525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Növbəti il üzrə "Məktəblinin dostu" layihəsinə 7 milyon manat vəsait ayrılacaq. Bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.
Büdcə zərfində qeyd olunub ki, həmin məbləğ məktəbdə təhlükəsiz mühit yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, fövqəladə hal baş verdikdə uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək və "Məktəblinin dostu" layihəsinin 2025-ci ildən etibarən əhatə dairəsinin mərhələlərlə 1000 məktəbə çatdırılması və ölkə üzrə təhsilalanların 70 faizini əhatə etmək üçün ayrılacaq.
Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi 2016-cı ildən fəaliyyətə başlayıb və elə həmin ildən ən uğurlu layihələrdən birinə çevrilib.
Əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarət olan layihə 30 məktəbdə pilot olaraq tətbiq olunub.
Əməkdaşları məktəblilərin qəhrəmanlarına, valideynlərin güvən yerinə, məktəbin isə görən gözünə, eşidən qulağına çevrilib.
Bu il də onlar eyni temp, dəyişməyən fədakarlıq, daha çevik münasibət nümayiş etdirərək qazandığı nüfuzu artırmaqdadır.
Artıq məktəblinin dostlarına olan maraq ayrı-ayrı hadisələrin fonunda tələbə çevrilir.