Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə "Ferma Bankı" (Çiftlik Bank) adı ilə tanınan sistemin qurucusu olduqları səbəbilə həbs edilən Mehmet Aydın və qardaşı Fatih Aydın 45 min 376 il 6 ay həbs cəzasına məhkum edilib.
Qaynarinfo xəbər verir ki, İstanbulun Qartal rayonundakı Anadolu 6-cı Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında Mehmet Aydın və Fatih Aydınla yanaşı, digər təqsirləndirilən şəxslərdən Həvva Özay və Osman Naim Kaya da iştirak edib.
Məhkəməyə iclasında bəzi azadlıqda olan təqsirləndirilən şəxslər və vəkilləri də qatılıb.
Mehmet və Fatih Aydın "İnformasiya sistemləri vasitəsilə dələduzluq", "Cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırma" və "Cinayətkar təşkilatın rəhbərliyi" maddələri üzrə ittiham edilib və hər biri 45 min 376 il 6 ay həbs cəzasına məhkum olunub.
Bundan əlavə, qardaşlara 496 milyon 64 min lirə məbləğində cərimə təyin edilib və bu məbləğin 24 ay ərzində hissə-hissə ödənilməsinə qərar verilib.
Mehmet Aydın məhkəmədə verdiyi ifadəsində heç kimi dələduzluq niyyəti ilə aldatmadığını və dövlətin əmlakına həbs qoyması səbəbilə zərərçəkənlərin pullarını qaytara bilmədiyini bildirib.
Fatih Aydın da ittihamları rədd edərək azadlığa buraxılmasını tələb edib.