Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Microsoft 365, Outlook və Teams xidmətlərində saatlarla davam edən giriş problemlərinin həlli istiqamətində işlər başa çatıb. Şirkət təsirlənmiş istifadəçilər üçün xidmətlərin bərpa olunduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, Microsoft-un X sosial şəbəkəsindəki rəsmi hesabından verilən məlumata görə, nasazlığın aradan qaldırılması üzrə işlər tamamlanıb. Problemlə bağlı əlavə məlumatlar Microsoft 365 Admin Mərkəzində MO1550821 nömrəsi altında yerləşdirilib.
Qeyd edək ki, noyabrın 12-də istifadəçilər Microsoft 365, Outlook və Teams platformalarına daxil olmaqda çətinlik çəkdiklərini bildirmişdilər.
Şirkətin ilkin açıqlamasına görə, bəzi serverlərin gözlənilmədən fəaliyyətdən çıxması digər infrastruktur komponentlərinin həddindən artıq yüklənməsinə və bağlantı problemlərinə səbəb olub.
Nasazlıq 70-dən çox ölkədə istifadəçilərə təsir edib. Elektron poçt, təqvim və onlayn görüş xidmətlərində yaranan fasilələr bir sıra şirkətlərin və dövlət qurumlarının işinə mane olub.