Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cümə günü qonşum Ələsgərin evinə yığışmışdıq.
Sağlığına qismət, geniş, qonaq-qaralı evi var. Bu dəfə yığışmağımızın səbəbi başqa idi - oğlu Həmid əsgər gedirdi, dedik vətənə borcunu ödəməyə yollanan balamıza xeyir-dua verək, yaxşı yol, sağ-salamat gedib-qayıtmasını arzulayaq. Yalan olmasın, təkcə elə kişi məclisində 70-ə yaxın adam var idi. Həmin bu qonşum İmişlidəndi, hələ gənc yaşlarında Bakıya gəlib, Neft Daşlarında işləyib, ailə qurub, burda ev-eşik yiyəsi olub.
Məclisin şirin yerində kiminsə yadına düşdü ki, “İmişli” bu gün “Araz-Naxçıvan”la oynayır, gəlin baxaq. Mən İmişlidən yox, Yardımlıdan olsam da, necə deyərlər, palaza bürün, ellə sürün. Düzü, əvvəlcə meydançanın vəziyyəti könlümü açmadı, sanki futbolçular yaşıl otun yox, palçığın üzərində oynayırdı. Orta məktəbdə oxuyanda mən də yaşıdlarımla belə yerdə oynamışam deyə, bu məqama o qədər də fikir vermədim. Amma boş tribunaları görəndə bir qədər də dilxor oldum. Hətta mənə elə gəldi ki, media sektorunda əyləşən jurnalistlərin sayı azarkeşlərin sayından çoxdu. Nə isə, oyun heç-heçə bitdi, “İmişli” məclis iştirakçılarının çoxunu sevindirə bilmədi, yeyib-içəndən, balamızın cibinə bir 50-lik qoyandan sonra evə döndüm.
Maraq üçün internetə girdim, PFL-in saytında protokola baxdım. Nə görsəm, yaxşıdı? – cəmi 60 azarkeş olub... Maraq bir qədər də güc gəldi, heyətlərdəki azərbaycanlıları saymağa başladım. “İmişli”nin əsas heyətində və ehtiyatda 10, “Araz-Naxçıvan”ın əsas heyətində və ehtiyatda 8 azərbaycanlı saydım. Deməli, ən azı 18 azərbaycanlının özünü göstərmək şansı var idi. Sonra da düşündüm ki, ey dadi-bidad, bu azərbaycanlıların yaxın qohumları – qardaşları, bacıları, əmi, dayı, xala, bibi uşaqları oyunlarına baxmağa gəlmirsə, mən neytral azarkeşdən nə umuram? Deməli, bu futbolçuların heç yaxın ətrafı arasında elə bir hörməti yoxdu ki, tanışları-qohumları oyuna baxmağa gəlmir...
Ümumiyyətlə, 60 nəfər üçün oynanılan futbol kimə və nəyə lazımdı? Adi məhlələrarası oyun bundan böyük auditoriya toplayırsa, onda 6 nəfərlik hakimlər briqadasının, hakim-inspektorub, AFFA nümayəndəsinin, “CBC Sport”un o boyda çəkiliş qrupunun Qubaya yollanmasına nə ehtiyac var? Düz demirəmsə, dəlillərlə cavab verin ki, düz demirsən. Düz deyirəmsə, onda yalandan elitada klub sayını 12-yə çatdırmağa, tam formalaşmayan klubları elitaya buraxmaqla “Azərbaycan futbolu” adlı brendin üzərinə ləkə yaxmağa nə ehtiyac?
...Kaş heç Ələsgərin evinə getməyəydim, getsəm də, oyuna baxmayaydım. 300 qram araq içmişdim, o da burnumdan gəldi.
ORXAN