5 noyabrda “Sabah” səhəri Norveçdə açacaq

04.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Tarix təkrar olunacaqmı?

Maraqlıdır, iki il əvvəl də noyabrın birinci ongünlüyündə Azərbaycan çempionu Norveçin qonağı olmuşdu. Onda, 2024-cü il noyabrın 7-də Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqası turnirinin əsas mərhələsinin 4-cü raundunda Norveçdə “Bodo-Qlımt” klubu ilə görüşdə Toral Bayramovla Zubirin dəqiq zərbələri sayəsində meydandan qalib ayrılmışdı (2:1).

Yenə noyabrın əvvəlidir. Bu dəfə Qurban Qurbanovun komandasından sonra Çempionlar Liqasının əsas mərhələsində oynamaq hüququ qazanmış Azərbaycanın ikinci təmsilçisi “Sabah” Stavanger şəhərində “Vikinq” ilə qarşılaşacaq. Bu görüş də 4-cü tur çərçivəsindədir.

Baş məşqçimiz Valdas Dambrauskas və onun futbolçuları Norveç torpağına inamla qədəm qoymuşlar.Bu gün Bakı vaxtı ilə gecəyarısı uzaq və soyuq Skandinaviya ölkəsində norveçlilər üçün də, Azərbaycan futbolu üçün də çox mühüm bir oyun var. Tarix təkrarlanacaqmı, 2 il əvvəlki kimi yenə çempionumuz Norveçdən Bakıya uğurlu nəticə ilə qayıda biləcəkmi? Gecə saat 2-də suallarımıza alacağımız cavabdan çox şey asılı olacaq. Rəqiblərdən hər hansı birinin qələbəsi mürəkkəb turnir məsafəsinin birinci yarısından sonra pley-offa aparan yolda onu xeyli dərəcədə ümidləndirəcək.

Hələlik isə bu yolda “Sabah” üstün vəziyyətdədir. Əgər “Vikinq” ilk 3 turda cəmi 1 xalla kifayətlənib, 36 komandanın rəqabətində 33-cü pillədədirsə, hesabında 3 xal olan təmsilçimiz 25-ci mövqedədir və növbəti mərhələdə yola davam etmək hüququ verən 24-cü yerdən cəmi 1 addım geri qalır. Norveç səfərindən sonra qarşılaşacağımız “Vilyarreal” və “Napoli”nin, eləcə də artıq görüşdüyümüz “Mançester Yunayted”in də ilk 3 turda 3 xalla kifayətləndiklərini nəzərə alsaq, Azərbaycan klubu və onun pərəstişkarları artıq keçilmiş yolda nail olunmuş nəticədən narazı qalmamalıdırlar. Komanda qələbələrinin hesabını açmış, uduzduğu oyunlarda da zəhmli rəqiblər qarşısında aciz qalmayaraq, hər ikisinə layiqli müqavimət göstərmiş və cəsarətli mübarizə əzminə görə qarşılaşdığı komandalardan da öz ünvanına xoş sözlər eşitmişdir.

Stavangerdə hətta heç-heçənin də noyabrın 25-də Bakı Olimpiya Stadionunda “Barselona” ilə onsuz da böyük səbirsizliklə gözlənilən görüşə ölkəmizdə azarkeş marağını ikiqat artıracağı şübhə doğurmur. Təqvimin hökmü ilə bu nəhəng komanda ilə matçdan iki həftə sonra da “Sabah”ın növbəti rəqibi İspaniya təmsilçisi olacaq. Komandamız bu il əsas mərhələdə son oyununu dekabrın 8-də səfərdə “Vilyarreal”a qarşı keçirəcək. “Vilya”nın da hazırda 3 xalı var, amma topların daha yaxşı fərqinə görə cədvəldə bizdən birdən-birə 6 pillə irəlidə, 19-cu yerdədir. Həqiqətən, şahmatdakı kimi, futbolda da xallar bərabər olduqda əlavə göstəricilər hər hansı iştirakçını turnir cədvəlində yüksəldə də bilər, aşağı “mərtəbələrdə məskunlaşmağa” da məcbur edə bilər.

Bir qədər də gözləyək, görək nələr baş verəcək, bu gün və sabah turun bütün görüşləri oynanıldıqdan və yarışın birinci yarısı arxada qaldıqdan sonra daha işıqlı gələcəyə aparan yolda ən yaxşı göstəricilərə malik 24 komanda sırasında “Sabah”ı da görə billəcəyikmi? Nikbin olaq, sabaha ümidimizi itirməyək. UEFA-nın iki gün əvvəl açıqladığı bir məlumatı da bilməyənlərin diqqətinə çatdıraq: Stavangerdə “Vikinq” – “Sabah” görüşünü niderlandlı hakimlər briqadası idarə edəcək. Baş hakim rolunda ədaləti Sander van der Eyk qoruyacaq.

…V. Dambrauskas Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Turan Tovuz”a uduzduqları görüşdən (2:3) sonra keçirilən mətbuat konfransında deyib ki, biz çərşənbə günü ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Deməli, Çempionlar Liqasının əsas mərhələsində oynamaqla məşqçinin ümidlərini dəfələrlə doğrultmuş “Sabah” bu gün bir daha bütün diqqətləri özünə cəlb edə bilər. Komandamıza uğurlar!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью