65 yaşın kübar səsi, ecazkar siması Nailə İslamzadə

02.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bəzi adamlar var ki, əslində, onları tanımaq üçün üzlərini görmək lazım deyil. Yəni səsləri kifayətdir və biz onları hər şeydən əvvəl səs ilə tanımışıq. Onlara obrazlı olaraq səsləri qulağımızda canlanan insanlar da deyə bilərik.

Elə bil, bir vaxtlar o adamlar evimizin içindən danışıb, indi də həmin evin adamıdır.

Bəli, Nailə İslamzadə belə adamlardandır. Ancaq səsin və simanın vəhdətində.

Bəli, budur, ömrün 65 çağı.

Adam bu rəqəmi deyəndə bir ömrün yarımçıq qalan arzularını, yaşanan sevinclərini, çəkilən zəhmətini, bəzən də heç kimin görmədiyi yorğunluğunu düşünür.

Nailə xanımın ömrünə baxanda isə bir şey aydın görünür. O, həyatının böyük bir hissəsini Azərbaycan televiziyasına, sözə, efirə, dövlətinə və xalqına xidmət etməklə keçirib.

Bu illərin içərisində neçə nəsil böyüyüb, neçə televiziya rəhbəri dəyişib, neçə format gəlib-gedib. Amma Nailə İslamzadənin adı dəyişən zamanın içində dəyişməyən adlardan biri kimi qalıb.

Səsi dəyişməz qalıb. Yenə də gözəldir, yenə də özəldir.

Əlbəttə, o, sadəcə diktor olmayıb. Xəbərlər proqramının əsas aparıcılarından biri olub, dövlət bayramlarının, rəsmi tədbirlərin aparıcısı kimi məsuliyyət daşıyıb, yüzlərlə verilişdə iştirak edib

On il ərzində hazırladığı və apardığı “Ailələr, talelər” proqramı ilə Azərbaycan ailəsinin qapısını döyüb, insanların sevincinə də, dərdinə də toxunub. Sonra Türkiyənin TRT AVAZ kanalında “İşte kadın” proqramını hazırlayıb və aparıb.

Dövlət qurumunda Multimedia Mərkəzinə rəhbərlik edib.

Bu gün isə İctimai Televiziyada “Ötən günlər” proqramı ilə tamaşaçı qarşısındadır.

O, həmişə efirdədir, bizimlədir…

Bunlar bir insanın tərcümeyi-halında sadəcə vəzifə adları deyil. Bunlar bir ömrün ayrı-ayrı səhifələridir. Hər səhifəsində zəhmət, məsuliyyət, peşəkarlıq var.

Mənə elə gəlir ki, Nailə İslamzadənin səsi Azərbaycan televiziyasının ayrıca bir tarixidir. Səsin də xarakteri olur. Bəzən adam danışır, amma səsində heç nə hiss etmirsən. Bəzən bir insanın bircə cümləsi kifayət edir ki, qarşındakının kim olduğunu anlayasan.

Nailə xanımın səsində həmişə bir kübarlıq, bir təmkin, bir ölçü olub. O səs nə qışqırıb, nə də özünü eşitdirmək üçün başqalarının səsini batırmağa çalışıb. Sadəcə danışıb.

Amma necə danışıb? Bax, məsələ budur.

Sözün yerini bilib, vurğunu bilib, pauzanı bilib.

Azərbaycan dilinin gözəlliyini təkcə sözlə yox, tələffüzü, intonasiyası, danışıq mədəniyyəti ilə göstərib.

Bəzən bir insanın gördüyü işin əhəmiyyətini anlamaq üçün ondan sonra gələnlərə baxmaq lazımdır. Bu gün efirdə düzgün danışmaqdan, səlis nitqdən, diktor mədəniyyətindən danışırıqsa, Nailə İslamzadə kimi sənətkarların qoyduğu məktəbi də xatırlamalıyıq.

Heydər Əliyevin dövlət tədbirlərinə, rəsmi görüşlərə və çıxışlara münasibətdə həssaslığını da hamımız bilirik. O, sözün necə deyilməsinə, necə səslənməsinə, xalqa necə çatdırılmasına xüsusi əhəmiyyət verirdi.

Nailə xanımın səsinin belə tədbirlərdə üstün tutulması, onun çıxışları səsləndirməsinin tövsiyə edilməsi də təsadüfi deyildi. Çünki bu, sadəcə gözəl səs məsələsi deyildi. Bu, etibar məsələsi idi. Dövlət adamının sözünü xalqa çatdırmaq üçün həmin sözün ağırlığını daşıya bilən səs, nitq və məsuliyyət lazım idi.

