Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Professor Mehdi Abdullayevin yeni kitabının akademik təqdimatı
Dünən Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Mehdi Abdullayevin “5 təməl sütun: təsəvvürdə və reallıqda” monoqrafiyası geniş müzakirə olundu. Mərasimdə Milli Məclisin deputatları, tanınmış alimlər, vəkillər və media nümayəndələri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə açan Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirdi ki, müzakirəyə çıxarılan nəşrdə nəzəri hüququn, politologiya və fəlsəfənin bir sıra təməl prinsipləri əhatəli şəkildə araşdırılıb. Müəllif oxucuları ilə maraqlı elmi diskussiyaya, dialoqa girib və elmi-nəzəri arqumentlərin sistemli şəkildə ortaya qoyub.
Professor Mehdi Abdullayev əvvəlcə kitabın yazılma səbəbi, məramı barədə fikir və düşüncələrini dilə gətirdi. Qeyd etdi ki, kitabda Azərbaycan və dünya elminin zəngin xəzinəsindən, eləcə də özünün elmi və pedaqoji fəaliyyətində qazandığı təcrübədən bəhrələnməyə çalışıb və böyük həvəslə, dərin məsuliyyət hissi ilə bu əsəri elmi ictimaiyyətin diqqətinə təqdim etmək qərarına gəlib.
Natiq qeyd etdi ki, xeyli müddətdir dərindən araşdırdığı 5 mühüm anlayış – Azadlıq, Demokratiya, Ədalət, İnsan Hüquqları və Hakimiyyət – heç də təsadüfi seçilməyib. Zaman sübut edib ki, bunlar, sadəcə, nəzəri kateqoriyalar deyil, dövlətin və millətin taleyinə birbaşa təsir edən amillərdir. Unutmaq olmaz ki, hər bir cəmiyyətin yetkinləşməsi və intibahı onun mənəvi, hüquqi və fəlsəfi yüksəlişindən keçir. Müstəqil Azərbaycanın təcrübəsində ən ağır səhvlər də, ən mühüm uğurlar da məhz bu anlayışların necə başa düşülməsi və necə tətbiq olunması ilə bağlı olub.
Hər birimizin yaxşı yadındadır ki, müstəqilliyimizin ilk illərində azadlıq, demokratiya və ədalət kimi anlayışların dövlətçilik məsuliyyətindən qoparaq daha çox şüar səviyyəsində tətbiqi ölkədə siyasi parçalanmaya, idarəetmə böhranına və hüquqi nizamsızlığa gətirib çıxarmışdı. Millətin o ağır, taleyüklü məqamında ümummilli lider Heydər Əliyev müdrik daxili və xarici siyasətilə göstərdi ki, azadlıq idarəolunmazlıq, demokratiya isə hərc-mərclik deyil.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dedi ki, həqiqətən, nəzəri anlayışlar azadlığı əvəz etmir. Bu anlayışlar yalnız güclü dövlət iradəsi və milli birliyin möhkəmləndirilməsi ilə real məna qazana bilər. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirlinin fikrincə, kitabda azadlıq və demokratiya anlayışlarının tarixi təkamülü ilə bağlı mülahizələr onun diqqətini cəlb edib.
Deputat Rizvan Nəbiyev kitabın müasir hüquq elminə layiqli töhfə verəcəyinə əmin olduğunu vurğuladı. Onun sözlərinə görə, hər bir cəmiyyət üçün hüquqi düşüncənin yetkin səviyyəyə çatması mühüm əhəmiyyət kəsb edir.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxışında mövzunun fəlsəfi aspektlərinə toxundu. Qeyd etdi ki, anlayışlar reallığı tam əks etdirə bilməz. Həyat daim inkişaf edir, yeni məna və məzmun qazanır. Könül xanımın fikrincə, kitabın ən böyük üstünlüyü oxucunu bu mövzulara baş vuraraq dərindən düşünməyə sövq etməsidir.
Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor İsaxan Vəliyev sözügedən 5 anlayışın hüquqi aspektlərini geniş şərh edərək demokratik legitimliyin yalnız formal mexanizmlərlə deyil, dövlətin təhlükəsizliyinə və ictimai sabitliyə verdiyi real töhfə ilə ölçüldüyünü dedi. AMEA Dilçilik İnstitutunun direktor müavini Bala Məhərrəmli kitabın dil və üslub məziyyətlərini yüksək dəyərləndirdi. Bildirdi ki, müəllifin əsərə yazdığı “Son söz” publisistik üslub baxımından xüsusilə orijinal və təsirlidir. Kitab, bütövlükdə, məzmunlu və oxunaqlıdır və artıq geniş ictimai müzakirələrin predmetinə çevrilib.
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxışında qeyd etdi ki, bugünkü səmimi və qızğın müzakirələr kitabın dərin məzmun və məna daşıdığına dəlalət edir. Müəllif 5 təməl anlayışı hüquqi, fəlsəfi və siyasi baxımdan təkamül prosesində şərh etməklə, həqiqətən, ortaya dəyərli elmi konsepsiya qoyub. Füzuli Qurbanov müəllifə yeni uğurlar arzuladı.
Müzakirələrdə professorlar Firdövsiyyə Əhmədova, Xavər Hüseynova, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Vüqar Bayramov və digərləri bu anlayışların cəmiyyət tərəfindən dərindən dərk edilərək düzgün qəbul edilməsinin əhəmiyyətini vurğuladılar. Onlar kitabın ölkənin ali təhsil ocaqlarında yayılmasının vacib olduğunu söylədilər.
Sonda professor Mehdi Abdullayev bütün iştirakçılara dərin təşəkkürünü bildirdi.
Məsaim ABDULLAYEV
XQ