72 mindən çox həkimə dövlət qayğısı

04.09.2026

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs səhiyyə sahəsində çalışan mütəxəssislərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, onların əməyinə dövlətimiz tərəfindən verilən dəyərin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır, həmçinin sığorta sisteminə güvən, etibar və inam ehtiva edir.

Tibb işçilərinin peşəkar fəaliyyəti səhiyyə xidmətlərinin keyfiyyətinə birbaşa təsir göstərdiyi üçün onların əmək şəraitinin və sosial təminatının gücləndirilməsi sistemin davamlı inkişafı və dayanıqlığı üçün vacib amillərdən biridir. Prezident İlham Əliyev Birinci vitse-prezidentin bu təşəbbüsünü müsbət qarşılayıb və icrası ilə bağlı müvafiq tapşırıq verib. Bununla da tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində konkret qərarın qəbul edilməsi üçün zəruri proses start götürüb. Ümumiyyətlə, bu qərarın dövlət rəhbərliyi səviyyəsində dəstəklənməsi səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinin dövlət siyasətində diqqət mərkəzində olduğunu göstərir.

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışan mütəxəssislərin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilir. Əməkhaqqı mexanizminin yenilənməsi həm həkimlərin, həm də digər tibb işçilərinin fəaliyyətinin daha yaxşı stimullaşdırılmasına imkan yaradır. Xüsusilə müxtəlif sahələr üzrə çalışan mütəxəssislərin iş yükü və fəaliyyət xüsusiyyətlərinin nəzərə alınması daha çevik və diferensial əməkhaqqı sisteminin formalaşdırılmasına xidmət edir.

Səhiyyənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan əməkhaqlarının artırılması yalnız maliyyə xarakterli dəyişiklik deyil, həm də səhiyyə sisteminin insan resurslarının gücləndirilməsinə yönəlmiş addım kimi dəyərləndirilməlidir. Qərar səhiyyə sahəsində həyata keçirilən ardıcıl islahatların və ümumilikdə dövlətin sosial siyasətinin tərkib hissəsidir.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq. Dəyişikliklər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Bu göstərici qərarın səhiyyə sistemində geniş əhatə dairəsinə malik olduğunu göstərir. Beləliklə, əməkhaqqı mexanizmindəki dəyişiklik müxtəlif istiqamətlərdə çalışan çoxsaylı tibb işçilərinin gəlirlərinə təsir göstərəcək.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu vəsait tibb işçilərinin sosial rifahının gücləndirilməsi və yeni əməkhaqqı mexanizmlərinin tətbiqi üçün əlavə maliyyə təminatı yaradır. Əməkhaqqı fondunun artırılması dövlətin səhiyyə sistemində insan resurslarına əlavə maliyyə ayırdığını göstərən əsas göstəricilərdən biridir.

Yeni sistemdə əməkhaqqı artımları vahid şəkildə tətbiq edilməyəcək. Məbləğlərin müəyyənləşdirilməsində vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınacaq. Bu yanaşma müxtəlif vəzifə və ixtisaslar üzrə çalışan tibb işçilərinin məsuliyyət və fəaliyyət xüsusiyyətləri arasında fərqlərin əməkhaqqında da nəzərə alınmasına imkan verir.

İslahat çərçivəsində xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutulur. Bu istiqamətlərin seçilməsi səhiyyə xidmətlərinin fasiləsizliyi və əhalinin tibbi xidmətlərə çıxışının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Regionlara həkim cəlbi üçün əlavə stimullar

Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunması həkimlərin regionlarda fəaliyyət göstərməsinə marağın artırılmasına səbəb olacaq. Eyni zamanda bu yanaşma kadr çatışmazlığının azaldılmasına və regionlarda yaşayan insanların tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılmasına xidmət edə bilər.

Ümumilikdə, yeni əməkhaqqı mexanizmi tibb işçilərinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, səhiyyə sistemində insan kapitalının gücləndirilməsinə yönələcək. Əməkhaqqının işin xüsusiyyətləri, fəaliyyət göstəriciləri və kadr ehtiyacları nəzərə alınmaqla diferensiallaşdırılması səhiyyə sahəsində çalışan mütəxəssislərin əməyinin daha məqsədyönlü şəkildə qiymətləndirilməsinə imkan verən mexanizmdir.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью