Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ali Məhkəmənin Cinayət kollegiyası vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib.
Məhkəmədən APA-ya verilən xəbərə görə, işin hallarına görə, məhkum vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, habelə aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq edib. Həmin əməllər birinci və apellyasiya instansiya məhkəmələrinin qərarı ilə sübuta yetirilmiş hesab edilib.
Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirinin sübuta yetirilmədiyi iddia olunaraq, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilib.
Ali Məhkəmə kassasiya instansiyası kimi bu dəlilləri araşdıraraq belə nəticəyə gəlib ki, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilib, məhkumun təqsirliliyi mötəbər sübutlarla təsdiq olunub və ona bəraət verilməsi üçün Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bununla yanaşı, Ali Məhkəmə cinayət qanununun tətbiqi zamanı yol verilmiş hüquqi səhvi aradan qaldıraraq, öz mövqeyini ətraflı şəkildə əsaslandırıb.
Ali Məhkəmə qeyd edib ki, məhkumun vahid cinayət qəsdi ilə törətdiyi əməllər çərçivəsində faktiki olaraq 6 milyon manatdan çox pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, əlavə olaraq 45 min manat məbləğində pulun ələ keçirilməsinə cəhd göstərilib. Hər iki hərəkət vahid niyyətlə həyata keçirildiyindən, onların ayrı-ayrılıqda müstəqil cinayətlər kimi qiymətləndirilməsi yolverilməzdir.
Qeyd olunub ki, faktiki olaraq ələ keçirilmiş əmlakın dəyəri Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş “xüsusilə külli miqdar” həddini təşkil etdikdə, əməl bitmiş cinayət kimi həmin maddə ilə tam əhatə olunur. Bu halda eyni niyyətlə törədilmiş, lakin başa çatdırılmamış hərəkətlərin əlavə olaraq “dələduzluğa cəhd” kimi ayrıca tövsif edilməsi eyni əmələ ikiqat hüquqi qiymət verilməsinə səbəb olur ki, bu da cinayət qanununun tələblərinə ziddir.
Vurğulanıb ki, vahid cinayət qəsdi ilə əhatə olunan əməl eyni zamanda həm bitmiş cinayət, həm də həmin cinayətə cəhd kimi paralel şəkildə tövsif edilə bilməz. Belə yanaşma cinayətlərin süni şəkildə çoxaldılmasına və Cinayət Məcəlləsinin 17.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu anlayışının yanlış tətbiqinə gətirib çıxarır.
Bu hüquqi əsaslarla Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Məhkumun Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsini məhkəmə qərarlarından xaric edib. Apellyasiya məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılıb.