Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli məşhur aktyor Kadir İnanırın mirası ətrafında mübahisələr davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bacısı oğlu Levent İnanır onun vəsiyyəti ilə razılaşmadığını bildirib. O, həmçinin sənətçinin vəfatı ilə bağlı şübhələrini dilə gətirib.
Levent daha əvvəl dayısının iradə problemi yaşaması ilə bağlı açıqlamalarına da aydınlıq gətirib. O, bunun yaddaş itkisi və ya psixi sağlamlıq problemi olmadığını vurğulayıb.
“Kadir dayımın iradə problemi olduğunu deyəndə tibbi vəziyyətdən danışırdım. O, çox ağır dərmanlar və antidepressantlar qəbul edirdi. Nəhəng cüssəli bir insan kimi əlil arabasına məhkum qalmağı qəbul edə bilmirdi. Buna görə də güclü stress keçirirdi. Yuxu problemlərinə görə əlavə dərmanlar da qəbul edirdi. Bu vəziyyətin dəyişkənliyə səbəb olması normaldır” deyə, Levent bildirib.
Aktyorun bacısı oğlu vəsiyyətə inanmadığını da söyləyib. Onun sözlərinə görə, Kadir İnanır sağlığında əmlakının idarə olunmasını ona təklif edib:
“Mən o vəsiyyətə inanmıram. Kadir dayımı çox yaxşı tanıdığım üçün həmin vəsiyyətin sağlam vəziyyətdə hazırlanmadığını düşünürəm. Bir dəfə xəstəxanada ondan soruşdum ki, Allah eləməsin, sənə nəsə olsa, torpaqların aqibəti necə olacaq? Kadir dayım da ‘Etibarnaməm səndədir’ dedi. Mən qəbul etməyəndə xəstəxanadan çıxandan sonra danışacağımızı söylədi. Bütün bunları vəsiyyətində başqasına əmlak qoyan bir insanın deməsi mənə qəribə gəlir. Bu işdə başqa məsələ var”.
Levent İnanır dayısının sərvətinin təxminən 5 milyon dollar olduğunu iddia edib. O, aktyorun bacısı uşaqlarına mirasdan heç nə çatmamasını tənqid edib.
“Dayımın yığımları təxminən 5 milyon dollar civarındadır. Xəstəxanaya ödənilən pullar bunun yanında kiçik məbləğdir. Bir qələm belə qoymayıb. Məni bir kənara qoyun, onun xüsusi qayğı göstərdiyi bacısı uşaqları var idi. Onlara bir qələm belə miras qoymayıb. Bu, qəbul ediləsi deyil” deyə, Levent bildirib.
Aktyorun bacısı oğlu Kadir İnanırın xəstəxanadakı müalicəsi zamanı lazımi qayğı göstərilmədiyini də iddia edib. O, sənətçinin pnevmoniyadan vəfat etməsini qəbul edə bilmədiyini söyləyib:
“Onun yaxşı baxıldığını düşünmürəm. 2025-ci ildə xəstəxanada çəkdiyim görüntülər var. Fizioterapevtin müşayiəti ilə qaçır, sürətli addımlarla yeriyirdi. Bir il sonra xəstəxanaya düşür və pnevmoniyadan vəfat edir. Mən bu ölümü qəbul etmirəm, bu, normal ölüm deyil”.
Qeyd edək ki, Kadir İnanırın bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət etdiyi iddia olunur. Vəsiyyətlə bağlı məhkəmə prosesi bildiriş problemi səbəbindən dekabr ayına təxirə salınıb.