişlərdə iştirak edən 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin real döyüşçüləri və mindən çox aktyor, Bakıdan Şuşaya, Füzulidən Lerikə qədər uzanan 130-dan artıq məkan, 150-dən çox həqiqi hərbi texnika (tanklar, artilleriya, PUA-lar) və 300 min döyüş patronunun istifadə olunduğu səhnələr bu layihənin misilsiz miqyasını göstərir. 112 saatlıq çəkiliş materialının 2 saat 38 dəqiqəlik bütöv ekran əsərinə çevrilməsində Elşad Rəhimovun montaj dinamikası postprodakşn prosesinin mürəkkəbliyini uğurla həll edib.
On üç ölkədən mütəxəssislərin cəlb edilməsi, Polşanın “FixaFilm” studiyasında Dolby Vision standartları ilə aparılan rəng korreksiyası və görüntünün yekun emalında beynəlxalq əməkdaşlıq filmin texniki bazasını dünya standartlarına çatdırıb. Xüsusilə diqqətəlayiq məqam odur ki, kompüter qrafikasında süni intellektdən imtina edilərək təmiz insan əməyi, canlı optika və estetik duyğunun öndə tutulması əsərin səmimi ruhunu qoruyub saxlayıb.
Eyni zamanda, bəstəkar Ruslan Ağababayevin Nyu-Yorkda yazılışına başlanılan, Bakıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən Əyyub Quliyevin dirijorluğu ilə ifa edilən və Londonun məşhur “AIR Studios”unda yekun miksinqi aparılan musiqisi filmin akustik dərinliyini müəyyənləşdirib. Simfonik dalğalarla muğam çalarlarının və tarın tənha səsinin qovuşması, eləcə də səs rejissoru Teymur Kərimovun altı ay ərzində işlədiyi Dolby Digital 5.1 səs dizaynı (patronların vıyıltısı, mərmilərin uğultusu, əsgərin təşvişli nəfəsi) tamaşaçını birbaşa hadisələrin mərkəzinə aparır. Görmə imkanları məhdud tamaşaçılar üçün tifloşərhli versiyanın hazırlanması da filmin təqdimatında əlçatanlıq məsələsinə diqqət yetirildiyini göstərir.
Amma bütün bu texniki və təşkilati göstəricilər filmin bədii dəyərini öz-özünə müəyyən etmir. Kino sənətində istehsal miqyası vasitədir, məqsəd deyil. Əsas məsələ həmin imkanların tamaşaçıya hansı emosional və estetik təcrübəni yaşatmasıdır. “44”ün uğurlu məqamları məhz texniki imkanların insan talelərini göstərən səhnələrlə birləşdiyi yerlərdə üzə çıxır.
Filmin finalı da bu baxımdan maraqlı dramaturji məna daşıyır. Zəfər paradının təntənəli görüntüləri, ardınca şəhidlərin portretlərini daşıyan hərbçilərin yürüşü qələbənin iki fərqli tərəfini eyni ekranda birləşdirir. Bir tərəfdə qazanılmış misilsiz tarixi nəticə, digər tərəfdə həmin nəticənin ağrıları var. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürüşün önündə görünməsi isə filmin siyasi-tarixi kontekstini tamamlayan möhtəşəm vizual məqamdır.
“44”ün premyerasından sonra baş verən hadisə filmin özündən kənara çıxaraq onun mənəvi məzmununu daha da dərinləşdirdi. Filmin təqdimatında izlədiyim bu məqam məni əsl mənada heyrətləndirdi. Səhnəyə yaradıcı heyətdən əvvəl şəhid analarının dəvət olunması, onların zal qarşısında dayanması, yaşadıqları ağrını və xatirələrini bölüşməsi gecənin emosional mərkəzini dəyişdirdi. Bir qədər əvvəl ekranda izlənilən döyüşlər, qələbə görüntüləri və təntənəli musiqi birdən-birə real həyatın ən ağır həqiqəti ilə üz-üzə gəldi.
Düşünürəm, bu səhnə filmin bədii təhkiyəsinin davamı kimi qəbul edilməlidir. Çünki kino ekranında qəhrəmanlıq obrazı kimi gördüyümüz döyüşçülərin hər birinin arxasında bir ana, bir ata, bir ailə, bir nişanlı qız dayanır. Onların yoxluğu isə qələbə sevincinin içərisində heç vaxt tam dolmayacaq bir boşluq yaradır. Şəhid analarının səhnəyə çıxması həmin gecədə iştirak edən tamaşaçıya xatırlatdı ki, tarixi hadisələrin ən böyük mənası yalnız əldə edilən nəticədə deyil, həmin nəticənin arxasında dayanan insan talelərindədir.
