Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən metronun “20 yanvar” stansiyasının qarşısına işləyən 114B nömrəli marşrutda avtobuslar yararsız vəziyyətdədir.
Ölkə.az-a müraciət edən sərnişinlər bildirib ki, məsələ ilə bağlı dəfələrlə AYNA-ya şikayət etsələr də, problemlər hələ də aradan qaldırılmayıb.
Redaksiyaya təqdim olunan görüntülərdə avtobuslardan birinin salonunda bir neçə oturacağın cırıq və yararsız vəziyyətdə olduğu görünür.
Şikayətçilərin sözlərinə görə, marşrutda uzun intervallar yaşanır, bəzi hallarda isə avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər. Onlar bildirib ki, 114B ilə bağlı 60-70 dəfədən çox şikayət ediblər.
Şikayətçilər deyib ki, iyunun 18-də həmin marşrutda hərəkət edən avtobuslardan birindən yanğın olub. Sürücü isə avtobusu güclə dayandıra bilib və yalnız bundna sonra sərnişinlər nəqliyyat vasitəsini tərk ediblər.
Həmin vaxt AYNA-dan bildirilib ki, daşıyıcıya xəttin nizamlı fəaliyyəti, avtobusların saz vəziyyətdə saxlanılması və parkın yenilənməsi ilə bağlı xəbərdarlıq edilib. Tədbir görülmədiyi halda marşrutun müsabiqəyə çıxarıla biləcəyi qeyd olunub.
Məsələ ilə bağlı AYNA-nın mövqeyini dərc etməyə hazırıq.