6 ölkə Rusiyaya sanksiya tətbiq etməyə hazırdır

31.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa və Fransa Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə altı ölkənin xarici işlər nazirləri və Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın Madriddə keçirilən görüşdən sonra yaydığı birgə bəyanatda qeyd olunub.

İspaniya Xarici İşlər Nazirliyinin sənədində Rusiya Ukrayna münaqişəsinin həllinə ciddi sadiqlik nümayiş etdirməyə çağırılıb.

“Biz, həmçinin, mövcud bütün vasitələrdən istifadə edərək, o cümlədən yeni sanksiyalar tətbiq etməklə Rusiyaya daha böyük təzyiq göstərməyə hazırıq”, – bəyanatda vurğulanıb.

Görüş iştirakçıları, həmçinin, Rusiyanın aktivlərinin münaqişə başa çatana və Ukraynaya vurulan zərər kompensasiya edilənə qədər bloklanmış qalmasının vacibliyini bildiriblər. Bununla yanaşı, onlar Kiyevə dəstək verməyə davam edəcəklərini və gələcəkdə yeni öhdəliklər götürəcəklərini vəd ediblər.

Ukraynada dayanıqlı sülhün yalnız effektiv təhlükəsizlik zəmanətləri ilə mümkün olduğunu bildirən tərəflər Kiyevin hərbi və müdafiə sənayesini məhdudlaşdıran və ya tərəfdaş ölkələrin hərbi mövcudluğunu zəiflədən istənilən razılaşmanı qəbul etməyəcəklərini bəyan ediblər.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью