72 manatlıq ilk qonorar, 30 illik sevda “Şərq”də keçən ömrüm

26.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

...Ayyət Əhməd yazır

Ş- Şərəfli

Ə-Ərkanlı

R-Riyasız

Q-QƏZET

Bəli, düz bildiniz, 1 noyabr tarixi uca “Şərq”in doğum günüdür. Bu il mənim media fəaliyyətimin 15, “Şərq”in isə 30 illik yubleyidir. 

İndiki kimi xatırlayıram bu qəzetə təşrif buyurduğum günü.

Hərbi xidmətdən sonra təhsilimi magistratura səviyyəsində davam etdirmək istəyirdim, amma o yaşda işsiz də qalmaq doğru olmazdı. Bir çox azərbaycanlı gənc kimi, oxuya-oxuya işləmək idi amalım. Qısa kəsim, “Azərbaycan” nəşriyyatının qarşısına gəlib, qələmdaşım Anar Bayramoğluna (qanı bir, canı bir əmimoğludur) zəng elədim. Sağ olsun, düşüb, məni qarşıladı. Görüşən kimi ilk sözü bu oldu:

-Əmioğlu, mən bir söz demirəm, amma mediaya gəlib, böyük pullar qazanacağını unut! Bir də ki gül kimi fransız dili bilirsən, başqa kanal tap! A.Bayramoğlunun bu intonasiyasından xeyli pəjmürdə oldum, ovqatım əməlli-başlı təlx oldu, geri qayıtdım. Evə də bildirdim ki:

-Jurnalistika məndə alınmaz, fransız dili ilə bağlı bir iş taparam. 

-Sən bir ay çalış alınmasa, alınmayacaq, faciə deyil, oğul -Atam rəhmətlik inad elədi.

Əlqərəz, ertəsi gün yenə “Azərbaycan” nəşriyyatına üz tutdum. Düşündüm ki, bir ayla heç nə itirmirəm, bəlkə Fransa saytlarından tərcümələr etməklə ümumi işə töhfə verə bilərəm. Əlqərəz, redaksiyada, qəzetin baş redaktoru, ustad Akif Aşırlının qəbulundayam, söhbətləşirik.

Birdən otağından başqa bir otağa səsləndi:

-Ay Suf(oxu: müavini Yusif Nəzərli), bir buraya gəl - Dəvət edir

İkisi də suallar verirlər. Y.Nəzərli bir-iki sual verib, dayandı. A.Aşırlı isə sualları ilə məndə milli kodların ayıq-sayıq olub-olmamasını yoxlayırdı. Axı mən frankofonam. Dilin təhtəlşüura təsirlərini test edirdi sanki. İctimaiyyət, elm, təhsil, siyasət və siyasi partiyalarla bağlı suallar verdi, mən də bildiyimdən danışdım. Xeyli çək-çevirdən sonra A.Aşırlı söylədi:

-Ay Suf, içində köz var, alovlandırmaq lazımdır. Üzərində işləsə, yaxşı jurnalist olacaq. Elə o gündən başladım... Heç unutmaram, ilk 15 günlükdə qonorar verilirdi, “köhnə” işçilər “durna qatarı” ilə düzülüb, “Mamaşadan” (“Şərq”in əbədi və sarsılmaz mühasibi Fazilə Məmmədovaya Mamaşa deyirdik) qonorar alırdılar. Mən də yeni idim, düşünürdüm ki:-

“Nə yatmışam, nə yuxu görəm”. O sıraya durmağı özümə ar bildim. Sonda Mamaşa məni də dəvət etdi: -Adə, gəl puluvu götür: 36 azn. Xülasə bir aya 72 azn, sonra 100, sonra 200, sonra... İlk qonorarı alanda A.Bayramoğlunun sözləri qatar vaqonları kimi hərf-hərf gözlərimin önündən keçdi. Adam haqlı idi, o zaman mediada ümumi mənzərə bu cür idi. Günbəgün üzərimdə çalışır, işləyir, hər ötən gün daha məhsuldar yazılar yazıb, qonorararımızı artırırdıq. 

Haşiyə: Deyəsən puldan çox danışdım. Bunu yazmaqla onu göstərmək istəyirəm ki, media işi, pul, para, qazanc, gəlir deyil, könül işidir, az maaşla, xalqa, millətə, dövlətə, fakta təmannasız xidmət göstərməkdir. Həqiqəti üzə çıxarmaq. Bəzən bir cümlənlə bir ev qurmaq, böyük bir sevinc bəxş etməkdir. 

Nəhayət 4 ildən sonra günlərin birində redaktor təyin olundum. Doğrudur, heç redaktor olanda da böyük pullar qazanmadıq, (əslində mediada vəzifəsindən asılı olmayaraq, Zərdabi prinsipləri ilə çalışan heç kim o pulları qazana bilmir) amma böyük hörmət, nüfuz və çəki qazandıq. 

Millət vəkilləri ilə dostlaşdıq, bəzən bir məqaləmizi bəyəndiyi üçün ölkənin ən nüfuzlu adamları zəng açıb, təşəkkür edirdilər. Bəzən sadə oxucudan “əhsən” alırdıq. Bütün sferalarda ekpertlərlə tanış olduq, hətta bəziləri ilə sonradan dostlaşdıq. Əhatə dairəmiz genişləndi, ölkədə imzamız tanındı. Bəzən bir tənqidi yazı ilə böyük bir qurumu hərəkətə gətirirdik... Tənqid demişkən yadıma bir xatirə düşdü. (Mən “Şərq” müstəqillik tarixini yazıb” kimi cümlələr yazmaq istəmirəm, görünən dağa nə bələdiçi? 30 ildir o cümlələr yazılır. Heç qəzetin hansı keşməkeşli illərdən, yollardan keçdiyinə də toxunmayacağam, sadəcə xatirələrimi ərz edəcəyəm)

Bir zamanlar ərəblər ölkəmizdəki qoruqlara daraşıb, quşlar, heyvanlar ovlayırdılar, bunu da utanmaz-utanmaz sosial platformalarda yayırdılar. Onlardan birinin ovladığı quş nadir quşlardan idi. Bunu sosial medianın fransız seqmentindən tapıb, xəbərə çevirdim, sonra da bir qəzet səhifəsi məqalə hazırladım. Ekologiya nazirliyini sağdan -sola, soldan -sağa “məhşər ayağına çəkdim”. Qəzet səhər tezdən çıxır axı. Saat 9:00-dır. A. Aşırlıdan zəng gəlir:

-Dur, redaksiyaya gəl.

Taksiyə oturub, yola düzəldim, 30 dəq sonra işdə idim. Demə nazirlikdən zəng açıblar ki, bu, məlumat yanlışdır, lap yazı yazmısınız, niyə bizim mövqe işıqlandırılmayıb? Halbuki dəfələrlə əlaqə saxlamaq istəyimə, cəhdimə rəğmən cavab verməmişdilər, daha doğrusu sualı eşidib, yayınmışdılar. Mən də olduğu kimi, “P.S”qoymuşdum. Xəbər isə doğru idi, ortada video vardı. Jurnalistin ən böyük aləti faktdır. Fakt varsa, dağlar da qabağında baş əyməyə məhkumdur. Açığı A.Aşırlıdan sərt reaksiya gözləyirdim, amma əksinin şahidi oldum.

-A “vijdansız” (A.Aşırlı rəğbət bəslədiyi adamlara xitab edirdi), nə yazıfsan yenə, zənglər dayanmır- A.Aşırlı deyib, gülümsünür. 

Telefonuna isə aramsız zənglər gəlir. Mənim nömrəmi verdi ki, buyurun, danışın, sizin də mövqeyi verək. Söhbət nədir? A.Aşırlı belə məsələləri faciəyə çevirmirdi, əksinə sevinirdi ki, media yazır və bir orkestr işçi ilə çalışan böyük bir nazirlik narahatlıq keçirib, reaksiya verir. Bu əsl media işidir. Medianın mahiyyəti, fəlsəfəsi budur. Dördüncü hakimiyyət elə bu cür olur və olmalıdır. Baş redaktor, baş yazar məhz bu sayaq prinsiləri qorumalıdır ki, mən bu “qızıl qayda”ların, qələmin azadlığının, söz, fikir, fakt azadlığının necə müfəssəl şəkildə qorunmasının A.Aşırlının timsalında şahidi olmuşam. Bəli, A.Aşırlı medianın “qızıl qayda”ları ilə yanaşı mətn işinə də həssasdır. 

Başqa bir xatirəmi ərz edim:

-Sanballı araşdırma yazırdım. Mövzunu da “planirofkada”da başqan özü təklif etdi və bildirdi:

-Yazını axşam mən oxuyacağam.

Bununla siqnal verdi ki, daha diqqətli, daha rəvan və daha keyfiyyətli mətn yazmaq gərəkir. Axı qəzet çapa getməzdən əvvəl qaralamaya çıxır, oxunur, səhvlər düzəlir, sonra çap olunur. Bu yazını “set”ə atıb, özümü növbəti məqaləyə kökləmişdim. Bir də gördüm, başqan əsəbi halda otağa daxil olub, bir qalaq kağızı zərblə masama çırpdı:

-Bu, nədir yazmısan? 

-Nə yazmışam?- Pəsdən-pəsdən soruşdum

 Bir səhifədə iki yüz dənə “bu” əvəzliyi işlətmisən.- A.Aşırlı cavab verdi.

Otaqdan çıxandan sonra kağızları incələdim, gördüm ki, A.Aşırlının iki yüz dediyi “bu”nun sayı ikidir. Növbəti iclaslarda söylədim ki:

Müəllim, o iki yüz deyildi, iki “bu” idi. Dedi olmaz! Oxucunu artıq “bu”larla yormaq olmaz. Əslində düz deyirdi, olmamalıdır. Mətn sudan da duru olmalıdır. Hər müəssisə öz rəhbərinə bənzəyir məsəli burada öz yerini, məqamını tapır.

“Şərq” qəzeti də A.Aşırlı kimi, mübariz, səliqə-sahmanlı, ədəbli, haqqı nahaqqın ayağına verməyən orqandır, hətta canlı orqandır. Məhz bu amillər A.Aşırlı ilə “Şərq”i o qədər doğmalaşdırıb, o qədər isinişdirib ki, adam qəzeti balası qədər sevirdi. Şahidi olduğum məqamı yazıram:

-Günlərin birində KİVDF adlı qurumdan bildirildi ki, “Şərq”ə dövlətdən ayrılan dəstək birdəfəlik dayanır. Axı reklam bazarı yox, satış bazarı sıradan çıxıb. 20 işçinin əmək haqqı, qəzetin çapı... Bunları düşünəndə vəziyyət aydın idi. Maliyyə velospied pedalı kimidir, kəsildisə “təkər” dayanır, “velosiped” aşır. Dolayısı ilə “qəzeti bağla çıx!” mesajı ötürülmüşdü. Əlbəttə, ağrılı hal idi. Bir saniyə içərisində 25 illik fəaliyyətin üzərindən qara bir xətt çəkilirdi. Biz də toplaşıb, müzakirələr aparırdıq, çıxış yolları axtarırdıq. Müzakirə əsnasında A.Aşırlının “Şərq” mənim balamdır, onu mənim qucağımdan, qollarımdan qoparmaq istəyirlər” deyib, kövrəldiyini görmüşəm. Bilirsinizmi, elə həmin gün də, bu gün də, sabah da A.Aşırlı bir kitabını götürüb, ölkəmizdə və ölkə hüdudlarından kənarda hansısa ali təhsil ocağında tədris edib, məişətini dolandıra biləcək adamdır, amma məsələ burada qəzetə olan sevgidir, hətta qəzeti övladı qədər sevmək və qorumaqdır. Nə xoş ki, qəzeti diqqətli oxucuların və içində oxu mədəniyyəti öləziməyən şəxslərin hesabına çıxardıq, dayandırmaq, davam etdik, ayaqda qaldıq və bu günə qədər ayaqdayıq. Qəzet oxu mədəniyyətinin, oxunun “açar”ıdır, bu açarı itirmək, dəyişmək olmaz. İndi qlobballaşma, modernləşmə, sivilləşmə, kürəsəlləşmə dövrüdür. Elə bir inkişaf etmiş ölkə görmədim ki, o ölkədə qəzetlər bağlansın, əksinə qəzetlərin yaşamı üçün iqtisadi kanallar açılır. Yəqin ki, gün gələr yenidən qəzetlərə gün doğar. Əsas odur ki, bu gün də o gün elə “Şərq”dən doğa bilir.

P.S. Akif müəllim, mənim doğmam, balalarınız qədər sevdiyiniz qəzetin 60, 100 və daha çox yubleylərini qeyd etməyinizi arzu edirəm. Allah sizə də, “Şərq”ə də can sağlığı versin, qalanını özünüz edəcəksiniz!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью