Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilib.
Bəs məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması nə dərəcədə zəruridir? Bu proses onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə və məktəbəqədər təhsilin keyfiyyətinin artırılmasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, ümumiyyətlə, təhsil sahəsində sertifikatlaşdırmanın nə qədər faydalı olduğunu orta ümumtəhsil məktəblərində müəllimlərin sertifikasiya imtahanlarının nəticələrinə əsasən müşahidə etmək mümkün olub:
"Hamımıza bəllidir ki, orta ümumtəhsil məktəblərində illərlə çalışan, ixtisası üzrə tədris prosesini həyata keçirən bir çox müəllimin sertifikasiya imtahanından müsbət nəticə ala bilmədiyinin şahidi olduq. Hətta əlavə möhlət verilməsinə baxmayaraq, bəzi müəllimlər yenə də sertifikasiya imtahanından keçə bilmədilər".
Müsahibimiz sertifikasiya imtahanlarının məktəblərdə üzə çıxardığı məqamlardan danışdı:
"Birincisi, bəzi müəllimlərin öz ixtisası üzrə əmək fəaliyyəti göstərmədiyini üzə çıxardı. Yəni başqa ixtisas üzrə ali təhsil almış şəxslərin orta ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyət göstərdiyi məlum oldu. İkincisi, öz ixtisası üzrə fəaliyyət göstərən bəzi müəllimlərin belə həmin ixtisası kifayət qədər bilmədiyi ortaya çıxdı. Əlbəttə, bu iki amil pedaqoqa yaraşmayan hallardır. Xüsusilə də illərlə öz ixtisası üzrə tədris prosesi həyata keçirən müəllimin həmin ixtisasdan imtahan verərkən 50 faizlik nəticəni belə toplaya bilməməsi ciddi suallar doğurur. Düşünürəm ki, bu kimi hallar cəmiyyətdə müəyyən narahatlıqlar yaratdı. Hətta belə bir sual da formalaşdı: 50 faiz nəticəni toplaya bilməyən müəllimin yanına uşağımı niyə oxumağa göndərməliyəm? O müəllim mənim uşağıma nə öyrədəcək?".
Ekspert sertifikasiya imtahanlarının müəllimlərin peşəkar inkişafına təsirini də diqqətə çatdırdı. O, hesab edir ki, eyni prosesin məktəbəqədər təhsil müəssisələrində tətbiqi də müsbət nəticələr verə bilər:
"Düşünürəm ki, məktəbəqədər təhsil müəssisələrində, yəni bağçalarda da sertifikasiya imtahanlarının keçirilməsi həm təhsil verənlərin, həm də tərbiyəçi-müəllimlərin məsuliyyətinin artmasına gətirib çıxaracaq. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bəzi müəllim və tərbiyəçilərin də öz sahələri, ixtisasları üzrə tədris prosesinin iştirakçısı olmadığı qeyd olunur. Sertifikasiya imtahanları vasitəsilə bu kimi hallar da üzə çıxmış olacaq".
R.Nurəliyev sertifikatlaşdırmanın əsas məqsədinin keyfiyyətli kadrların təhsil müəssisələrində fəaliyyətini davam etdirməsi, peşə hazırlığı yetərli olmayan kadrların isə sistemdən kənarlaşdırılması olduğunu vurğuladı. Onun sözlərinə görə, bu proses gənc mütəxəssislərin də pedaqoji fəaliyyətə cəlb olunmasına şərait yarada bilərbilər.
"Əsas məsələ sertifikasiya imtahanlarının keçirilməsində məqsəd məktəblərdə və bağçalarda keyfiyyətli kadrların əmək fəaliyyətini davam etdirməsi, öz ixtisasını bilməyən kadrların isə əmək fəaliyyətinə xitam verilməsidir. Əlbəttə, bu, gələcəkdə ali təhsil müəssisələrini bitirən gənc kadrların da tədricən pedaqoji fəaliyyətə cəlb olunmasına müəyyən qədər müsbət təsir göstərəcək", - deyə o yekunlaşdırdı.
Xədicə BAXIŞLI