Icma.az bildirir, Reyting.az portalına istinadən.
Sinayın cənubunda, Hamile Vadisi adlanan bölgədə tapılan və tarixi təxminən 5000 ilə gedib çıxan qədim daş təsviri Misirin erkən ekspansiyasını tamamilə işıqlandıracaq.
Reyting.az-ın məlumatına görə, arxeoloqlar bildiriblər ki, eramızdan öncə 3000-cü ilə aid olan və tarixi baxımdan qiymətli hesab edilən bu tapıntılar Misirin yerli əhali üzərindəki hərbi, iqtisadi nəzarətini, həmçinin geniş yayılmış mədəni coğrafiyasının çevrəsini sübut edir.
Bu qədim təsvirin mərkəzində misirli zəfər sahibi əli qaldırılmış vəziyyətdə, yerli sakin isə əlindən tutulmuş, həmçinin əzilmiş biri kimi təqdim olunur. Daş üzərində təsvirin arxa fonunda qədim Misirin hakimiyyət simvolu olan qayıq rəsmi həkk olunub.
Tədqiqatçıların ehtimallarına görə, qısa yazı erkən Misir ieroqliflərinə aiddir və ola bilsin, öz dövrünün qədim inanclarına əsasən Misir ekspedisiyalarının, eləcə də yolçuların himayədarı sayılan məhsuldarlıq və bolluq hökmdarı Min tanrısı ilə bağlıdır.
Elmi araşdırmalar göstərir ki, 5000 il əvvəl misirlilər mis və firuzə kimi digər qiymətli resurslara çıxış əldə etmək üçün Sinayı fəal şəkildə mənimsəyiblər.
Alimlər həmçinin vurğulayıblar ki, bu kəşf bir daha öncəki dəlil-sübutların üzərindən şübhələri götürür və Sinayda Misir təsirinin minilliklər əvvəldən mövcud olduğunu artıq nəzəriyyə yox, tarixi fakt kimi təsdiq edir.
Oqtay QORÇU