5 hektardan az torpağı olanlar onu necə satacaq? Yeni qanunla bağlı vacib açıqlama

24.11.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Əslində necə olmalıdır, kim haqlıdır, mülkiyyətçi, yoxsa notarius? 

Ölkə.az xəbər verir ki, bunu əmlak sahəsi üzrə ekspert Ramin Osmanlı deyib. 

O, sözügedən suala belə aydınlıq gətirib:

"Son illər kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qanunvericilikdə bir sıra əhəmiyyətli dəyişikliklər edilib. Bunlardan biri də 14 iyul 2026-cı il tarixli 460-VIIQD№ -li "Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" Qanundur. Qanunun mahiyyəti kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli idarə olunması, torpaq sahələrinin həddindən artıq xırdalanmasının qarşısının alınması və torpaq ehtiyatlarından istifadənin optimallaşdırılması ilə bağlıdır. Bu qanunun qəbul olunma zərurəti müstəqilliyin ilk illərində həyata keçirilən torpaq islahatlarının mahiyyətcə doğru olmamaması, torpaq fondundan səmərəli istifadənin vaxtında təhlil olunmadan tez-tələsik verilmiş qərarlarla bağlı olmasıdır. 

Yəqin əksəriyyətiniz bu halla rastlaşmısız. İslahat zamanı yaxın qohum, qonşu və ya elə özümüzə uzunluğu 200 metr, eni 5 metr (1000 kv.m. -10 sot) ölçüdə torpaq ayrılıb. Həmin torpaq sahəsinin əkin-biçini aqrotexniki baxımdan ya mümkün deyil və ya iqtisadi baxımdan səmərəsizdir. Və ya yaşayış yerindən 50-60 km uzaqlıqda verilmiş torpaq sahəsi də elə o birinin oxşarıdır. İldə bir neçə dəfə gediş-gəliş xərcləri, gözətçi xərci o torpaqdan götürüləcək potensial gəlirdən daha yüksəkdir. Kəndlinin yeganə yolu bu cür yerləri dəyər-dəyməzinə satıb, bir dərdinə sərf eləməkdən keçir". 

Ekspert deyib ki, yeni hüquqi tənzimləmənin əsas istiqamətlərindən biri də kənd təsərrüfatı təyinatlı torpaqların bölünməsi zamanı minimum sahə prinsipinin tətbiqidir:

"Bu yanaşmanın əsas məqsədi kənd təsərrüfatı təyinatlı torpaqların çoxsaylı kiçik sahələrə parçalanmasının qarşısını almaq, iri və iqtisadi baxımdan səmərəli təsərrüfat subyektlərinin formalaşmasına şərait yaratmaqdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulan "5 hektar tələbi" torpaq sahələrinin özgəninkiləşdirilməsi nəticəsində yaranan yeni torpaq sahələrinin ölçüsü ilə bağlı məhdudiyyət kimi çıxış edir. Burada mühüm bir hüquqi fərqə diqqət yetirilməlidir: 5 hektardan az olan mövcud torpaq sahəsinin satılması ilə torpağın bölünərək daha kiçik sahələrin yaradılması eyni hüquqi əməliyyat deyil. Bu baxımdan 5 hektardan az torpaqların alqı-satqısının avtomatik olaraq qadağan edildiyini söyləmək düzgün olmaz. Sadəcə satış zamanı eyni şərtlər daxilində Mülki Məcəllənin müvafiq maddəsinin (648-1) tələbləri nəzərə alınmaqla sərhədlərdə olan qonşuların üstünlük hüququ qorunmalıdır. Sadə dillə ifadə etsək torpaq sahəsinin mülkiyyətçisi onu satmaq istədikdə qonşu mülkiyyətçilərə torpağı təklif etməlidir. Burada vacib bir məqamı xüsusi vurğulamaq lazımdır ki, qonşu mülkiyyətçilərin üstün satınalma hüququ ilə onların satışa razılıq verməsi tələbi hüquqi baxımdan fərqli anlayışlardır. Qanunvericilikdə nəzərdə tutulan üstünlük hüququ qonşuya torpağın satışını qadağan etmək və ya öz razılığı ilə satışa icazə vermək səlahiyyəti vermir. Bu hüquq ona müəyyən olunmuş şərtlərlə həmin torpağı digər potensial alıcılardan əvvəl əldə etmək imkanı yaradır".

R. Osmanlının fikrincə, torpaqların konsolidasiyası yalnız hüquqi deyil, həm də iqtisadi və qiymətləndirmə baxımından əhəmiyyətli prosesdir. Torpaq sahələrinin birləşdirilməsi, dəyişdirilməsi və yenidən təşkili zamanı onların bazar dəyərinin düzgün müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə müxtəlif ölçülü, fərqli yerləşmə mövqeyinə və münbitlik göstəricilərinə malik torpaq sahələrinin birləşdirilməsi zamanı ekvivalent dəyərin müəyyən edilməsi məsələsi aktuallaşır:

"Bu baxımdan Qiymətləndiricilər Palatasının üzvü olan peşəkar qiymətləndirci aşağıdakı istiqamətlərdə mühüm rol oynaya bilər:

- Torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi;
- Konsolidasiya prosesində iştirak edən sahələrin müqayisəli qiymətləndirilməsi;
- Torpaq sahələrinin ekvivalent bazar dəyərinin hesablanması;
- Torpaq mülkiyyətçilərinin iqtisadi maraqlarının qorunması;
- Torpaq ehtiyatlarından daha səmərəli istifadənin iqtisadi əsaslandırılması.

Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası ilə bağlı qanunvericilik dəyişiklikləri Azərbaycanda torpaq münasibətlərinin daha sistemli tənzimlənməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər. Bu qanun lahiyəsi 2 sentyabr 2026-cı ildən qüvvəyə minib və qanunun tətbiqi ilə bağlı Prezident Fərmanında (№785) Torpaq Məcəlləsinin 13-2.6-cı maddəsinə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydasını altı ay müddətində müəyyən edilməsi ilə bağlı Nazirlər Kabinetinə verilmiş müddət 2027-ci il mart ayının 2-də başa çatır".

Könül Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью