Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Lululemon" geyim brendinin təsisçisi, 71 yaşlı milyarder Çip Uilson 20 illik həyat yoldaşı, 52 yaşlı Şennon Qrey ilə boşanır.
Axşam.az xəbər verir ki, sahibkarın sərvəti iki yerə bölünəcək.
"The Wall Street Journal" nəşrinin məlumatına görə, cütlük arasında nikah müqaviləsi bağlanmayıb. Buna görə də sərvəti həmin nəşr tərəfindən 6 milyard dollar qiymətləndirilən Uilson Lululemon şirkətinin ən nüfuzlu səhmdarı statusunu və həlledici səs hüququnu itirmək riski ilə üzləşib. Cütlük Britaniya Kolumbiyasının qanunları əsasında boşanır. Buna görə də tərəflər başqa cür razılaşmasa, Uilsonun şirkətdəki payı iki yerə bölünəcək.
"Daily Mail" yazır ki, cütlük hələ apreldə ayrılmaq qərarına gəlib və boşanma məsələsini ortaq dostları ilə müzakirə edib. Onların üç oğlu var.
Xatırladaq ki, Uilson idman və gündəlik geyimlər istehsal edən "Lululemon" şirkətini 1998-ci ildə Vankuverdə yaradıb. Qısa müddət sonra Qrey brendə baş dizayner kimi qoşulub və onun şirkətə gəlməsindən sonra Lululemon sürətlə böyüməyə başlayıb.