525ci qəzet Uşaqlıq, cavanlıq, sonra qocalıq

06.01.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nəcməddin MÜRVƏTOV

Şövqlə yaşa

Kökləmə ruhunu ağrı-acıya,

Dilə könülaçan ən xoş anları.

Dönməsin köksünü yaran sancıya,

Saxla yaxşıları, at yamanları.

Uşaqlıq, cavanlıq, sonra qocalıq,

Olur kimlərəsə tale qisməti.

Tutmaq istədiyin məqam - ucalıq,

Ötürmə əlinə düşən fürsəti.

Anlar saatlara, saatlar günə,

Günlər aya dönür, yetirir ili.

Sarsılma düşəndə bərkə, çətinə,

Yönəlt səhvdən düzə əməli, dili.

Bir az laqeyd ol nadan-naşıya,

Sanma ki, onlardan bir xeyir gələr.

Durma söz-sovunla qarşı-qarşıya,

Kəskin söz qəlb sıxar, ürəyi dələr.

Demə, gəncliyimi ötürdüm hədər,

Nə xeyri?! Vaxt-zaman qayıtmaz geri.

Sarar varlığını qüssə, qəm, kədər,

Sonra da göynəyər bugünün yeri.

Yaşa qismətində olan hər nəsə,

Ahılsan, qocasan, fərqi yox bunun.

Nikbin ol, meydan ver şövqə, həvəsə,

Dad xoş ləzzətini gözəl duyğunun.

Gözləyirəm

Çoxdan gözləyirəm, üzür intizar,

Bitib-tükənmir ki "gəlirəm"lərin,

Bilmirəm, yolunu məgər kəsən var,

Dağlar sıra-sıra, dərələr dərin?!

Çoxdan gözləyirəm, xəyallarımda

Ovunur azacıq acı həsrətim.

Olur istəklərim bir o an kamda,

Ayılcaq hey artır, artır xiffətim.

Çoxdan gözləyirəm, insafın yoxmu,

Gələsən, görəsən, edəsən nəzər.

Coşar duyğularım, bu mənə çoxmu:

Qatı zülməti də işıq, nur bəzər.

Çoxdan gözləyirəm, gəl, yanımda dur,

Özümü belədə bəxtəvər sanım.

Halımı sor, öyrən, xoş ixtilat qur,

Kəlməndən dilimdə bitsin "ay canım".

Çoxdan gözləyirəm, de, hardasan bəs?!

İlə sənsizlikdən dönür hər anım.

Deyəsən, yalvarış əbəsdir, əbəs,

Rəva görürsən ki, od tutub yanım.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью