Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli aktrisa Hande Ataizi illərdir qoruduğu formada qalmasının sirlərini açıqlayıb.
Moderator.az xəbər verir ki, 53 yaşlı sənətçi 15 yaşından idmanla məşğul olduğunu, sərt pəhrizlərə əməl etmədiyini və sevdiyi yeməklərdən imtina etmədiyini bildirib.
Verilişin qonağı olan Ataizi aktiv həyat tərzinin gündəlik vərdişlərinə çevrildiyini deyib. O, lift əvəzinə pilləkənlərdən istifadə etdiyini, tez-tez metroya mindiyini, hətta telefonla danışarkən belə ayaq üstə dayanmağa üstünlük verdiyini söyləyib.
Aktrisa həftədə dörd gün ağırlıq məşqləri etdiyini bildirib. Onun proqramına iki gün aşağı bədən, iki gün isə yuxarı bədən məşqləri daxildir. Kardio məşqlərini isə 15-20 dəqiqə ilə məhdudlaşdırır. Elliptik trenajor, velotrenajor və açıq havada qaçış onun üstünlük verdiyi məşqlər arasındadır.
Sərt pəhrizlərə qarşı olduğunu deyən Ataizi pizza, makaron və şirniyyatdan imtina etmədiyini vurğulayıb. O, əsasən porsiyaların ölçüsünə diqqət yetirdiyini bildirib.
“Pizza yeyə bilməsəm, makaron yeyə bilməsəm, desertdən həzz ala bilməsəm, həyatın nə faydası var?” – deyə aktrisa bildirib. Şirniyyat sevgisini də gizlətməyən Ataizi bu yaxınlarda Kemalpaşa desertini halva ilə qarışdıraraq yediyini söyləyib.
Aktrisa idman etdiyi günlərdə səhər yeməyinə xüsusi diqqət yetirir. Onun süfrəsində yumurta, qranola, tahin, bəkməz, qoz, kətan toxumu və avokado olur. Vaxtı az olanda isə banan, qoz və tahin-bəkməzlə kifayətlənir. İntensiv ayaq məşqləri etdiyi günlərdə toyuq və ya qırmızı ətlə birlikdə düyü yediyini də qeyd edib.
Hande Ataizi istifadə etdiyi qida əlavələrindən də danışıb. O, ara-sıra protein tozu qəbul etdiyini, müntəzəm olaraq isə maqnezium, omeqa-3, kollagen və D vitamini əlavələrindən istifadə etdiyini bildirib.