Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Şəhərlərin taleyini yazanlar
Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur. Qədim mədəniyyətə və tarixə malik Azərbaycanda da bu əlamətdar gün hər il qeyd edilir.
Hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq abidələri yaradıblar. O dövrdə, həmçinin Azərbaycanın tanınmış memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda, Şamaxıda və respublikanın digər regionlarında xeyli sayda tarixi binalar inşa olunub.
Qeyd edək ki, sovet dövründə də Azərbaycan dünya şöhrətli memarları ilə tanınıb. Belə ki, Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.
Həmin dövrdə, yəni XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə daim böyük diqqət yetirib. Məhz o illərdə çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar inşa edilib. Nəinki paytaxtda, eləcə də Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb, böyük müəssisələr tikilib.
1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi müasir dünyada memarlıq xəzinəsində özünəməxsus yer tutur.
Bu əlamətdar gün yalnız memarların peşə bayramı deyil, həm də cəmiyyətin diqqətini yaşadığımız şəhərlərin estetikasına, ekoloji balansına, tarixi abidələrin qorunmasına və insan üçün rahat, təhlükəsiz yaşayış mühitinin yaradılmasına yönəldən mühüm platformadır.
Ölkəmizdə bu gün həm tarixi abidələrin bərpası, həm də müasir şəhərsalma layihələri ilə əlamətdardır.
Azərbaycan memarlıq sənəti əsrlər boyu özünün unikal dəst-xətti, mühəndislik həlləri və bədii estetikası ilə seçilmişdir. Şərq və Qərb sivilizasiyalarının qovşağında yerləşən ölkəmizdə formalaşan memarlıq məktəbləri həm orta əsrlər İslam intibahına, həm də XXI əsrin qlobal müasir arxitekturasına əvəzsiz incilər bəxş etmişdir. Memarlıq yalnız binaların layihələndirilməsi deyil, cəmiyyətin mədəniyyətini, tarixini və gələcəyə olan baxışını daşlaşdıran sənətdir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr Azərbaycanın həm öz tarixi-mədəni köklərinə sahib çıxmasının, həm də gələcəyin dördüncü sənaye inqilabı texnologiyalarını real həyata uğurla tətbiq etməsinin bariz nümunəsidir.
Bu gün işğaldan azad olunan bütün rayonlarda tikinti-quruculuq işlərinin sürətlə davam etdirilir. Yenidən tikilib bərpa olunan şəhər və kəndlər, istifadəyə verilmiş üç beynəlxalq hava limanı, yaşayış məntəqələrini birləşdirən müasir avtomobil və dəmir yolları, enerjinin istehsalı və nəqletmə infrastrukturu və digər infrastruktur layihələri ən yüksək səviyyədə tikilib istifadəyə verilib.
Paytaxt Bakıda da bənzərsiz abidələr göz oxşayır. Onlardan bəzilərini təqdim edirik.
Heydər Əliyev Mərkəzi
Müasir Bakının əsas simvollarından biri Heydər Əliyev Mərkəzinin binasıdır. 2007-ci ildə məşhur iraqlı memar Zara Hadidin planı əsasında tikintisinə başlanılan Mərkəz konqres zalı, muzey, inzibati bina və sərgi zalları ilə birlikdə 101 min kvadrat metr ərazini əhatə edən kompleksdir. Mərkəz 2012-ci il mayın 10-da təntənəli sürətdə fəaliyyətə başlayıb.
Heydər Əliyev adına Hava Limanının yeni terminalı
Bakı aeroportunun artan sərnişin axınını ödəmək üçün yeni terminalın tikintisi gündəmə gəlmişdi. Bu məqsədlə spvet dövründən qalan köhnə terminalın yerində 65 min kvadrat metr ərazidə, 4 mərtəbəli müasir terminal istifadəyə verilmişdi.
İldə 3 milyona qədər sərnişin qəbul etməyə qadir olan aeroport Bakıya ayaq basan xarici qonaqların ilk qarşılaşdığı obyektdir. O 2014-cü il 23 apreldə fəaliyyətə başlayıb.
Four Seasons Baku
2012-ci il sentyabrın 3-də Bakının ən dəbdəbəli mehmanxanalarından biri olan Four Seasons Baku-nun təntənəli açılış mərasimi oldu. Dünyadaca məşhur brendin sayca 90-cı nümayəndəliyi məhz Bakıda açılmışdı.
Bakı Olimpiya Stadionu
Azərbaycanın ən böyük stadionu 2015-ci ilin fevralında istifadəyə verilən Bakı Olimpiya Stadion olub. 69,870 min tamaşaçı tutumuna malik stadion I Avropa oyunlarının açılış və bağlanış mərasimlərində əsas meydança olub. Stadion 6 mərtəbədən ibarətdir və şəhərin ən önəmli idman obyekti sayılır.
Flame Towers (Alov qüllələri)
Müasir Bakının əsas simvollarından biri də Flame Towers (Alov qüllələri) 2007-ci ildə inşa olunmağa başlayıb. “DİA Holding” Azərbaycan-Türkiyə birgə şirkəti tərəfindən inşa olunan qüvvələr 182, 165 və 161 metr hündürlüyə malikdir. 2013-cü ildə inşası yekunlaşan Alov Qüllələri Bakının əksər yerlərindən müşahidə olunur.
Xalçaçılıq muzeyi
Orijinal üslubu ilə Bakının ən maraqlı mədəniyyət obyektlərindən birinə çevrilən Xalçaçılıq muzeyi 2014-cü ilin avqustunda istifadəyə verilib. Dənizkənarı parkın ərazisində yerləşən muzeyin binası xalça formasındadır və dünyanın 50-dən artıq ölkəsinin xalça nümunələrini özündə toplayıb.
Jumeirah Bilgah Beach Hotel
2012-ci ilin martında açılan 5 ulduzlu mehmanxana Bakının 35 kilometrliyində yerləşir. Bakı aeroportundan da 11 kilometr uzaqlıqda olan otel öz memarlıq formaları ilə diqqət cəlb edir.
Kempinski Hotel-Badamdar
2011-ci il iyulun 2-də Bakıda daha bir dünya brendinin adını daşıyan müasir mehmanxana açıldı. Kempinski-Hotel-Badamdar eyniadlı brendin dünyanın 28-ci ölkəsində açdığı sayca 66-cı otel idi. 84 min kvadrat metr ərazidə yerləşən kompleks “Gilan Holdinq” tərəfindən inşa olunmuşdu.
SOCAR Tower
2016-cı il mayın 30-da Bakıda SOCAR Tower binası təntənəli sürətdə açıldı. Dövlət Neft Şirkətinin yeni inzibati binası olan SOCAR Tower 20 metr hündürlüyündə, 40 mərtəbəli göydələndir. Tikinti və planlama işləri Cənubi Koreya və Türkiyə inşaat şirkətləri tərəfindən həyata keçirilib.
M.MİRZƏ
XQ