5 mindən çox yeni iş yeri:

23.09.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Növbəti illərdə Azərbaycanda qeyri-neft-qaz sektorunda 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Azpost.info-nun məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə sənədin əsas hədəfləri açıqlanıb.

Proqramın icrası nəticəsində dağ-mədən və metallurgiya sahəsində istehsal və emal potensialının artırılması, yüksək əlavə dəyər yaradan və rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsi, investisiyaların və qeyri-neft ixracının artırılması, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.

Yeni iş yerləri hansı şəhər və rayonlarda olacaq?

Vüqar Bayramovun sözlərinə görə, yeni müəssisələrin əsasən Bakı və Gəncə şəhərlərində, Daşkəsən, Balakən, Kəlbəcər və Qarabağda yaradılması nəzərdə tutulur.

Daşkəsəndə dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, Pellet istehsalı və İBD zavodlarının qurulması planlaşdırılır.

Gəncədə “Azəralüminium” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Bakıda isə “Baku Steel Company” QSC tərəfindən tikişsiz boru istehsalı sahəsində yeni istehsal güclərinin yaradılmasının dəstəklənməsi nəzərdə tutulur.

Kəlbəcər və Balakəndə də layihələr həyata keçiriləcək

Dövlət Proqramı çərçivəsində Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı imkanlarının qiymətləndirilməsi planlaşdırılır.

Bundan başqa, özəl sektor tərəfindən illik istehsal gücü təxminən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanları da araşdırılacaq.

Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağında hasilat və emal prosesinin qurulması və yatağın sənaye istismarına başlanılması nəzərdə tutulur.

Balakən rayonunda isə Filizçay polimetal yatağının texniki-iqtisadi əsaslandırmasının hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması ilə bağlı qərar veriləcək.

Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi də proqramın istiqamətləri sırasındadır.

Əsas tələbat mühəndis və geoloqlara olacaq

Deputat bildirib ki, yeni iş yerləri yalnız texniki işçilər üçün nəzərdə tutulmayacaq. Layihələrin həyata keçirilməsi nəticəsində ixtisaslı kadrlara da tələbat artacaq.

Xüsusilə mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əməyin təhlükəsizliyi üzrə mütəxəssislər üçün yeni vakansiyaların yaranacağı gözlənilir.

Hazırda mədənçıxarma sənayesində 32 963 nəfər çalışır. Onların 4 063-ü qadınlardır.

Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə çalışanların sayı 19 638 nəfər, metal filizlərinin hasilatı sahəsində əmək müqaviləsi olanların sayı isə 1 987 nəfərdir.

Mədənçıxarma sənayesinə xidmət göstərən sahələrdə isə 8 633 muzdlu işçi çalışır. Onların 1 268-i qadındır.

Vüqar Bayramovun açıqlamasına görə, yeni Dövlət Proqramının icrası dağ-mədən və metallurgiya sənayesində istehsalın genişləndirilməsi ilə yanaşı, regionlarda məşğulluğun artırılmasına və qeyri-neft sektorunda yeni iş imkanlarının yaranmasına səbəb ola bilər.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью