5 məktəbdən başlayan model 90 məktəbə qədər genişlənəcək MÜTDA rəsmisi

11.09.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Rəqəmsal bacarıqlar layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Eşqi Bağırov deyib.

Qeyd olunub ki, təhsildə keyfiyyət yalnız mövcud zəif nəticələrin yaxşılaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, şagirdlərdə rəqəmsal savadlılıqla yanaşı, tənqidi və yaradıcı düşünmə, problem həlli, layihələndirmə və komanda ilə işləmək kimi gələcəyin tələb etdiyi bacarıqların inkişaf etdirilməsi əsas hədəflərdəndir.

Bu məqsədlə “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir.

Bildirilib ki, ötən tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 771 məktəbdə 528 min şagirdi əhatə edib. Yeni tədris ilində layihənin 1001 məktəbə və təxminən 630 min şagirdə çatdırılması nəzərdə tutulur.

STEAM layihəsi isə ötən tədris ilində 407 məktəbdə 303 min 119 şagirdi əhatə edib. Yeni tədris ilində layihənin əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.

Yeni təmayül tədris modelinin də əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bildirilib ki, layihə 2024–2025-ci tədris ilində 5 məktəbdə başlayıb, 2025–2026-cı tədris ilində isə 14 məktəbdə davam etdirilib.

Layihənin ilk məzunlarının 95 faizi bu il ali təhsil müəssisələrinə qəbul olunub. Bu nəticənin modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaratdığı qeyd edilib.

Yeni tədris ilində layihənin 90 məktəbə qədər genişləndirilməsi nəzərdə tutulur. Təmayül siniflərində təhsil almaq üçün qısa müddətdə 20 minə yaxın müraciətin daxil olması isə layihəyə marağın yüksək olduğunu göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью