Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ter-Petrosyanın baş müşavirindən maraqlı etiraflar
“1990-cı illərdə müharibə zamanı təxminən 600.000 azərbaycanlını qovduq. Həmin ərazilərlə nə etdik? İnsanlar bunu xatırlamaq istəmirlər. Bunun Azərbaycan xalqı və rəhbərliyi üçün emosional nəticələri çox əhəmiyyətli idi. Bu, indiyə qədər dərin təsirini davam etdirir”.
Bunu uzun müddət Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş, Ermənistan xarici işlər nazirinin birinci müavini (1993–1994) və Təhlükəsizlik Şurasının katibi (1994–1997) vəzifələrində çalışmış Jirayr Liparidyan “CivilNet”-ə verdiyi müsahibədə deyib.
Liparidyan 1990-cı illərdə Qarabağ üzrə danışıqlarda və Türkiyə ilə təmaslarda Ermənistan rəhbərliyinin əsas fiqurlarından biri kimi iştirak etdiyini bildirib.
Onuz sözlərinə görə, Bakı və Ankaranın verdiyi qərarlar, bəyanatlar çox zaman Ermənistanın və ermənilərin hərəkətlərinə, sözlərinə adekvat cavab reaksiyasıdır: “Sadəcə deyirəm ki, bizim öz məntiqimiz var, onların da öz məntiqi var. Onların məntiqi bizim hərəkətlərimizlə formalaşır, necə ki, onların hərəkətləri bizim də düşüncə tərzimizin formalaşmasına təsir edir. Amma əgər həqiqətən də bu məsələ ilə bağlı ciddi müzakirə aparmaq istəyiriksə, Əliyevin hazırkı ritorikasının və sərt siyasi mövqeyinin əsasını təşkil edə biləcək səbəbləri araşdırmalıyıq”.
“Ter-Petrosyan bu konstitusiyaya qarşı çıxmışdı”
Son çıxışlarında Ermənistan Konstitusiyasından da danışan Liparidyan bildirib ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bu günlərdə yenidən gündəmə gətirilən və Azərbaycanın haqlı iradının olduğu konstitusiyaya qarşı çıxmışdı. Onun dediyinə görə, 1990-cı illərdə Ter-Petrosyan Konstitusiyaya İstiqlal Bəyannaməsinin daxil edilməsinə qarşı olub.
“Daşnaklara görə kim türkdürsə, düşməndir”
O ümumilikdə “Daşnaksütyun” və digər qatı millətçi siyasi partiyaların siyasətini də tənqid edib: "1969-cu ildən 1971-ci ilə qədər Los-Ancelesdəki müxtəlif erməni təşkilatlarında təxminən bir il yarım vaxt keçirdim. Bir neçə dostumla birlikdə Türkiyə Baş Konsulluğunun qarşısında ilk dəfə nümayiş keçirmək qərarına gələndə yerli “Daşnaksütyun” komitəsinin sədri mənə dedi ki, "Sən partiyadan xaric ediləcəksən". Çünki o vaxtlar bizim anti-Türkiyə siyasətimiz yox idi; anti-Sovet siyasətimiz var idi.
1972-ci ildən sonra Daşnaksütyun siyasətini dəyişdi və anti-Türkiyə qüvvəsinə çevrilmək üçün hər şeyi etdi, cəmiyyətdə anti-Türkiyə əhval-ruhiyyəsini siyasi strategiya kimi aşıladı.
Bu münasibətin mənşəyi də elə buradan qaynaqlanır: əgər kimsə türkdürsə, avtomatik olaraq düşməndir. Bu anti-Türkiyə münasibəti artıq müzakirə olunmur, sorğulanmır və ya nəzərə alınmır. Sadəcə olaraq, mövcud olan bir şey kimi qəbul edilir.
1950-ci illərdə “Daşnaksütyun” Amerika kəşfiyyat orqanları ilə əməkdaşlıq edərək Türkiyə ərazisi vasitəsilə Sovet Ermənistanında təxribat təşkil etdi və maneələr yaratdı. Bu, siyasi əməkdaşlıq idi. Beləliklə, həmişə eyni mövqeyi qoruduğumuz iddiası doğru deyil. Nədənsə, 1970-ci illərdə, əsasən 1972-ci ildən sonra siyasət dəyişdi”.
“Azərbaycan Ermənistan ərazisinə daxil ola bilərdi, amma olmadı…”
Liparidyan hər zaman Azərbaycanla birbaşa danışıqların tərəfdarı olduğunu da deyir: "Bilirsiniz, mən həmişə birbaşa danışıqların üçüncü tərəflərin vasitəçiliyi ilə aparılan danışıqlardan daha təsirli olduğuna inanmışam. Onlar daha çətindir, amma nəticədə daha məhsuldardır. Birinci məqam budur.
İkincisi, “Əliyev Ermənistana qarşı müharibə istəyir” mülahizəsinin əsasını təşkil edən məntiq barədə düşünməliyik. Bu mülahizə mübahisələndirilə bilər; o, sübut olunmayıb.
Müharibə başlayanda, əslində, Azərbaycan Ermənistan ərazisinə daxil ola bilərdi, amma daxil olmadı.
Əliyevin bu gün müharibəyə ehtiyacı varmı və beş ildən sonra müharibəyə ehtiyacı olacaqmı? Azərbaycanın inkişafı sülhdən asılıdır…
Bu o demək deyil ki, Azərbaycan müharibəyə hazırlaşmır. O, həmişə bu variantı qoruyub saxlayıb. Lakin biz öz siyasi düşüncəmizdə etməməli olduğumuz zaman etdiklərimizi, deməməli olduğumuz zaman dediklərimizi və səhvlərimizi unutmamalıyıq”.
“Bakıya dəvət edildim və…”
Liparidyan həmçinin, 2003-cü ildə Bakıya dəvət olunduğunu iddia edib: “2003-cü ildə İlham Əliyev məni Bakıya dəvət etdi və uzun söhbət etdik. Bu söhbət zamanı soruşdum: Nə edə bilərik... Nə etməli? Müstəqillikdən başqa nə təklif edə bilərik? Bu münaqişəyə son qoymaq üçün hansı güzəştlərə gedə bilərik?
Bizim tərəf heç vaxt müstəqillikdən başqa bir şeylə razılaşmağa hazır deyildi. Nə müharibədən əvvəl, nə də sonra. Müstəqillik müzakirə mövzusu deyildi.
Dünyanın heç bir ölkəsi "dağlıq Qarabağın müstəqilliyini" tanımayıb və heç bir ölkə onu tanımaq niyyətində deyildi. Bu, açıq-aydın idi. Buna görə də, müstəqillikdə israr etməklə, biz təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, həm də İrana və bütün beynəlxalq birliyə qarşı hərəkət edirdik. Biz məqsədimizə çata biləcəyimizə inanarkən, faktiki olaraq bütün dünyaya qarşı hərəkət edirdik. Hansı əsaslarla, bilmirəm.
Buna görə də, Əliyev və Əliyevlər haqqında danışarkən, onların maraqlarının nə olduğunu və nə üçün mümkün hesab etdikləri kimi hərəkət etdiklərini nəzərə almalıyıq”.
Qeyd edək ki, Liparidyanın 1999-cu və 2002-ci illərdə Azərbaycana gəldiyi barədə məlumatlar olsa da, onun 2003-cü ildə ölkəmizdə olması və Prezident İlham Əliyevlə görüşməsinə dair rəsmi məlumata rast gəlinmir.
Ümumiyyətlə, Jirayr Liparidyan son zamanlar xeyli fəallaşıb və öz açıqalmalarıyla Nikol Paşinyanın seçdiyi kursa dolayısı ilə dəstək vermis olur. Bu mövqeyi və Azərbaycanla, Türkiyə ilə bağlı fikirlərinə görə xüsusən də qatı millətçi və rusiyapərəst müxalifətin təhdid və təhqirlərilə üzləşir.
Elxan Qüdrətoğlu
“AzPolitika.info”