Lent az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyanın paytaxtı Londonda XVI əsrə aid, dünyanın sonu və sirli təbiət hadisələrinin təsvir edildiyi nadir əlyazma hərraca çıxarılacaq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Möcüzələr kitabı” adlandırılan əlyazmanın 700 min – 1 milyon funt sterlinqə satılacağı gözlənilir.
Hərrac dekabrın 10-da “Christie's” hərrac evində keçiriləcək. Satışdan əvvəl kitab altı gün ərzində ictimaiyyətə nümayiş etdiriləcək.
Əlyazmada qeyri-adi səma hadisələrini, təbii fəlakətləri və qiyamət mənzərələrini əks etdirən 167 rəsm yer alıb. Onların arasında 1551-ci ildə Almaniyanın Leypsiq şəhərinin səmasında beş Günəşin görünməsi, 1456-cı ildə Romada qanlı yağışın yağması, Polşada çəyirtkə istilası, daşqınlar və alovlu kometaların təsvirləri var.
Kitabda 1533-cü ildə Bavariya səmasında uçan əjdahalar da əks olunub. Tədqiqatçılar bunun şimal parıltısının təsviri ola biləcəyini düşünürlər.
Əlyazma 1550-ci illərdə Almaniyanın Auqsburq şəhərində hazırlanıb. Həmin dövrdə qeyri-adi təbiət hadisələri ilahi xəbərdarlıq və yaxınlaşan fəlakətlərin əlaməti kimi qəbul edilirdi.
Təxminən 500 il ərzində tədqiqatçılar kitabın mövcudluğundan xəbərsiz olublar. Əlyazma 20 il əvvəl Almaniyanın cənubunda yerləşən qəsrlərdən birinin kitabxanasında aşkarlanıb. 2008-ci ildə 100 min funt sterlinqdən bir qədər yüksək qiymətə satılan kitab sonradan amerikalı kolleksiyaçı Mikki Kartinin şəxsi kolleksiyasına daxil edilib.
Mütəxəssislər bildirirlər ki, kitabda təsvir olunan bəzi hadisələrin elmi izahı mövcuddur. Belə ki, səmada beş Günəşin görünməsi atmosferdə yaranan optik hadisə, qanlı yağış isə Sahara səhrasından gələn qırmızı tozun yağış damcılarına qarışması ilə əlaqəli ola bilər.
Ekspertlər əlyazmanın dünyada məlum olan yeganə nüsxə olduğunu və onun hərracda daha yüksək qiymətə satıla biləcəyini bildirirlər. Qeyd edək ki, kitabın hansı məqsədlə hazırlandığı bu günədək müəyyən edilməyib.