Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda 63 yaşlı qadının 38 illik övlad həsrətindən sonra ilk dəfə ana olması 2 gündür sosial şəbəkələrin gündəmindən düşmür. Cəmiyyət olaraq nəyi inkişaf etdirməsək də, sosial qınağı, ictimai linç kampaniyasını çox yüksək səviyyədə inkişaf etdirmişik. Geyimi qınayırıq, yay aylarında şortla gəzmək ölkəmizin qlobal probleminə çevrilib. Seçimləri – evlənərkən kiminlə ailə qurmağı, boşanarkən niyə ailəni dağıtmağı, yaxud bütün bu problemlərlə qarşılaşmamaq üçün evlənməmək istəyənləri qınayırıq. Az övlad sahibi olmağı, yaxud əksinə, niyə “bu qədər uşaq dünyaya” gətirməyi... – Cəmiyyət olaraq hər şey üçün fikrimiz var. İndi də düşmüşük 38 il sonra gözünə işıq olan körpəsini qucağına alan 63 yaşlı qadının üstünə... Valideynlər kəskin şəkildə qınanılır və hadisə “məsuliyyətsizlik” olaraq qəbul edilir.
Uşaq keysəriyyə əməliyyatı nəticəsində dünyaya gəlib. Həkimlər hər şeyin qaydasında olduğunu bildirirlər. Amma bizim canımızı dərd alıb. Çünki o uşaq məktəbə gedəndə ananın 70 yaşı olacaq. O vaxta ana sağ qalacaqmı?
Heç kim fikirləşmir ki, sabaha bir kimsənin yaşam zəmanəti yoxdur. Kimin Allahla ömür sazişi var? Bütün medianın az qala hər gün manşetində olan 17 yaşlı Zəhranın ölümünü deyəsən unutduq. 33 yaşlı şəhid xanım da qayınatası tərəfindən öldürülmüşdü, 2 balası yetim qaldı. Hər gün eşitdiyimiz ölüm xəbərləri, yol qəzaları, məişət zəminində yaranan faciələr, amansız xəstəliklər... - əcəl gələrkən heç kimin yaşını sorğulamır.
Bəlkə də bu uşaq 38 ilin həsrətinin, səbrinin nəticəsidir deyə ən sağlam ailədə böyüyəcək? Bəlkə 10 il olacaq valideynləri ilə, amma beyninin fundamenti o qədər sağlam qoyulacaq ki, analı-atalı “qocalan”lardan daha yararlı bir vətəndaş olacaq? Bəlkə o ana 25 yaşında ana olan gənc analardan daha səbrli, daha təmkinli böyüdəcək balasını?
60 yaşdan yuxarı insanların körpəyə qulluğunu sorğulayanlar nənə-baba üstünə atdığı uşaqlarını unudublar deyəsən.
Digər bir kütlə isə həmin uşağın məktəbdə öz valideynlərindən “yaşına görə” utanmasını əsas gətirirlər. Nə böyük, türklər demiş, “xəyal qırıqlığı”... Təsəvvür edin, həyatınızı, şirin canınızı heçə alın, yüksək risklər sizin balanızı qucağınıza almaq arzunuzun üstünə su səpə bilməsin, amma o bala böyüyüb deyir, “mən səndən utanıram, sən yaşlısan”... Əslində balaları bu cür düşündürən də cəmiyyətdir. Çünki cəmiyyət o uşağa həyata atılan kimi ilk olaraq qınamağı öyrədir. Ən təbii şeylərdən utanmağı aşılayıb, süniliklərin qucağına atır. Qınanılası, utanılası məsələlər qalıb kənarda, görün nələrdən narahatıq, nələrdən utanırıq. Arsızlıqdan, abırsızlıqdan, bu gün cəmiyyət olaraq gəldiyimiz yerdən utanmırıq. Amma 70 yaşlı anamız olduğu üçün “utanmalıyıq...”
Ümid edirəm, o ana sosial şəbəkələrdə yoxdur, haqqında yazılanları görmür və sevincini bölüşməyənlərin cılızlığından xəbərsizdir...