Məncə, “44” filminin yadda qalan əsas cəhətlərindən biri də budur - o, tamaşaçını yalnız qələbənin sevincinə şərik etməyə çalışmır, eyni zamanda, həmin qələbənin mənəvi məsuliyyəti ilə üz-üzə qoyur. Zəfər paradı ilə şəhid portretlərinin eyni final məkanında birləşməsi də bu fikri tamamlayır. Qələbə və itki bir-birinə zidd duyğular deyil, onlar həmin tarixi hadisənin ayrılmaz tərəfləridir.
Bu qənaətdəyəm ki, “44”ün Azərbaycan kinosu üçün əhəmiyyəti onun gələcək hərbi filmlər qarşısında müəyyən bir miqyas və keyfiyyət gözləntisi yaratmasındadır. Standartı xeyli yüksəldən bu ekran əsərindən sonra müharibə mövzusuna müraciət edən yaradıcılar yalnız döyüş səhnələrinin çoxluğu ilə kifayətlənə bilməzlər. Onlardan daha dərin obrazlar, daha mürəkkəb psixoloji vəziyyətlər, tarixi həqiqətə daha həssas münasibət və kino dilinin yeni imkanlarından istifadə tələb olunacaq. Bu mənada, “44” yalnız konkret bir müharibənin ekranlaşdırılması deyil, Azərbaycan kinosunun öz qarşısında qoyduğu yeni bədii və texniki vəzifələrin də göstəricisidir.
Filmin beynəlxalq festivallarda və xarici ölkələrdə nümayişi nəzərdə tutulursa, əminəm belə də olacaq - onun qarşısında daha bir məsuliyyət dayanır: Azərbaycan tamaşaçısının yaxşı tanıdığı tarixi həqiqəti başqa ölkələrin auditoriyasına da anlaşılan kino dili ilə çatdırmaq. Dünya kinematoqrafiya tarixində geniş miqyaslı döyüş səhnələrini fərdi insan taleləri ilə birləşdirən Stiven Spilberqin “Şindlerin siyahısı” və ya Kristofer Nolanın “Dünkerk” kimi əsərlərinin yaratdığı estetik paradiqma kontekstində baxdıqda, “44” filminin həm Avropa, həm də Asiya kinofestivallarının əsas müsabiqə proqramları üçün güclü potensiala malik olduğu görünür. Bunun üçün milli tarixi kontekstin qorunması ilə yanaşı, insan talelərinin ümumbəşəri məzmunu da ön plana çıxmalıdır. Çünki müharibənin coğrafiyası dəyişə bilər, amma insanın sevdiyini itirmək qorxusu, ailəsinə qovuşmaq arzusu, doğma torpağa bağlılığı və azad yaşamaq istəyi bütün xalqlar üçün anlaşılan duyğulardır.
Nəticə etibarilə, “44” filminə yalnız İkinci Qarabağ müharibəsinin bədii salnaməsi kimi baxmaq kifayət deyil. Bu ekran əsəri yaxın tariximizin kollektiv yaddaşa çevrilməsi, müharibə təcrübəsinin kino vasitəsilə gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir. Bu yaddaşda yol məhz faciədən Zəfərə uzanır.
Məşhur kino nəzəriyyəçisi və rejissor Sergey Eyzenşteyn hesab edirdi ki, “döyüş filmləri hadisələrin xronologiyası kimi deyil, emosional montaj kimi işlənməlidir. Ekranın vəzifəsi sadəcə silah səsini qeyd etmək deyil. Kadrları elə ardıcıllıqla düzməlidir ki, tamaşaçı həm də baş verənlərin faciəsini fiziki olaraq hiss etsin”. “44” bədii filminin yaradıcı heyəti bu vəzifənin öhdəsindən yüksək səviyyədə gələ bilib.
Belə düşünürəm ki, bu filmin ən qiymətli məqamları böyük tarixi hadisənin içərisində kiçik insan talelərini görə bildiyi səhnələrdir. Sənət əsəri - istər kino olsun, istər teatr, “sağ qalan adam sindromu”nu, fəlakəti kənardan görən və ya bu fəlakətdə iştirak etməyə məcbur olanların emosional ağrılarını araşdırır. Və bu fəlakətdə yaşananların xatirəsi nəsildən-nəslə ötürülən ağır bir yükə, yaddaş yükünə çevrilir.
Unutmayaq ki, müharibənin tarixini məharətli komandanlar və ordular yazır, onun faciələrini və ağrılarını isə insanlar yaşayır. Kino bu iki həqiqəti birləşdirə bildiyi zaman tarixə, sadəcə, görüntü deyil, yaddaş qazandırır. “44”ün sənət iddiası və mənəvi əhəmiyyəti də məhz bu yaddaşın yaradılması cəhdindədir.
"44" filmi Zəfərimizin şanlı ruhuna, şəhidlərimizin əbədi xatirəsinə və xalqımızın yenilməz iradəsinə ucaldılmış əsl kinematoqrafik abidədir.
Hüseynbala MİRƏLƏMOV,
yazıçı, dramaturq