Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Lüks sektorunun aparıcı şirkətlərindən biri olan “LVMH” qlobal geosiyasi gərginlik və istehlakçıların xərcləmə əhval-ruhiyyəsinin zəifləməsi fonunda ciddi geriləmə ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, pandemiya dövründə tarixi yüksəliş nümayiş etdirərək Avropada bazar dəyəri 500 milyard dolları keçən ilk şirkət olan Fransanın nəhəngi həmin dövrdə əldə etdiyi birja qazancının demək olar ki, hamısını itirib.
Tərkibində “Dior”, “Louis Vuitton” və “Veuve Clicquot” kimi məşhur brendləri birləşdirən Parisdə yerləşən qrupun bazar dəyəri 2023-cü ildəki pik həddən bəri iki dəfə azalaraq 213 milyard avroya düşüb.
“LVMH” ötən il davam edən fəaliyyətindən 2019-cu illə müqayisədə 50 faizdən çox artımla 17,8 milyard avro mənfəət əldə etsə də, səhmlərin kəskin ucuzlaşması şirkətin bazar dəyərini qlobal lüks istehlak bumu başlamazdan əvvəlki səviyyələrə yaxınlaşdırıb.
Geriləmə təxminən üç il əvvəl yüksək inflyasiyanın “əlçatan lüks” istehlakçısı adlandırılan orta təbəqəni sıxışdırması ilə başlayıb. ABŞ-la ticarət mübahisələri və Yaxın Şərqdəki müharibə də bu prosesi sürətləndirib.
“Bain” konsaltinq şirkətinin məlumatlarına görə, əsasən bu qrupa daxil olan təxminən 60 milyon istehlakçı son üç il ərzində lüks məhsullar almağı tamamilə dayandırıb. Brendlərin qiymətləri 2019-cu illə müqayisədə 50–70 faiz artırması da müştəri itkisində rol oynayıb.
“GAM” fondunun meneceri Flavio Sereda bildirib ki, “LVMH” investorların nəzərində orta təbəqənin istehlak vərdişlərini ölçən göstəriciyə çevrilib.
“Yuxarı seqmentdəki müştərilərin vəziyyəti kifayət qədər yaxşıdır, lakin biznesimizin əsas hissəsini bu kütlə təşkil etmir. Orta təbəqənin xərcləməsi üçün əhval-ruhiyyəsi yüksək olmalıdır, lakin hazırda onların maliyyə vəziyyəti yaxşı deyil. Biz bərpa gözləyirik, amma indiyədək yalnız qısamüddətli ümidverici əlamətlər görmüşük”, deyə o bildirib.
Digər tərəfdən, hedc fondlarının “LVMH” səhmlərindən bütün lüks sektoruna yönəlik investisiya aləti kimi istifadə etməsi birjadakı dalğalanmaları hər iki istiqamətdə daha da gücləndirir.
Rəhbərliyin dəyişməsi və Çin bazarı ilə bağlı qeyri-müəyyənlik
Şirkətin səhmdarlarından olan “J Stern & Co.”nun investisiya direktoru Kristofer Rossbax vurğulayıb ki, “LVMH”nin 77 yaşlı qurucusu Bernar Arnodan sonra şirkətin rəhbərliyinin kimə ötürüləcəyi məsələsi investorlar üçün əsas gündəm mövzularından birinə çevrilib.
Beş övladını da şirkətin idarəçiliyi üçün hazırlayan Arno isə aprel ayında keçirilən səhmdarların toplantısında varisinin kim olacağı ilə bağlı sualları cavabsız qoyaraq “Bu məsələni 7–8 ildən sonra yenidən müzakirə edərik” deyib.
Sektora təzyiq göstərən digər mühüm amil son on ildə artımın əsas dayağı olan Çin bazarındakı durğunluqdur. Çinli istehlakçılar daşınmaz əmlakın dəyərinin azalması və birjalarda zəif dinamika səbəbindən xərcləmələrdə daha ehtiyatlı davranırlar.
Çantalardan zinət əşyalarına keçid: qazananlar və itirənlər
Onsuz da transformasiya prosesində olan “Kering” (“Gucci”) və “Burberry” ən çox itki verən şirkətlər sırasında yer alıb. Lakin böhran bütün brendlərə eyni dərəcədə təsir göstərməyib. Daha yüksək gəlir qrupuna yönəlmiş “Hermès” və “Brunello Cucinelli” kimi brendlər bu prosesdən daha güclü çıxmağı bacarıb.
Zinət əşyaları sektoru isə bu dövrdə xüsusilə uğurlu nəticə göstərib. “Cartier” və “Van Cleef & Arpels” brendlərinin sahibi olan İsveçrənin “Richemont” şirkətinin səhmləri son altı ayda 28 faiz bahalaşıb, şirkətin bazar dəyəri 100 milyard avronu keçib və “Richemont” dövrün əsas qaliblərindən birinə çevrilib. “LVMH” qrupuna daxil olan “Tiffany” və “Bvlgari” də güclü tələbi qoruyub.
Sektorun təcrübəli nümayəndələrindən Federiko Marketti çanta qiymətlərindəki həddindən artıq artımın istehlakçıları zinət əşyalarına yönəltdiyini bildirib.
“Hazırkı qiymətlərlə müştərilər 7 min avroluq çanta əvəzinə 10 min avroluq zinət əşyası almağa üstünlük verirlər”, deyə o bildirib.
Bütün bu mənzərəyə baxmayaraq, ABŞ və Cənubi Koreyada birjalardakı yüksəlişdən sonra lüks məhsullara xərclərin sürətlə bərpa olunması mövcud böhranın müvəqqəti xarakter daşıdığı fikrini gücləndirir.
Ekspertlər hesab edirlər ki, istehlakçılar maliyyə etimadını yenidən qazandıqda lüks məhsullara xərcləmələr də bərpa olunacaq.
Aydın