Nailə İslamzadə bu etimadı doğruldan sənətkarlardan oldu.

Bütün bunlara baxmayaraq, məsələn, onun etdiyinin yarısını etməyən adamlar indi daha böyük adlarla qiymətləndirilib.

Əlbəttə, Nailə xanım heç vaxt özünü gözə soxan adamlardan da olmayıb. Bir az da buna görədir ki, özünü reklam etmək, hər gün hansısa müzakirənin mərkəzində dayanmaq, adını gündəmdə saxlamaq üçün nələrdənsə istifadə etmək onun yolu olmayıb. O, sənətini yaşadıb.

Bəlkə də, ən böyük fərq elə budur. Bəziləri görünmək üçün çalışır, bəziləri isə gördüyü işlə görünür.

Sadəlik, təvazökarlıq, özünü nümayiş etdirməmək. Bəli, bunlar indi çox danışılan, amma az rast gəlinən keyfiyyətlərdir. Nailə xanımın illər ərzində qoruyub saxladığı ən böyük üstünlüklərdən biri də budur. Hər kəsin özünü bir az artıq göstərməyə çalışdığı zamanda o, özünü deyil, işini göstərməyi seçib. Duruş nümayiş etdirib, şouya qaçmayıb.

Gözəlliyinə gəlincə, bu barədə də çox danışılıb. Amma məncə, Nailə İslamzadənin gözəlliyini yalnız üz cizgilərində axtarmaq doğru deyil. Gözəlliyin də bir əxlaqı, bir tərbiyəsi, bir yaşama şəkli var. Onun ekran qarşısında yaratdığı obrazda zahiri gözəlliklə daxili mədəniyyət bir-birini tamamlayır. Hərəkətində ölçü, danışığında zəriflik, baxışında təmkin var. Ən əsası, illər keçdikcə insanın üzündə yalnız yaş görünmür, yaşanmışlıq da görünür. Nailə xanımın simasında isə yaşanmışlığın içindən keçib gələn bir zəriflik var.

Məncə, onun ecazkarlığı da elə buradadır. Hər kəs gözəl görünə bilər, amma hər kəs yadda qala bilmir. Hər kəs danışa bilər, amma hər kəs dinlənilmir. Nailə İslamzadə isə həm görünüşü, həm səsi, həm də illərlə yaratdığı sənət mədəniyyəti ilə yadda qalan qadınlardandır.

Bəzən bu ölkədə insanlara verdiyimiz qiymət  də onların gördüyü işin miqyasına uyğun olmur. Kimlərinsə bir neçə günlük populyarlığı böyük təltiflərə çevrilir, kimlərinsə onilliklər boyu davam edən zəhməti isə adi bir xəbər kimi ötüşür. Nailə İslamzadə 40 ildən artıqdır ki, dövlətinə, xalqına xidmət edən sənətkardır. Onun adı Azərbaycan televiziyasının tarixində ayrıca bir yer tutur. Fəxri ad olaraq 1998-ci ildə aldığı “Əməkdar artist” adı var. 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalı ilə də təltif edilib. Bunlar təqdirəlayiqdir. Amma mənə elə gəlir ki, onun illərlə gördüyü işin miqyası daha böyük diqqətə layiqdir.

Məsələn, bu gün 65 yaşını qeyd edən Nailə xanıma Prezidentin fəxri təqaüdünün verilməsi çox gözəl və ədalətli bir addım olardı. Bunu hansısa şəxsi münasibətdən, xoş söz demək xatirinə demirəm. Heç özü də bunu dilə gətirməyi istəmir. Ancaq söhbət illərlə dövlət tədbirlərinin, dövlət sözünün, milli televiziyanın məsuliyyətini daşımış bir sənətkarın əməyinə veriləcək qiymətdən gedir.

İndiki halda isə mən ona bu yaşında ən çox sağlamlıq, könül rahatlığı, sevinc arzulayıram. Bir də arzulayıram ki, bu ölkədə zəhmət çəkən, özünü reklam etmədən iş görən, sənətinə hörmətlə yanaşan insanlara vaxtında qiymət verilsin.

Nailə xanım, 65 yaşınız mübarək!

Siz illərlə Azərbaycan tamaşaçısına səsləndiniz.

İndi isə qoy Azərbaycan sizin əməyinizin səsini eşitsin.

Bəzən bir insanın ömrü onun danışdığı sözlərdə yox, arxasında qoyduğu sükutda da yaşayır.

Siz efirdən çəkilsəniz belə, səsinizin, simanızın yeri boş qalmayacaq.

Çünki bəzi səslər efirdə eşidilmir, üzlər təkcə görünmür, həm də yaddaşda yaşayır.

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью