“5 təməl sütun: Təsəvvürdə və reallıqda”

09.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın görkəmli fikir adamları, filosof və mütəfəkkirlər tarix boyu təbiətin və cəmiyyətin hərtərəfli inkişafı və tərəqqisinin qanunauyğunluqlarını izah və şərh etməyə çalışarkən mövcud və ehtimal olunan təməl anlayışlardan bəhrələniblər. Təqdirəlayiq haldır ki, Azərbayanın fikir tarixində də belə hallar olub və bu qəbildən olan cəhdlər çağdaş dövrümüzdə də uğurla davam edir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) kafedra müdiri, hüquq elmləri doktoru, professor Mehdi Abdullayevin adını sərlövhəyə çıxardığımız yeni elmi-publisistik kitabında da hüququn, siyasətin, ümumən humanitər elmlərin 5 təməl anlayış-konsepti barədə söhbət açılır. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bunlar 1) azadlıq, 2) demokratiya, 3) ədalət, 4) insan hüquqları və 5) hakimiyyət anlayışlarıdır. Müəllif bu təməl sütunlara təsəvvür və reallıq qarşıdurması tontekstində baxır, bu zaman özəl fəlsəfi, siyasi, əxlaqi düşüncələrini oxucularla bölüşür. Buradakı fikirlər kifayət qədər maraqlı və orijinal olduğu üçün diqqət çəkməyə bilməz.

Kitabın strukturu və müəllif təhkiyə üslubu da diqqəti cəlb edir. Belə ki, professor Mehdi Abdullayev müxtəlif rakurslardan şərh etdiyi “5 təməl sütunu”un hər biri barədə ənənəvi populyar düşüncə səviyyəsində müəyyən təsəvvür yaratdıqdan sonra, biri digərinin davamı olan 2 mühüm amilə ardıcıl olaraq istinad edir. Onlardan birincisi, dünyanın böyük dövlət adamlarının siyasi tərcümeyi-halında baş vermiş fövqəladə hadisələr, ikincisi isə böyük filosof və mütəfəkkirlərin bu və ya digər hadisələrə münasibətləridir.

“Ön söz” müəllifi akademik Nizami Cəfərov yazır: “Bizim fikrimizcə, Mehdi Abdullayevin əsərinin baş qəhrəmanları Dövlət və İnsandır. Əsərdə tədqiq olunan azadlıq, demokratiya, ədalət, insan hüquqları və hakimiyyət anlayış-konseptləri bütün fundamentallıqları ilə yanaşı, bu iki anlayış-obraz arasındakı münasibətdə izah olunur. Doğrudur, müəllif İnsandan daha çox Dövlətdən bəhs edir. Ancaq aydın şəkildə hiss edilir ki, bütün tarixi dövrlərdə Dövlət arxasında özünün fərdi hissləri, subyektiv tələbləri, həm də sosial şəxsiyyəti, ümumi vətəndaşlıq maraqları ilə seçilən İnsan dayanır. Və müəllif dövlətdən danışa-danışa həmin İnsanı, əgər belə demək mümkünsə, tərənnüm edir”.

Mehdi Abdullayev kitabda 5 təməl sütunun daha yaxından dərki üçün xüsusi həssaslıqla yanaşdığı “Azərbaycan təcrübəsi”nin məğzini oxucu üçün açır. Məlumdur ki, müstəqillik əldə etdikdən sonra azadlıq, demokratiya və ədalət kimi anlayışların dövlətçilik məsuliyyətindən qopmuş və daha çox şüar səviyyəsində tətbiqi ölkəmizdə parçalanmaya, idarəetmə böhranına və hüquqi nizamsızlığa gətirib çıxardı.

Məhz belə çətin və taleyüklü şəraitdə ümummilli lider Heydər Əliyev dühası bütün anlayışları abstrakt ideya kimi deyil, dövlətin yanaşması və suverenliyin qorunması ilə bağlı praktik siyasi kateqoriyalar kimi yenidən müəyyənləşdirdi. Dahi siyasətçi müdrikcəsinə göstərdi ki, azadlıq idarəolunmazlıq, demokratiya isə hərc-mərclik deyil.

Sonrakı mərhələdə milli dövlətçilik xəttini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirdi. Dövlətin iqtisadi gücünün artırılması, hərbi potensialının gücləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi düzgün, ardıcıl qəraların nəticəsi idi. Bu mərhələdə qəbul olunan qərarlar yalnız daxili idarəetmə ilə məhdudlaşmır, həm də gələcək strateji məqsədlərə xidmət edirdi.

Bütün yuxarıda qeyd edilən ictimai-siyasi və fəlsəfi mülahizələrdən sonra müəllif belə bir mühüm nəticəyə gəlir ki, “anlayışlar reallığı əvəz etmir. Onlar yalnız düzgün seçilmiş istiqamət və məsuliyyətli qərarlarla məna qazanır”. Ən yeni dünya tarixində Azərbaycan təcrübəsi buna parlaq sübutdur!

Gənc, lakin erudisiyalı hüquqşünas, siyasətşünas və filosofun bu əsəri, heç şübhəsiz, araşdırdığı anlayış-konseptlərin dərindən anlaşılması üçün oxucuya əhəmiyyətli kömək göstərəcək.

Sonda bildirək ki, kitab nəfis şəkildə “Füyuzat” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью